Xəzərin Azərbaycan sahillərində də suiti cəsədləri tapıla bilər - Rəsmi


Dağıstanda Xəzər dənizinin sahilində aşkarlanan Xəzər suitilərinin (Phoca caspica) ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün cəsədlərdən nümunələr götürülüb.

Yeniavaz.com xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev, suiti cəsədlərinin patoloji materialının laboratoriya tədqiqatları aparıldıqdan sonra onların ölüm səbəbinin müəyyən ediləcəyini bildirib.

“Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində suiti cəsədinin olması faktı qeydə alınmayıb, lakin yaxın günlərdə belə vəziyyət gözlənilə bilər, yəni suiti cəsədləri Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilə bilər”.

Qeyd edək ki, Rusiya və Qazaxıstan elmi mərkəzləri ilə aparılan ilkin müzakirələr zamanı hazırki suiti ölümünün 2000-ci ildə it taunu virusu ilə yoluxma nəticəsində baş vermiş kütləvi ölüm halları ilə oxşar olması ehtimalı irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top