Ələ salmaq...


Milli adət-ənənələrimizdə insanların bir-birini ələ salması, ayıblaması, qınaması və bir-birinə xoşagəlməz ləqəblər qoşması xoş qarşılanmır. Bir nəfərin hərəkətini və sözünü başqalarına demək, söz gəzdirmək, işarə etmək, jest və mimikalarla göstərmək, kiminsə görkəminə gülmək, söz atmaq onu ələ salmaq sayılır. Bir kimsəyə bəzi qüsurlu ya da əskik yanlarına görə lağ etmək, onun hər hansı zəif nöqtəsini dilə dolayıb əylənmək, başqalarına qarşı hörmətsiz, diqqətsiz, lağlağayla davranmaq pis xasiyyətdən qaynaqlanır. Hər şeyə gülmək, sırf gülünsün deyə yalandan hadisələr uydurmaq, özünü yüngül aparmaq, gördüyü hər şeyi və hər kəsi lağa qoymaq bizim əxlaq anlayışımızda yoxdur. Başqalarını ələ salmaq, onlara istehza etmək ən böyük tərbiyəsizliklərdəndir və bu, insanların arasını vurar, münaqişəyə səbəb olar.
İnsan yaradılmışların ən üstünüdür və o, hörmətə, sevgiyə layiqdir. İnsanlar çalışmalıdır ki, münasibətlərini qarşılıqlı sevgi və səmimiyyət üzərində qursunlar. Bu da alınmayanda ən azından etik normalara riayət edilməli, nəzakət qaydalarına əməl olunmalıdır.
Müqəddəs kitabımız Qurani-Kərimdə də: “Sizdən biriniz digərini məsxərəyə qoymasın. Ola bilər ki, onlar sizdən daha üstündürlər. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın” deyə buyurulur.
Başqalarını məsxərəyə qoyanların yanında adətən onunla gülüb-əylənən və dostluq edən özü kimiləri olur, beləcə, bu fərdi "xəstəlik" ictimai xəstəliyə çevrilir.
Xoş rəftarı təbiətimiz halına gətirməliyik. Ciddi olaraq da, zarafatyana da insanların xətrinə dəyməməliyik. Söz, davranış, hətta işarətlə belə insanları arxadan çəkişdirməməliyik. Başqalarının heysiyyətinə toxunan hər cür qeybət, iftira, təhqir onlara deyil, bunu edənin özünə zərər vurar və onu hörmətdən salar.
Biz hər zaman bir araya gələndə boş və mənasız söhbətlərdən uzaq durmalı və faydalı danışıb, faydalı zaman keçirməliyik. Bu o demək deyil ki, gülüb əylənməyəcəyik. Şən olmaq başqa şeydir, yüngül olmaq başqa. Səviyyəli insanların səviyyəsiz zarafatlarla işi olmaz.
Başqasının ayıblandığı yerdə mütləq o insanın tərəfini tutmaq və bunu edənlərə üsulunca xəbərdarlıq etmək, bu da mümkün olmasa, oradan uzaqlaşmaq lazımdır. Ayıblayan haqlı belə olsa, hamının içində qınamağının xeyirxah bir açıqlaması ola bilməz.
Biz mütəmadi olaraq ciddi bir insan kimi yaşamalı, gedib-gələrkən, oturub-durarkən, həmçinin söhbət mövzularımız, məsələlərə yanaşma tərzimiz, üslubumuz, səs tonumuz olaraq ətrafdan nəzər salanlara “bərəkallah” dedirtməliyik. Zaman nə qədər inkişaf edir etsin ən müasir, ən dəbdəbəli, modern və ən xoş görünən gənc bu gənc olacaqdır, bu dəyişməyəcəkdir.
Əlbəttə ki, biz bəzən heç ummadığımız şəkildə cahil davranışlarla qarşılaşa bilərik. O zaman da onların səviyyələrinə fikir vermədən yolumuza davam etməli, hər zaman ağırbaşlı olmalı, sataşanlara qoşulmamalıyıq. Olduğumuz yerdən asılı olmayaraq hər zaman örnək insan olmağa çalışmalıyıq.
Unutmayaq ki, qeyri ciddi və laqeyd insanın Vətən və millət üçün faydalı və müsbət edə biləcəyi heç bir şey yoxdur.

Təhsil eksperti, BSU-nun doktorantı, Zəka Kurslarının direktoru Rafiq Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top