Xeyirxah əl xeyir görəcək...


İnsan sosial varlıqdır və biz istəsək də, istəmək də, gündəlik həyatımızda kiməsə nəsə verməli, kimdənsə nəsə almalı oluruq. İstəyirik ki, uğurumuzu görüb sevinsinlər. Dərdlənəndə kimlərdənsə təsəlli gözləyirik, istəyirik ki, yanımızda olsunlar, qolumuzdan tutsunlar. Yəni, biz insanlar bir-birimizə möhtacıq, hisslərimiz, duyğularımız bir-birimizə bağlıdır. Hər kəsin kimliyi, yaxşı, ya pis olmağı da elə bu qarşılıqlı münasibətdə üzə çıxır. Yaxşı insan hər kəsin xeyrini istəyər və insanlara kömək etməkdən zövq alar. Özü üçün xeyirli bildiyini başqaları üçün də istəmək, özünün uzaq olduğundan başqalarının da uzaq olmasını istəmək insanlıq göstəricisidir.
Uca kitabımız Qurani-Kərimin bir çox ayəsində bu mövzuya toxunulmuş və müsəlmanlar yardımlaşmağa təşviq edilmişdir. Allah Rəsulu da hədislərində maddi və mənəvi yardımın insan həyatında necə əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.
Allah: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin", - buyuraraq möminləri yaxşılıq və gözəlliyə səsləyir, xeyirli işlərdə çiyin-çiyinə verməyə çağırır. Dolayısı ilə, insanlar qonşuları və müştəriləri ilə yaxşı rəftar edəcək, onların köməyə ehtiyacı olanda da əlindən gələni əsirgəməyəcək. Heç kim başqasının arxasınca quyu qazmayacaq, özü üçün Allahdan nə istəyirsə, dostları və qardaşları üçün də istəyəcək. Çünki bu fəzilətlər imanın kamalına işarə edir.
Allah Quranı-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, infaq, sədəqə, borc, mömin qardaşının maddi-mənəvi bir problemini aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə kimi müxtəlif formaları var.
Bəndəyə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) bu həqiqəti bir hədisində belə bəyan edir: "Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi dərdini aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərdən qurtarar. Kim bir bəndənin ayıbını örtsə, Allah da onun dünyadakı və axirətdəki ayıblarını örtər. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə yardım edər".
Yardımlaşma hər şeydən əvvəl möminliyin əlamətidir. Çünki yardımlaşma məziyyəti onun əxlaqına və xarakterinə çevrilmişdir. O, imkan əl verdikcə insanlara əl tutmağı, kömək etməyi fəzilət bilir.
Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək. Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir: "Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!"
Uca Yaradan Ali İmran surəsinin 92-ci ayəsində isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: "Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız".
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti naminə bütün imkanlarını səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.
Mömin heç vaxt: "İmkanım yaxşı olanda verərəm", - deyib gözləməməli, imkanı qədər verməyə adət etməlidir. Unutmayaq ki, Allah insanı gələcəkdə qazanıb vermək istədiyi şeylərə görə deyil, hal-hazırda əlində olanlara görə hesaba çəkəcək.
Rəbbimiz Maidə surəsinin 2-ci ayəsində: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin", - buyurur. Zəkat verməkdən tutmuş mömin qardaşına gülər üz göstərməyə qədər hər şeyin yaxşılıq sayıldığını düşünsək, dinimizdə yardımlaşmanın sərhədlərinin nə qədər geniş olduğunu görərik.
Ələlxüsus da, bu gün hər kəs Uca Allahın və Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) adını dünyanın hər yerinə yaymaq üçün əlindən gələni əsirgəməməli, bütün imkanlarını səfərbər etməlidir. Yoxsulu bir qarı kimi bir kasa qatıq gətirməli, varlısı Süleyman kimi sərvətini fəda etməlidir. Onsuz da, azacıq imkanını Allah yolunda əsirgəməyən insanlar qat-qat artıq himmət edənlər qədər savab qazanırlar.
Mömin möhtaclara qarşı mərhəmət hissi ilə dolu olmalı, lazım gəlsə, öz dərdini unudub başqalarının dərdini düşünməli və başqalarını özündən üstün tutmağı bacarmalıdır. Allahdan qorxan, Onun rizasını qazanmağa çalışan insanlar kimi xeyirxahlıq etmək, möhtac insanlara əl tutmaq, təbii ki, yüksək nəticələr verəcək.
Sevimli Peyğəmbərimiz Həzrəti Məhəmməd (Ona Allahın salamı olsun!) belə buyurmuşdur:
"...İki küsülünü barışdırmaq bir sədəqədir. Heyvana minmək və ya yükünü yükləmək istəyənə kömək edib onu miniyinə mindirmək, yaxud da əşyasını yükləmək də bir sədəqədir. Gözəl söz demək də bir sədəqədir. Namaza getmək üçün atılan hər addım da bir sədəqədir. Yoldan keçənlərə əziyyət verən şeyləri yoldan təmizləmək də bir sədəqədir."
Hədisi-şərifdə xeyirli hərəkət və davranışların sədəqə olduğu bildirilmişdir. Demək ki, bu nemətlərə bəzi əxlaqi davranışlarla, xeyirxah əməllərlə də şükür etmək olar. Məsələn, insanın namaza gedərkən atdığı hər addım sədəqə sayılır, hər addımın müqabilində dərəcəsi yüksəlir və bir günahı bağışlanır.
Qurani-Kərim Allah rizası düşüncəsi ilə əldən tutmağı, imkansıza yardım etməyi Allaha borç vermək adlandırır. Təsəvvür edirsinizmi, Malikül-Mülk, yəni hər kəsin, hər şeyin sahibi olan Allah bizə sərvət verir və həmin sərvətdən imkansıza yardım etməyi Allaha borc vermək adlandırır. Bu o deməkdir ki, siz bu dünyada Allah rizası düşüncəsi ilə kimə nə verirsinizsə, Allah o verdiğinizin əvəzini qat-qat artığı ilə qaytaracaq. Ola bilsin ki, bu dünyada qaytarmadı, amma əmin olun ki, axirətdə siz o xeyir əməlinizin əvəzini mütləq görəcəksiniz. İnanmaq elə iman etmək deməkdir. Kim bu dediklərimizə nə qədər inanırsa, imanı da elə o qədərdir.
Mömin insan öz din qardaşına zülm etməyəcək, təhlükəyə atmayacaq, köməyinə çatacaq, qüsurunu gizləyəcək. Paltarı yoxdursa, geydirəcək, ehtiyacı varsa, kömək edəcək və bu şəkildə, inşallah, Allahın razılığını qazanacaq. Unutmamalıyıq ki, Allahın razılığına aparan ən mühüm yollardan biri də möhtac qulların könlünü xoş etməkdir.
Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) insanları bir-birinə yaxşılıq etməyə təşviq edir və buyurur ki, yaxşı insan insanlar üçün faydalı olan insandır. Onun həyatı bizim üçün örnəkdir və hər anında insanlığa xidmət var, insanlığa xeyir var. Bizə yaxşılıq etməyi, əldən tutmağı öyrədən ən gözəl müəllim də Peyğəmbərimizdir. Buyurur ki, təbəssüm sədəqədir. Yardım təkcə mal-dövlətlə, pulla deyil. İnsana elə mənəvi dəstək vermək olar ki, o bir anda səndən aldığı o dəstəklə bütün problemlərindən qurtarar, özündə güc, iradə tapar və ən çətin hesab olunan problemlərini həll edər. Bir insana təbəssümlə baxmaq nə deməkdir və niyə sədəqə sayılmalıdır, bu haqda düşündünüzmü? - Təbəssüm etmək ən qısa ifadə ilə "Sən mənim üçün dəyərlisən" deməkdir.
Yaxşılıq edək, əldən tutaq və əmin olaq ki, bu əməllərimizin əvəzini mütləq artığı ilə görəcəyik...

Mahmud Adəmoğlu,
Fraza jurnalı

DİGƏR XƏBƏRLƏR

Top