Şəhidlik uca, ülvi məqamdır, müqəddəsliyə çatmaqdır...


Şəhidlik məqamı, şəhidlərin mənən ölməzliyi barədə bir Quran ayəsində belə buyurulur: “Allah yolunda öldürülənlərə “ölülər”­ deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz” (Bəqərə, 2/154).
Şəhid sözü ərəbcə bir kəlimədir, şahidlik edən, Allahın verdiyi vədləri axirətdə, o biri dünyada öz gözləri ilə görən mənasına gəlir.
Şəhid sayılan, şəhid hökmündə olan bir çox təbəqədən insanlar var. Misal üçün, ümum insanlıq naminə yüksək qayə və məfkurə uğrunda, din, vətən uğrunda döyüşərkən, eyni zamanda ailəsini, namusunu, malını, dövlətini qoruyarkən öldürülən insanlar şəhid sayılırlar. Şəhid olma hadisəsinə isə “şəhadət” deyilir.
Ölkələr, dövlətlər, ümumiyyətlə insanların üzərində yaşadıqları torpaq parçaları, oranı qoruyan, müdafiə edən, uğrunda canlarından keçən şəhid və qazilərin bu qəhrəmanlıqları ilə öz varlıq və kimliyini qazanır, izzət və şərəfini muhafizə edir, mövcudluğunu davam etdirirlər.
Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır, eyni zamanda hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu bəzən qısa olsa da, həm şərəfli, həm də hər kəs üçün nümunəvi yoldur.
Əsrlər ötür, nəsillər bir-birini əvəz edir, ancaq bizə qələbə sevinci bəxş edən şəhidlərimiz, torpaq uğrunda canını fəda etmiş oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik məqamına yüksələnlər aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayırlar. Hər bir Azərbaycan vətəndaşı qürur mənbəyimiz olan şəhidlərimizin keçdiyi həyat yolunu öyrənməli və gələcək nəsillərə ötürməlidir. Belə igid oğulları olan Vətən yenilməz, məğlubedilməz və güclüdür.
Şükür Allaha ki, gözəl Azərbaycanımızın mərd, torpağını, yurdunu anası qədər sevən insanları var. Tarixin bütün səhifələrinə baxsaq, görərik ki, babalarımız, atalarımız, oğul və qızlarımız hər zaman əldə silah yurdumuzu qorumuş, bizə qədər gətirib çatdırmışlar. Hər zaman çətin anlarda bu oğullar üzə çıxıb doğma Vətənimiz üçün düşmənlə mübarizə aparmış, lazım olduğu təqdirdə canlarını da fəda edib şəhidlik zirvəsinə ucalmışlar.
Müasiri olduğumuz dövrdə bəzən bu kimi fikirlər səslənir: “İndiki gənc nəsil korlanıb”, “əsl kişilər artıq keçmişdə qaldı” və s. Ancaq II Qarabağ müharibəsi bizə bir daha göstərdi ki, əslində Azərbaycanımızın hər zaman igid, cəsur, əxlaqlı, imanlı gənc nəsli olub və olacaq. Bu nəsil bizə yaşamaq üçün bir daha ümid verdi, inamımızı, cəsarətimizi artırdı, yenilədi. Bu müharibədə biz həddindən artıq fədakarlıq, əzm, iradə, mərdlik nümunələri gördük. Hər kəs birləşdi, kimin nəyə gücü çatdı isə onu artıqlaması ilə etdi. Əsgər və zabitlərimiz həm müharibə meydanında, həm də ağır yaralanıb xəstəxanalara yerləşdiriləndə döyüş yoldaşlarının həyatını öz canlarından üstün tuturdular.
Arxa cəbhədə insanlar yardımlar topladı, köməkləşdilər, əsgərlərimizə dualar edildi, ordumuz da bütün varlığı ilə torpaqlarımızı azad etdi. Şəhidlər verdik, yaralandıq, amma sınmadıq, ayaqda durmağı bacardıq. Tarix belə bir yardımlaşmaya, Vətən üçün ölümə atılmağa, fədakarlığa az şahid olmuşdur.
Böyük türk şairi Mehmet Akifin bir şeirində belə deyir:

Sahibsiz olan bir Vətənin batması haqdır,
Sən sahib olarsan, bu Vətən batmayacaqdır!


İgid oğul və qızlarımız bu birliyi, bərabərliyi həm sözdə, həm də əməldə göstərdilər. Qanları, canları bahasına Vətənə sahib çıxdılar.
Ey gəncliyimiz, şəhidlərimiz, qazilərimiz bu gün torpaqlarımızda sizin sayənizdə alnıaçıq, qürurla, şərəflə gəzirik!

Dağların qoynunda soldu çiçəklər,
Söndü dan ulduzu, min bir diləklər.
Kamını almadan köçdü ürəklər,
Qəlbimdə qubardı, candı şəhidlər!

Kasıb daxmaların zəngin insanı,
Vətən, Vətən, - deyə tapşırdı canı.
Hər kəsdən üstündür bir damla qanı,
Ən böyük şöhrətdi, şandı şəhidlər!

Göylərdən ucadı, məqamı ulu,
Əməli salehdi, imanla dolu.
Nə böyük zirvədir şəhadət yolu,
Hər iki aləmə xandı şəhidlər!


Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin, əsgər, gizir və zabit heyətimizi qorusun!

Təhsil eksperti, BSU-nun doktorantı, Zəka Kurslarının direktoru Rafiq Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top