"Təcridxanada Bəxtiyar Hacıyevə qarşı təzyiqlər başlayıb" - "Müdafiə xətti"


Qanunsuz həbsinə etiraz olaraq 21 gündür aclıq edən Bəxtiyar Hacıyevə qarşı təzyiqlərin başlaması barədə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatına məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Təşkilatın həmtəsisçisi Rüfət Səfərov özünün sosial şəbəkə hesabında məlumat yayıb.
“Dünən vəkillərin təcridxanaya buraxılmaması “dezinfeksiya işləri” ilə əsaslandırılmışdı.
Az əvvəl Bəxtiyar ailə üzvləri ilə danışıb, təcridxanada “dezinfeksiyanın aparılması” barədə xəbəri təkzib edib.
Məlum olub ki, təcridxana rəhbərliyi telefonla danışmaq hüququnu da əngəlləyib.
Bəxtiyar bu hala etiraz etdikdən, belə olan halda quru aclığa keçəcəyi ilə bağlı rəsmi ərizə ilə müraciət etdikdən sonra qısamüddətli telefon danışığına şərait yaradıblar”, - məlumatda deyilir.
Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Dekabrın 29-da isə ictimai fəalın vəkili Aqil Layıc Bəxtiyar Hacıyevin ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırdığını açıqlayıb.
Yanvar ayının 9-da isə o, yenidən aclıq aksiyasına başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top