Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürüldü - Yenilənib


“Xural TV”nin həbsdə olan baş redaktoru Əvəz Zeynallının saxlanıldığı təcridxana dəyişdirilib.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

O, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

Hazırda Ə.Zeynallının ibtidai istintaqı davam edir.

Xatırladaq ki, Ə.Zeynallı və vəkil Elçin Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra E.Sadıqov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


***15:30
Yanvarın 31-də “Xural TV”nin təsisçisi, həbsdə olan Əvəz Zeynallının xanımı Məlahət Qisuri Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında növbəti etiraz aksiyasını keçirib.
Yeniavaz.com
“Turan”a istinadən xəbər verir ki, o, Ə.Zeynallanın istintaq təcridxanasından telefonla danışmasına və qohumları ilə görüşünə qoyulan qadağanın ləğvini, evlərində axtarış zamanı götürülən ofis avadanlığının, habelə ailənin övladlarının təhsili üçün nəzərdə tutulan pulların geri qaytarılmasını tələb edib.
Bundan əlavə, M.Qisuri jurnalistin katarakta əməliyyatı olması üçün şərait yaradılmasını tələb edib. M.Qisuri bu gün də eyni tələbləri səsləndirib.
Bildirilib ki, aksiyadan sonra onu İstintaq İdarəsinə, rəis müavini Qasım Məmmədov ilə qəbula dəvət ediblər.
Prokurorluqdan çıxdıqdan sonra M.Qisuri bildirib ki, bu gün həyat yoldaşını Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürürlər və sabah orada onunla görüşə biləcək.
Sabah M.Qisuri öz kompüterini, diktofonunu və mobil telefonunu ala biləcək. Lakin pul vəsaitinin qaytarılması məsələsi həllini tapmayıb.
“Bu pul Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Ə.Zeynallıya təyin edilmiş kompensasiyadır. Amma prokurorluqda deyirlər ki, siz pulu apreldə aldınız və sentyabra qədər xərcləməliydiniz. Arqument yumşaq desək, tutarlı deyil. Biz ailə büdcəsini özümüz idarə edirik və uşaqlarımızın təhsil haqqını ödəmək üçün pul saxlamışıq”, - M.Qisuri deyib.
Göz əməliyyatına gəlincə, prokurorluqdan bildiriblər ki, bu məsələ qurumun səlahiyyətində deyil. Bununla bağlı M.Qisuri Penitensiar Xidmətə müraciət etmək niyyətindədir. Həmçinin Ə.Zeynallının ev dustaqlığına keçirilməsi barədə vəsatət  verilib.
Qeyd edək ki, sentyabrın 10-da Vəkil Elçin Sadıqov və “Xural TV”nin təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib. Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi E.Sadıqovu ev dustaqlığına keçirib. Sonradan Ə.Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Ə.Zeynallının həbs müddəti 3 ay uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top