Şagird çantalarının ağırlığı normaya uyğundur? - "Skolioza səbəb ola bilər" - Video


Sosial şəbəkələrdə Azərbaycanda orta məktəb şagirdlərinin dərs vəsaitlərini daşıdığı çantaların ağırlığı müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb sosial şəbəkə istifadəçilərindən birinin məsələyə diqqət çəkmək üçün yaydığı görüntülər olub.
Kadrları yayan şəxs deyir ki, "11 yaşında uşaq 15 kiloqramlıq çanta daşıyır, bu qədər ağır çantaları uşaqlara rəva görmək olmaz".
Xəbəri rus dilində oxuyun: Соответствует ли норме вес школьных рюкзаков?: "Может вызвать сколиоз" - Видео
O bunu deyərkən əlində 5-ci sinif şagirdinə məxsus məktəbli çantası tutub.
O, həmçinin qeyd edir ki, "birinci uşaqların sağlamlığını qorumaq lazımdır".
Həkim-fizioterapevt Gülnar Əhmədli Yeniavaz.com-a açıqlamasında bildirib ki, kitabların, test vəsaitlərinin ağır olması uşaqlarda bel və boyunda ağrılara, duruş pozğunluqlarına, sinir sıxışması və skolioza səbəb ola bilər. Həkim tövsiyə edir ki, kürək çantaları hər iki çiyindən düz olaraq asılmalı və 20 dəqiqədən çox daşınmamalıdır.
Təhsil eksperti Elşən Qafarov isə deyir ki, hazırkı dövrdə məktəbli çantaları normativlərdən qat-qat ağırdır:
“Belə ki, bu çantalar şagirdin öz çəkisinin 10 faizindən çox olmamalıdır”.
Ekspert həmçinin bildirir ki, "Prezident İlham Əliyevin 2013-cü il,  24 oktyabr  tarixində verdiyi sərəncama əsasən, 1-9-cu sinif şagirdlərinin planşetlə təmin olunması məsələsi 2020-ci ilə qədər öz həllini tapmalı idi. Şagirdlər planşetlə təmin olunsalar, ağır çanta problemi birdəfəlik aradan qalxar".
Məsələ ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-Pedoqoji Tədqiqatlar Mərkəzinin direktoru İlham Cavadov Yeniavaz.com-un sorğusuna cavab olaraq deyib ki, şagirdlərin çantasının çəkisinin azalması məqsədilə real addımlar atılır:
“V sinifdə 12 fənn tədris olunur. Bu fənlərdən 11-nin dərsliyi var,  fiziki tərbiyə fənnindən isə dərslik yoxdur. Tədris planına əsasən,  V siniflərdə həftəlik  25  saat nəzərdə tutulub. Belə olan halda 5 günlük iş həftəsi ilə tədris təşkil olunan məktəblərdə şagird həftənin 3 günü 5, 2 günü isə 4 dərslikdən istifadə edir. Bu kitabların 5-i bir yerdə 1,650 kq, 4-ü bir yerdə isə 1,400 kq təşkil edir. Şagirdin hər gün məktəbə 3 və ya 4 yazı dəftəri və bir gündəlik də aparmasını nəzərə alsaq, ümumilikdə 2-2,5 kq civarında bir çantanın olması ehtimalı var".

Ləman Salehova

DİGƏR XƏBƏRLƏR

Top