
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Yazıçılar Birliyinin qurultayında jurnalistin qurultayın keçirilməsi üçün ayrılan vəsaitlə bağlı suala Xalq yazıçısı Çingiz Abdullayevin verdiyi cavab müzakirələrə və tənqidlərə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz məsələyə münasibət bildirərkən, jurnalistin almaq istədiyi məlumatın qanunvericiliyə görə açıq informasiya olduğunu bildirib.
“Maraqlıdır ki, jurnalistin Xalq yazıçısı Çingiz Abdullayevdən sorğuladığı məsələ qanunvericiliyə görə açıq informasiyadır. Sözügedən vəsait ictimai olduğundan onunla bağlı informasiyalar da, kiminsə sorğulamasından asılı olmayaraq məcburən açıqlanmalıdır, əlçatan olmalı, internet resursda yerləşdirilməlidir.
Bu baxımdan təmsil etdiyi qurumun mövcud normalara zidd olaraq açıqlamadığı bir məsələni sorğulayan jurnalistə qarşı yazıçımızın sərgilədiyi münasibət heç bir halda doğru bir yanaşma deyil, məqbul hesab etmirəm və bölüşmürəm. Hörmətli Xalq yazıçımıza da yaraşdırmadım bunu.
Normalda necə olmalıydı? Düşünürəm ki, qurumda məsul vəzifə daşıyan Çingiz Abdullayev jurnalistin öncədən bu tip açıq informasiyaları əldə edə bilmədiyinə münasibət sərgiləməli, üzrxahlıq etməli, bu tip açıq informasiyaların mənbəyini qeyd etməklə vəsaitdən istifadə ilə bağlı məlumatlarını bölüşə bilərdi”, - deyə o, özünün sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, jurnalistin AYB-nin qurultayının keçirilməsi üçün ayrılan 203 min manat pulun hesabatı ilə bağlı sualına Ç. Abdullayevin “Utanıb ölmürsən?” deyə cavab verməsi ölkədə gündəm olub.