Mövlam Şıxəliyev hakimə etiraz etdi


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılan iş üzrə ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətlərinin dəlilləri dəqiqləşdirilib.

İclasda Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov vəsatət qaldıraraq prosesə sədrlik edən hakim İlqar Murquzova etiraz verib.

Vəsatət işi araşdıran hakimin oğlunun bu işi aparan Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı olması ilə əsaslandırılıb.

Mövlam Şıxəliyev vəsatəti müdafiə edib.

Məhkəmə vəsatəti rədd edib.

Prosesdə saat 15:30-a kimi fasilə elan olunub.

Qeyd edək ki, general-mayor Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Top