
"ASAN xidmət" Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara müraciət edib.
Yeniavaz.com xəbər verir ki, müraciətdə bildirilib:
"Yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə xidmətlər göstərilir.
Müvafiq xidmətlər barədə daha ətraflı:
• Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması və oğurlanması halı ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adının dəyişdirilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısının (çipinin) korlanması ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin qan qrupu, göz rəngi və boy ilə bağlı məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi.
Vətəndaşlarımızdan əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaları, mərkəzlərdə növbə gözləmədən xidmətlərdən yararlanmaları məqsədilə "ASAN növbə" mobil tətbiqindən istifadə etmələri xahiş olunur.
Eyni zamanda mərkəzlərə birbaşa müraciət zamanı Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə üstünlük vermələri tövsiyə edilir".
***12:20
Azərbaycanın digər bölgələrində yaşayan Naxçıvan Muxtar Respublikası sakinləri artıq ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişə bilərlər.
Yeniavaz.com-un əldə etdiyi məlumata əsasən, 2022-ci ilin 28 dekabrında ASAN Xidmət Mərkəzlərində Naxçıvan qeydiyyatında olanlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Qeyd edək ki, indiyədək Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişdirməsi Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi. Buna qədər yalnız ildə bir neçə dəfə Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində də bu proses mümkün olurdu. Bu vaxta qədər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək istəyən naxçıvanlılar Muxtar Respublikaya getməli olurdular ki, bu da əlavə xərc və vaxt itkisinə səbəb olurdu.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti də məsələ ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər:
"Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün "ASAN Xidmət" mərkəzlərinə müraciət edə bilərlər".