Məşvərət nədir və necə edilməldir?


Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Bir çox məsələlərin həllində məşvərət əvəzolunmaz yerə sahibdir. Məşvərət sözünün əvəzinə müşavirə, iclas, şura və məsləhət kəlmələrindən də istifadə olunur.

Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək son dərəcə faydalıdır. Məşvərət hər hansı bir məsələdə düzgün qərar verməyin ilkin şərtidir. Yaxşıca düşünülmədən, başqalarının fikir və tənqidləri nəzərə alınmadan verilən qərarlar çox vaxt uğursuzluğa düçar olur.
Məşvərəti tanımayan bir insan yüksək qabiliyyətə, fitri istedada malik olsa belə, hər işi məşvərətlə görən, hər fikrini məsləhətləşən adi bir insana nisbətən daha çox xəta edər. İctimai şüurun xüsusi əhəmiyyətə malik olduğu dövrümüzdə ən ağıllı insan məşvərətə əhəmiyyət verən, başqalarının fikirlərindən də faydalanan insandır.
Bir işə təşəbbüs etmədən əvvəl məsləhətləşmək, ətraflı araşdırma aparmaq, səbəblər baxımından nə lazımsa hamısını yerli-yerində etmək lazımdır ki, nəticədə qədərdən şikayət və insanları təqsirləndirmə kimi müsibəti ikiqat artıran zərərli davranışlara, tənqid, qınaq, dedi-qodu, sui-zənnə yol verilməsin.
Məşvərətin də özünəxas qaydaları var. Belə ki, məşvərət zamanı rəhbər və tabeliyində olanlar eyni hüquqlara malikdir. Belə ortamı təmin etmək də rəhbərin vəzifəsidir ki, iştirakçılar fikirlərini rahatlıqla ifadə etsinlər. Yoxsa toplantı məşvərət olmaqdan çıxaraq rəhbərin fikirlərinin təsdiqləndiyi məkana çevrilər. Oradakılar müzakirə olunan mövzulara münasibət bildirmədikdə məsuliyyət daşıyırlar.
Məşvərət insanların xeyri üçün edilməlidir. Dəbdəbəli məkanlar, ləziz yeməklərlə dolu süfrə arxasında edilən məşvərət ordakılara psixoloji təsir edir, onlarda fikir dağınıqlığına səbəb olur. Buna görə də məşvərət olunan yeri seçərkən bunlara diqqət etmək lazımdır.
Ola bilər ki, məşvərətdə hamının fikri eyni olmasın. Belə vəziyyətlərdə əksəriyyətin qənaətinə görə əməl etmək lazımdır. İstər hamılıqla, istərsə də əksəriyyətin fikrinə görə qərar verilsin, qərar qəbul edildikdən sonra ona zidd hərəkət eləmək və alternativ fikirlər söyləmək doğru deyil.
Məşvərəti ehtiyac olduqda etmək lazımdır. Bundan əlavə məşvərəti ancaq tabeliyində olanlarla yox, başqaları ilə də məşvərət edilə bilər. Bu xüsusda konkret bir qayda yoxdur.
Məşvərətdə müzakirə olunacaq mövzular əvvəlcədən təyin olunmalı və heyət bu haqda məlumatlandırılmalıdır. Zaman israfının israfların ən böyüyü olduğu nəzərə alınmalı, iştirakçıların hər dəqiqəsi məşvərətə həsr olunmalıdır. Bir neçə saat ərzində həll ediləcək məsələlər yemək, meyvə və çayla uzadılmamalıdır.
Məşvərətdə nə haqqında danışılırsa, fikir mübadiləsi ancaq həmin mövzu ətrafında aparılmalı əlavə mövzulara girilməməlidir. Çünki bu, vaxt itkisinə səbəb olar.
Bundan əlavə məşvərət zamanı olub-keçənlərdən danışaraq mövzudan yayınmaq da məşvərətin faydalılığını azaldar.
İnsanlar məşvərətə şövqlə gəlməlidir. Ora gələnlər əsla “yenə saatlarla vaxtımız boş yerə gedəcək” - deyə düşünməməlidir ki, bu təqdirdə məşvərəti təyin edənlər bundan məsuliyyət daşıyır.
Məşvərət mübahisə, bir-birini təhqir etmək, kiminsə xətrinə dəymək yeri deyil. Məşvərət insanlar arasında düşüncə və hissləri ən gözəl üslubla, yumşaq dil ilə ifadə olunduğu fikir mübadiləsidir.
Ancaq öz fikirlərini qəbul elətdirməyə çalışmaq, başqalarının düşüncələrini görməzlikdən gəlmək, onların qənaətlərini soruşmamaq məşvərət ədəblərinə ziddir. Hər kəsin fikrini soruşmaq, deyilənlərə hörmətlə yanaşmaq, fikir mübadiləsi aparmaq məşvərətin əsas şərtlərindəndir.
Məşvərət bəzən bir nəfərlə, bəzən də daha çox insanla edilə bilər.
Məşvərətdə işin əhli olanlarla məsləhətləşmək də əsas şərtlərdən biridir. Yoxsa mövzu ilə uzaqdan-yaxından əlaqəsi olmayan şəxslərlə edilən məşvərət bizi yanılda bilər.
Məşvərət zamanı ancaq əldə olunan nailiyyət və uğurlar yox, eyni zamanda buraxılan nöqsanlar və xətalar da danışılmalıdır. Bu zaman sui-zənn və qeybətdən uzaq durmalı, insanları şübhəyə təşviq edəcək nəyəsə səbəb olunmamalıdır.
Hər şeyə şübhəylə yanaşan, yeniliklərə qapalı, pessimist ruhlu, hər şeyi yerli-yersiz tənqid edən insanlarla məşvərətdən uzaq durmalı və ya məşvərət zamanı onların fikirlərinin daha təsirli olmasına mane olmalıyıq.
Xülasə, unudulmamalıdır ki, məşvərətlə görülən işdə bərəkət var. Ağıl ağıldan üstündür. Bir məsələ barədə qərar vermək üçün məsələn dörd nəfər bir araya gəlib məşvərət etsə dörd ağılla düşünmüş, həqiqətləri, xeyiri və ziyanı səkkiz gözlə görmüş, səkkiz qulaqla eşitmiş, dörd qəlblə duymuş olarlar. Məşvərət edilmədən necə gəldi atılan addımlar insanı geri dönüşü mümkün olmayan yola sürükləyə bilər. İşin əhli ilə məşvərət edilməli, zamanın boşa xərclənməsindən uzaq durmalı, alınan qərarlara da əməl olunmalıdır.

Rafiq Məmmədov,
Təhsil eksperti

DİGƏR XƏBƏRLƏR

Top