"Kimsə məndən həmin tezislər əsasında yazı yazmağımı gözləməsin" - Şahin Cəfərli


"Son vaxtlar qəribə tendensiya hiss edirəm. Faktı və həqiqəti yazırsan, insanlar ciddi şəkildə qıcıqlanır və qəzəblənir".
Yeniavaz.com 
xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında yazıb.
"Yəni sırf soyuq həqiqəti və faktı yazdığımıza görə hücumlara, bəzən isə təhqirlərə məruz qalırıq.
Məsələn, yazıram ki, Fransanın Ermənistana (ermənilərə) dəstəyi sırf siyasi, hətta ritorika səviyyəsindədir, Makronun açıqlamaları isə Fransa hökumətinin bugünkü real siyasəti ilə uzlaşmır və daxili publikaya (çoxsaylı erməni icması və onların təsiri altında olan çevrələrə) yönəlib.
Cavab gəlir ki, yox, Fransa Ermənistana hər zaman ən böyük dəstəyi verən dövlət olub və indi də bütün gücü ilə ermənilərin arxasındadır, siz niyə Fransanı müdafiə edirsiniz?
Yaxşı, onda gəlin, mən sizə Fransanın Ukraynaya dəstək barədə son qərarlarını sadalayım, müqayisə edin, görün əsl dəstək necə olur:
- LRU M-270 (HİMARS-ın fransız versiyası) sistemləri;
- CAESAR uzaqvuran artilleriya sistemləri;
- Crotale HHM sistemləri;
- TRF-1 topları;
- 2000 Ukrayna əsgərinə Fransada hərbi təlim verilməsi;
- Fransa hərbi sənayesindən istədiyi silahları alması üçün Ukraynaya 100 milyon avro qrant yardımı ayrılması...
Müharibənin əvvəlindən bəri isə Fransa Ukraynaya çoxlu sayda antitank silahları, daşınan ZRK-lar, yenə dünyanın 2-3 ən müasir özüyeriyən artilleriya sistemlərindən olan CAESAR-lar, tibbi ləvazimatlar göndərib, 300 milyon avro birbaşa maliyyə yardımı ayırıb.
Bundan başqa, Avropa Birliyinin Ukraynaya ayırdığı və ayırmağa davam etdiyi milyardlarla avro həcmində yardımlar, bilirsiniz ki, Fransanın dəstəyi olmadan mümkün deyil. Fransa Almaniya ilə bərabər AB fondlarının ən iri sponsorudur. Fransa Ukraynanın AB-yə namizəd ölkə statusu almasını da dəstəklədi, Parisin razılığı olmadan belə bir qərarın qəbulu mümkün deyildi.
Bu səviyyədə yardımlar indiyədək Ermənstana edilibmi? Yox, heç 1%-i də edilməyib. (Bundan sonrakı mərhələdə bəlkə edəcəklər, onu deyə bilmərəm.) Fransanın Ermənistana xüsusi bir ciddi, real, praktik dəstəyi yoxdur deyəndə məhz bunları nəzərdə tuturuq, bəyanatları yox.
Kimsə deyə bilər ki, mənim üçün daha önəmli olan real addımlar yox, bəyanatlar, Fransa parlamentinin qəbul etdiyi və ya gələcəkdə qəbul edəcəyi deklarasiyalardır və bu səviyyədə erməniləri ən çox dəstəkləyən ölkə Fransadır. Tamam, bu mövqe ona inananların müstəsna hüququdur və belə düşünməyə davam edə bilərlər. Amma mən qatılmıram.
Digər mövzu isə Türkiyə ilə bağlıdır.
Yazıram ki, indiki Türkiyə hökumətinin qlobal vizyonu Putin Rusiyasının vizyonu ilə yaxınlıq təşkil edir, iki ölkə münasibətlərinin strateji xarakteri və mahiyyəti getdikcə güclənir. Bəzi insanlar, hətta siyasətçilər (anonim yazmağı xoşlamıram, məsələn, REAL lidelərindən biri olan Natiq Cəfərli) ciddi şəkildə qıcıqlanır, haqqımda təhqiramiz ifadələrdən istifadə edir, Türkiyə dövləti və hökumətinin siyasəti haqqında manipulyativ fikirlər yaydığımı söyləyirlər. Halbuki mən bilavasitə Türkiyə prezidentinin sözçüsü və baş müşavirinə (dövlətin de-fakto 2-ci adamıdır) istinadən paylaşım etmişəm, yəni faktı yazmışam. Sonra da Natiq bəy özü götürüb, Rusiya-Türkiyə strateji enerji əməkdaşlığı barədə uzun uzadı yazı yazaraq dolayısı ilə məni təsdiqləmiş olur. (Yeri gəlmişkən, o ideyanın perspektivi yoxdur.)
Dəfələrlə demişəm ki, Türkiyə haqqında Sakarya türküsünün sədaları altında populist yazılar gözləyənlər üçün mən doğru ünvan deyiləm, çünki Türkiyə problemləri haqqında çoxlarının xoşuna gəlməyəcək məqamları da yaza bilərəm və yazıram. Bunu da düşünün: istəsəm, mən də başımın rahatlığı, yaxud şəxsi mənfəət naminə (Türkiyə səfirliyinin diqqətini çəkmək məqsədilə) çox asanlıqla Türkiyə haqqında romantik, sloqanik, ədəbi-bədii qeydlər paylaşa bilərəm, minlərlə like də toplayaram. Amma bu mənə lazım deyil. Həm doğruları paylaşmaq, həm də prosesləri şəxsi mənafe güdmədən öz anladığım, inandığım şəkildə şərh etmək mənim vazkeçilməz prinsipim və qırmızı xəttimdir. Şərhlərim yanlış ola bilər, olur da. Amma bu, mənim mövqeyimdir. Populist ictimai rəy basqısı ilə bu mövqeyimi dəyişən deyiləm, Türkiyəni sevsəm də, türkiyəçiliyin də əleyhinəyəm.
Başqa bir tərəfdən, mən "yuxarı"dan mediaya, QHT nümayəndələrinə və siyasətçilərə ötürülən tezislərdən xəbər tuturam. Kimsə məndən həmin tezislər əsasında yazı yazmağımı və mövqe bildirməyimi gözləməsin. Ola bilər ki, bəzən mövqeyim həmin tezislərə uyğun gəlsin, o ayrı məsələ...", - deyə politoloq qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top