Qayda pozan avtomobildə xəstə varsa yol polisi necə addım atmalıdır? - Açıqlama


Xəbər verdiyimiz kimi, bu gün mətbuatda yol polisi ilə bağlı yeni iddialar yayılıb. Masallı rayon Bədəlan kənd sakini Kamal Əzizov iddia edib ki, hamilə həyat yoldaşını xəstəxanaya apararkən yol polisi onu saxlayıb. Cərimə barədə mübahisə düşüb. Bu vaxt həyat yoldaşının vəziyyəti pisləşib. Məsələ ilə bağlı  BDYPİ-nin rəsmisi, polis mayoru Rövşən Tağıyevə müraciət etdik.

R. Tağıyev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, qayda pozan avtomobildə hamilə və ya hər hansı bir xəstə varsa ilkin məqsəd cərimələmək deyil:
“Bizim ilkin məqsədimiz insan həyatıdır. Xidmətimizdə insan həyatı həmişə əsas tutulur. Başqa cür ola bilməz, olmağına imkan verilməz. Bu bizim rəhbərliyimizin də üstündə durduğu əsas məsələdir. Masallıda baş verən hadisə isə sadəcə olaraq həmin şəxsin iddiasıdır. Polisin xəstə birisini görüb cərimə barədə fikirləşməsi inandırıcı deyil. Bunu nəinki polis istənilən sadə vətəndaş belə etməz. Ancaq, bu məsələ yenə də araşdırılıb ətraflı məlumat veriləcək. Ola bilsin ki, sürücünün polisə dediyi heç bir narazılığı olmayıb. Yoldaşının narahat olduğu deyilməyib və ya iş işdən keçəndən sonra həmin şəxs yoldaşının narahatlığını qabardıb. Yoxsa normal şəkildə əvvəl qadın xəstəxanaya yerləşdirilib sonra protokol barədə düşünülə bilərdi. Burada cərimə yazmaq gecikən bir şey deyil ki...”
BDYPİ rəsmisi həmçinin bildirdi ki, vətəndaşın aparıldığı iddia edilən narkoloji dispanser fərqli bir məkanda yox, xəstəxanada yerləşir:
“Digər tərəfdən burada başqa bir maraqlı nüans var. Narkoloji dispanser xəstəxananın özündə yerləşir. Əgər yoldaşını xəstəxanaya aparırdısa onsuz da eyni yerə getmiş olacaqdılar. Elə bir yerdə gedərdilər. Yubanma nə üçün olsun?!”.
 

DİGƏR XƏBƏRLƏR

Top