“Qənimət ayları” – Rəcəb, Şaban və Ramazan


Rəcəb, Şaban və Ramazan aylarına dini ədəbiyyatda “Üç aylar” deyilir. İslam dünyasında hər il mənəvi mühitin, ab-havanın hökm sürdüyü və Ramazan bayramı ilə sona çatan üç aylar müsəlmanlara gündəlik həyatlarını sorğulamaq, mənəvi yenilənmək, dini duyğu və yaşamlarını, ibadətlərini daha həssas yerinə yetirmək bacarıq və vərdişləri qazandırır.
Üç ayların özünə xas mənəvi gözəlliklərindən, bu aylarda insan qəlbinə əks olunan zövq və ləzzətlərindən həqiqi mənada dada, həzz ala bilmək üçün əvvəla bu ayların “qənimət ayları” olduğunu bilmək və bu şüura sahib olmaq lazımdır. Gecələr qalxaraq əzm və qərarlılıqla Cənab Allaha (c.c) pənah gətirməyən, gecələr isti yatağını tərk edərək səccadə üzərində Ona (c.c) yönəlməyən, Ona (c.c) dua edib yalvarmayan, bir sözlə təhəccüd namazları ilə gecələrini aydınlandırmayan bir şəxsin Rəcəb, Şaban və Ramazan aylarının gözəlliyini dərindən duyması, bu ayların mənəvi ab-havasından istifadə etməsi mümkün deyil.
Əgər bir insan bu aylarda öz üzərində çalışaraq ibadətlərini həssaslıqla yerinə yetirməyə, Allaha (c.c) bəndə olma vəzifəsini ən gözəl şəkildə icra etməyə çalışmazsa, bu bərəkətli zaman dilimlərinin ifadə etdiyi mənalar səmadan aramsız yağan yağış kimi tökülsə də onun nəsibinə heç nə çatmaz. Hətta başqalarının bu üç aylarla bağlı ən gözəl, çox canlı və parlaq sözləri onun idrakında heç bir məna ifadə etməz. Bu baxımdan qarşı tərəfdə sözün təsirli olması üçün (söylənən sözün dəyərli və qiymətli olması ilə yanaşı) sözün söyləndiyi şəxsin də məsələyə baxışı, niyyəti, anlayış və idrak səviyyəsi burada çox əhəmiyyət daşıyır.
Bu mübarək günlərin üzərimizə yağdırdığı mənəviyyat və bərəkət “yağışı”nı hiss edib yaşamaq üçün ilk növbədə ona inanmaq, ona yönəlmək və təvəccöh etmək lazımdır. Çünki alimlərin dediyi kimi: “Təvəccöhə təvəccöhlə qarşılıq verilir”. Bu baxımdan məsələyə elə yanaşmalıyıq ki, mümkün qədər Rəcəbləşməli, Şabanlaşmalı və Ramazanlaşmalıyıq.
Bəli, bu mübarək aylarla elə bütünləşməliyik ki, onların insan ruhuna dediklərini duya, hiss edə bilək. Bu baxımdan üç aylara səthi yanaşan, könülsüz və ötəri bir gözlə baxan, belə bir “qənimət mövsümü”ndə özünü yeniləməyə səy göstərməyən, hal və hərəkətlərində ciddiyyətdən uzaq insanların bu aylardan istifadə etmələri çox çətindir.
Allah Rəsulu (s.ə.s) digər aylara nisbətən Şaban ayında daha çox oruc tutduğu hədis qaynaqlarında qeyd olunur. Həzrət Aişənin (r.anhə) rəvayət etdiyi bir hədisdə belə deyilir: “Allah Rəsulu (s.ə.s) bəzən o qədər oruc tutardı ki, biz: “Yəqin ki, heç fasilə verməyəcək” deyərdik. Bəzən oruc tutmağa o qədər fasilə verərdi ki, biz deyirdik ki, heç oruc tutmayacaq. Rəsulullahın (s.ə.s) Ramazandan başqa heç bir ayı tam oruc tutduğunu görmədim. Mən onun heç bir ayda Şaban ayı qədər oruc tutduğunu görmədim” (Buxari, Savm, 52).
Allah Rəsulu Şaban ayında çox oruc tutduğu üçün ümmətinə də bunu tövsiyə etmişdir. “Ramazandan sonra ən fəzilətli oruc hansıdır?” deyə sual soruşulanda Allah Rəsulu (s.ə.s): “Ramazan ayına təzim və hörmət əlaməti olaraq Şaban ayında oruc tutmaqdır” cavabını vermişdir (Tirmizi, Zəkat, 28).
Şaban ayının 14-dən 15-ə keçən gecə Bəraət gecəsi adlanır. Bu söz günahsız, təmiz və pak olmaq mənalarına gəlir. Bu ad ona görə verilmişdir ki, möminlərin bu gecə günahlarından qurtularaq paklanacağına ümid edilir.
Üç aylar, yəni Rəcəb, Şaban və Ramazan ayları tövbə aylarıdır. Günahlar ruha yapışan kirlərdir. Ağ paltara kir yapışıb paltarın rəngini dəyişdiyi kimi, ruha yapışan günahlar da ruhu kirləndirir, qapqara hala salır. Bu səbəbdən tövbə ilə günah çirkabını təmizləmək lazımdır. Bəli, bu aylar mübarək və bərəkətli aylardır. Əsas odur ki, insan bu bərəkətli və “qənimət mövsümü” olan aylardan istifadə edə bilsin. İnsanın bu ayların bərəkətindən istifadə edə bilməsi haramlardan təmizlənərək halal çərçivədə yaşamasıdır. “Allahım, Rəcəb və Şaban aylarını bizim üçün xeyirli et və bizi Ramazan ayına çatdır.”

Qeyd: Yazının hazırlanmasında aşağıdakı qaynaqlardan istifadə edilmişdir:
https://islamansiklopedisi.org.tr/uc-aylar
https://islamansiklopedisi.org.tr/receb
https://islamansiklopedisi.org.tr/saban

Qeyd: "Rəcəb, Şaban və Ramazan ayları bizim üçün nə ifadə edir?" başlıqlı digər bir yazını buradan oxuya bilərsiniz.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top