
Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik məlumata görə Azərbaycanda ayda adambaşına orta hesabla 308 manat 60 qəpik istehlak xərclərimiz olur. İstehlak xərclərimizin isə cəmi 4 manat 90 qəpiyi və ya 1,6%-ni təhsil üçün xərcləyirik.
Təhsil sahəsi eyni zamanda istehlak xərclərimiz arasında ən az vəsait sərf etdiyimiz istiqamətdir. Müqayisə üçün qeyd edək ki, kafe və restoranlarda xərclədiyimiz pullar istehlak xərclərimizin 6,7%-ni (20,8 manat) təşkil edir və bu da göründüyü kimi təhsilə ayırdığımız vəsaitdən təxminən 4,2 dəfə çoxdur.
Yeniavaz.com-un araşdırmasına görə, istehlak xərclərinin 43,6%-ni (134,7 manat) ərzaq məhsullarının alınmasına yönəldirik. Kafe və restoronlarda xərclədiyimiz pulları da nəzərə alsaq gəlirlərimizin yarısını yeyib-içməyə xərcləyirik.
Xəbəri rus dilində oxuyun: На что мы должны тратить больше денег: на наш мозг или желудок?
Maraqlı və diqqət çəkən məqam odur ki, son 3 ildə əsas istiqamətlərdə istehlak xərclərimiz artdığı halda təhsil xərclərimizdə azalma olub.
Müqayisə üçün 2019-2021-ci illərdə adambaşına düşən aylıq istehlak xərclərimizi təqdim edirik:
İstehlak xərcləri (aylıq) | 2019-cu ildə | 2021-ci ildə | ||
Məbləğ | Ümumi xərclərdə payı | Məbləğ | Ümumi xərclərdə payı | |
ərzaq məhsullarına | 129,2 azn | 41,5 % | 134,7 azn | 43,6 % |
alkoqollu içkilərə | 1,6 azn | 0,5 % | 1,8 azn | 0,6 % |
tütün məmulatlarına | 4,3 azn | 1,4 % | 4,4 azn | 1,4 % |
paltar və ayaqqabıya | 18,4 azn | 6,2 % | 18,7 azn | 6,1 % |
səhiyyə xidmətlərinə | 14,4 azn | 4,8 % | 16,4 azn | 5,3 % |
nəqliyyat xidmətlərinə | 19 azn | 6,4 % | 20 azn | 6,5 % |
rabitə xidmətlərinə | 9,7 azn | 3,2 % | 10,3 azn | 3,3 % |
istirahət və mədəniyyət xidmətlərinə | 12,7 azn | 4,3 % | 11,4 azn | 3,7 % |
mehmanxana, kafe, restoran xidmətlərinə | 26,8 azn | 9 % | 20,8 azn | 6,7 % |
təhsil xərclərinə | 5,5 azn | 1,8 % | 4,9 azn | 1,6 % |
Onu da qeyd edək ki, həm təhsil, həm də digər istehlak xərcləri iqtisadi rayonlarda müxtəlif olub. Məsələn, Naxçıvan iqtisadi rayonunda (Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları) ərzağa sərf olunan pullar ümumi xərclərin 45,3%-nə (139,1 manat), təhsilə sərf olunan vəsait isə 1,6%-nə (5,9 manat) bərabər olub.
Bu göstərici iqitisadi rayonlarda aşağıdakı kimi olub:
İqtisadi rayonlar | Ərzaq məhsullarına (aylıq) | Təhsil xərcləri (aylıq) |
Bakı şəhəri | 150,4 azn | 5,3 azn |
Naxçıvan MR (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları) |
139,1 azn | 5,9 azn |
Abşeron-Xızı (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) |
137,1 azn | 5 azn |
Dağlıq Şirvan (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları) |
129,3 azn | 5,4 azn |
Gəncə-Daşkəsən (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları) |
131,3 azn | 6,4 azn |
Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) |
122,1 azn | 3,6 azn |
Qazax-Tovuz (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları) |
133,5 azn | 4,5 azn |
Quba-Xaçmaz (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları) |
132,9 azn | 4,1 azn |
Lənkəran-Astara (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları) |
132,1 azn | 4,9 azn |
Mərkəzi Aran (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları) |
123 azn | 5,2 azn |
Mil-Muğan (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları) |
123,2 azn | 3,8 azn |
Şəki-Zaqatala (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları) | 130,1 azn | 3,6 azn |
Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) | 143,5 azn | 6,8 azn |
Şirvan-Salyan (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) | 120,6 azn | 5,4 azn |
Açıqlanan rəsmi statistikadan da göründüyü kimi, Azərbaycanda ərzaq məhsullarının alınmasına sərf olunan vəsait ilə təhsil xərclərinə sərf olunan vəsait arasında kəskin fərq var. Ümumi ölkə üzrə açıqlanan rəqəmlərə baxdığımız zaman görürük ki, ərzaq məhsullarının alınmasına sərf olunan vəsaitin istehlak xərclərindəki payı təhsil xərclərinə sərf olunan vəsaitin istehlak xərclərindəki payı arasında 42 faiz bəndi fərq var:
İstehlak xərclərində ərzaq məhsullarının payı | İstehlak xərclərində təhsil xərclərinin payı | Fərq |
43,6 % | 1,6 % | 42 faiz bəndi |
İnkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrdə bu fərq əksər hallarda daha aşağı olur. Müqayisə üçün bəzi Avropa ölkələrindəki mövcud statistikanı təqdim edirik:
Ölkələr |
İstehlak xərclərində ərzaq məhsullarının payı | İstehlak xərclərində təhsil xərclərinin payı | Fərq |
Lüksemburq | 9,5 % | 1 % | 8,5 faiz bəndi |
Almaniya | 11,9 % | 0,9 % | 11 faiz bəndi |
Danimarka | 12,2% | 0,9 % | 11,3 faiz bəndi |
İslandiya | 13,6 % | 1,1 % | 12,5 faiz bəndi |
Malta | 15 % | 2 % | 13 faiz bəndi |
İspaniya | 15,8 % | 1,8 % | 14 faiz bəndi |
Unutmayaq ki, təhsil təkcə ölkələrin sosial-iqtisadi və sosial-mədəni inkişafında deyil həmçinin təhlükəsizliyində, davamlı inkişafında, məşğulluğun təmin olunmasında, yoxsulluğun azaldılmasında və s. mühim yer tutan fəaliyyət sahəsidir. Çünki ixtisaslı kadrların ortaya çıxardığı maddi və mənəvi dəyərlər, ixtisası olmayan insanın ortaya çıxardığı dəyərlərdən fərqlidir. Eyni zamanda onların gəlirləri arasında da ciddi fərqlər mövcuddur. İxtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına yatırılan sərmayədir. Başqa formada bu, insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalını formalaşdırır. Ümumiyyətlə dünyada insan kapitalı ən çox gəlir gətirən investisiya hesab olunur. Bu baxımdan indiki dövrdə təhsilin keyfiyyətini yüksəltməyə çəkilən xərclər vacib məsələlərdən biridir. Qazanılan biliklər insanın ömür yolunda onu daim müşaiyət edir və sosial rifahını yaxşılaşdırır.
Təsadüfi deyil ki, istənilən ölkədə təhsilə xərclənən vəsait həmin ölkədə əsas iqtisadi göstərici olan adambaşına düşən ümum daxili məhsul (ÜDM) ilə düz mütanasibdir.
Aşağıdakı cədvəldə adambaşına düşən ÜDM-nin ən yüksək və ən aşağı səviyyədə olduğu 10 ölkədə, həmçinin region ölkələrində adambaşına düşən təhsil xərcləri və adambaşına düşən ÜDM-ni təqdim edirik:
Ölkələr | Adambaşına düşən təhsil xərcləri | Adambaşına düşən ÜDM |
Monako | 8 684 dollar | 173 688 dollar |
Lixtenşteyn | 3 550 dollar | 169 049 dollar |
Lüksemburq | 11 804 dollar | 135 682 dollar |
İrlandiya | 13 187 dollar | 99 152 dollar |
İsveçrə | 14 672 dollar | 93 457 dollar |
Rusiya | 1 741 dollar | 12 172 dollar |
Qazaxıstan | 1 416 dollar | 10 041 dollar |
Türkiyə | 1 190 dollar | 9 586 dollar |
Azərbaycan | 620 dollar | 5 384 dollar |
Gürcüstan | 565 dollar | 5 042 dollar |
Ermənistan | 388 dollar | 4 670 dollar |
İran | 637 dollar | 2 756 dollar |
Burundi | 12 dollar | 237 dollar |
Somali | - | 446 dollar |
Mozambik | 90 dolar | 500 dollar |
Mərkəzi Afrika Respublikası | 46 dollar | 511 dollar |
Madaqaskar | 80 dollar | 515 dollar |
mənbə: Dünya Bankı
A. Cəfərov