İnsan sevə bilmə qabiliyyətini sevilə-sevilə qazanır...


Həzrət Məhəmməd (s.ə.s) hər cəhətdən kamil bir insandır. Bu baxımdan bir insan ailə həyatı ilə bağlı ən mükəmməl nəzakət qaydalarını Həzrət Peyğəmbərimizin (s.ə.s) həyatından nümunə götürə bilər. Dövrümüzdə bir çox ailə həyatı bu və ya başqa səbəbdən (ən çox da dünya malı uğrunda) dağılır, pərən-pərən olur. Şübhəsiz ki, Həzrət Peyğəmbərimizin (s.ə.s) ailə həyatını yaxşı bilmək günümüzdəki ailə həyatları üçün olduqca vacib məsələdir.
Hər zaman görüşdüyümüz və ünsiyyət qurduğumuz insanlara qarşı gülərüz, mehriban və səbirli olar və özümüzü şüurlu şəkildə buna hazırlayarıqsa, artıq bu davranışlar bizdə vərdiş halına gələr. Beləcə, digər insanlara qarşı da eyni davranışları göstərə bilərik.
Unutmaq olmaz ki, ailənin xoşbəxtliyi uşaqların yaxşı tərbiyəsindən və ər-arvad arasındakı gözəl münasibətdən asılıdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) müsəlmanların həyat yoldaşlarına qarşı gözəl rəftar etmələrini tövsiyə etmiş (Tirmizi, Rada, 11) və bu tövsiyəni ən gözəl şəkildə öz həyatında tətbiq etmişdir.
Həzrət Peyğəmbərimiz (s.ə.s) heç bir xanımının qəlbini qırmamış, onların hər biri ilə tək-tək maraqlanmışdır. Heç bir ər xanımını Həzrət Peyğəmbər (s.ə.s) qədər çox sevmədi. Heç bir ər də xanımı tərəfindən Həzrət Peyğəmbər (s.ə.s) qədər çox sevilmədi. Çünki o xanımlarının qəlbində sonsuz bir bağlılıq və sədaqət hasil etmişdi.
Ümumiyyətlə, qadınlar ərlərindən diqqət və qayğı görmək istəyəndə məramlarını onlardan sual şəklində soruşurlar. Bir gün Həzrət Aişə (r.anhə) bir xanım kimi ərindən eşitmək istədiyi sözləri sual şəklində soruşmuş və Allah Rəsulundan (s.ə.s) eşitmək istədiyi cavabı almışdı (Buxari, Nikah, 9). Həzrət Aişə (r.anhə) çox sevildiyini bilsə də, hər qadın kimi bunu ərindən eşitmək istəmişdi. Əslində, sevgi qarşı tərəfə onun anlaya biləcəyi bir dil və üslubda çatdırılsa, o daha çox dəyər qazanar. Həmçinin, psixoloqlar da sevildiyini hiss etməyin və eşitməyin insanın emosional bir ehtiyacı olduğunu qeyd edirlər. Çünki insan sevə bilmə qabiliyyətini sevilə-sevilə qazanır.
İnsanlar gözəl söz və davranışlardan hər zaman məmnun qalır, təqdir edilməyi və bəyənilməyi hər zaman xoşlayırlar. Təqdir edilmək ər-arvad münasibətlərini də gücləndirir və bu münasibətlərin davamlılığını təmin edir.
Allah Rəsulu (s.ə.s): “Həzrət Aişənin (ümmətim içərisindəki) qadınlardan üstünlüyü tiridin digər yeməklərdən üstünlüyü kimidir” (Buxari, Ətimə, 25) buyurmuşdur. Tirid ət və çörəkdən hazırlanmış yağlı bir yeməkdir. Qidalandırıcı və kalorili olduğuna, həmçinin, çox ləzzətli və asan çeynəndiyinə görə bu yemək ərəblər arasında son dərəcə məqbul hesab edilir. Sağlam və doğru bir fitrətdə yaradılan Həzrət Peyğəmbər (s.ə.s) həmin yeməkdən qəsd edilən mənanı xanımı Həzrət Aişədə (r.anhə) tapdığı üçün tiridi digər yeməklərdən üstün tutmuşdur. Bu baxımdan Allah Rəsulunun (s.ə.s) bu bənzətməsi Həzrət Aişə (a.anhə) anamız haqqında böyük tərif və təqdiri özündə ehtiva edir. Allah Rəsulu (s.ə.s) bu sözləri ilə Həzrət Aişənin (r.anhə) gözəl əxlaqla yanaşı, gözəl xasiyyətə də malik olduğunu bildirmiş, həmçinin, onun sözlərində zəka, görüşlərində mətinlik olduğuna işarə etmişdir.
Qadınlar sevgiyə, onunla maraqlanıb ünsiyyət qurmağa, gözəllik və estetikaya kişilərdən daha çox əhəmiyyət verirlər. Bir qadın sevildiyini və ona dəyər verildiyini hiss edəndə mənən daha güclü olur. Gözəl söz eşitmək, bəyənilmək və təqdir edilmək hər bir qadının xoşuna gəlir, özünə güvənini artırır. Xoşbəxt və məsud insan isə ətrafındakı insanları da məsud və xoşbəxt edir. Xanımlarına böyük sevgi göstərən Həzrət Peyğəmbər (s.ə.s) bəzən onlarla zarafat edər, xoşlarına gələcək müraciət formaları ilə onlara müraciət edərdi. Rəvayətlərdə Allah Rəsulunun (s.ə.s) Həzrət Aişəyə (r.anhə) “Aişə Uveys” (Balaca Aişə-Ayşəcik), “Aiş” və “Humeyra” kimi adlarla müraciət etdiyi qeyd edilir.
Gözəl və düşüncəli hərəkətlər hər bir xanımı sevindirir və ona dəyərli olduğunu hiss etdirir. Həzrət Peyğəmbərimiz (s.ə.s) Xeybərin fəthindən sonra əsir düşən Safiyə ilə evlənmişdi. Səfərdən qayıdarkən Həzrət Peyğəmbər (s.ə.s) bir əbanı həm özü, həm də Safiyə üçün dəvəsinin hörgücü üzərinə dolamış, sonra dəvəsinin yanında oturaraq, dizini yerə qoymuşdu, Safiyə də ayağını Həzrət Peyğəmbərin (s.ə.s) dizinin üstünə qoyaraq dəvəyə minmişdi (Buxari, Buyu, 111). Həqiqətən, bu, çox incə və gözəl bir davranışdır.
Həzrət Peyğəmbərin (s.ə.s) dizini yerə qoyaraq xanımını dəvəyə mindirməsi onun həyat yoldaşına verdiyi dəyəri göstərir. Əri tərəfindən dəyər verildiyini və ona qayğı göstərildiyini hiss edən xanım isə özünü daha xoşbəxt hiss edir və ərinə bağlılığı artır. Bu gözəl və nəzakətli davranış qarşısında Həzrət Safiyə müsəlman olmuşdur.
Bu incə davranışın müasir dövrümüzə baxan tərəfləri də var. Dövrümüzdə xanımını maşına mindirərkən qapısını açan bir şəxsin bu nəzakətli davranışı ilə bir sünnəni yerinə yetirdiyini demək olar. On dörd əsr əvvəl qadına heç bir dəyər verilməyən bir cəmiyyətdə Həzrət Peyğəmbərin (s.ə.s) xanımına qarşı belə bir davranışı böyük bir incəlik və nəzakət nümunəsidir. Bu baxımdan Həzrət Peyğəmbər (s.ə.s) həm çox zərif düşüncəli, həm də qadın ruhundan anlayan bir şəxsdir.
Həzrət Peyğəmbər (s.ə.s) hər bir sözündə, əməl və davranışında əvvəla Uca Yaradanın (c.c.) razılığını, sonra da insanların məmnunluğunu nəzərə alırdı. İnsanlara qarşı xoşrəftar və dözümlü olmaq Uca dinimiz İslamın da tələblərindən biridir. Həzrət Aişədən (r.anhə) gələn rəvayətdə belə deyilir: “Həzrət Peyğəmbər (s.ə.s) namazını qurtardıqdan sonra əgər mən oyağamsa, mənimlə danışardı. Yox, əgər yatmışamsa, o da yan tərəfinə uzanardı” (Buxari, Təqsirus-Salət, 20).
Bir ərin həyat yoldaşının yatmadığını görəndə söhbət etməyə ehtiyacı olduğunu düşünərək onunla danışması onu çox məsud edər və o, ərinin ona dəyər verdiyini hiss edər. Bu hədisin birinci hissəsində deyildiyi kimi qılınan namazda Həzrət Peyğəmbər (s.ə.s) hər iki rükətdə ən azı qırx ayə oxumuşdur. Bu uzun namaz insanı fiziki olaraq yorar və bu yorğunluqla da insan dərhal yatmaq istəyə bilər. Ancaq Həzrət Peyğəmbər (s.ə.s) xanımının da onun üzərində bir haqqı olduğunu nəzərə almış, onu dinləmiş və maraqlanmışdır. Həyat yoldaşını dinləmək və onunla maraqlanmaq isə onun sevgisinin daha da artması deməkdir. Buna görə də, unutmamalıyıq ki, diqqət diqqəti, şəfqət şəfqəti doğurar.
Bir gün süd anası Həlimə uzaq yolları aşaraq Həzrət Peyğəmbəri (s.ə.s) ziyarətə gəlmişdi. Həzrət Peyğəmbərimiz (s.ə.s) xirqəsini çıxararaq yerə sərmiş, süd anası Həliməni xirqəsinin üzərində oturtmuşdu (Əbu Davud, Ədəb, 119-120). Həzrət Peyğəmbərimizin (s.ə.s) nəzakət və zərifliyi hər hansı bir şərtə bağlı olmayan fitri və təbii bir nəzakətdir. Həmçinin, Həzrət Peyğəmbərimiz (s.ə.s) söz, əməl və davranışlarında təkcə öz həyat yoldaşlarına və xanımlarına qarşı deyil, ümumiyyətlə, bütün insanlara qarşı nəzakətli idi.

Fraza jurnalı,
Halim Mustafa

DİGƏR XƏBƏRLƏR

Top