Rəssamlıq edən süni intellekt – “DALL·E 2”


“DALL·E 2” süni intellekti rəssamlıq edir, deyilən hər şeyin rəsmini original və real təsvirlərdə olduğu kimi, hətta sənət əsərləri səviyyəsində çəkə bilir.

Yeniavaz.com xəbər verir ki, məşhur video bloger Barış Özcan yutub paylaşımlarından birini bu mövzuya ayırıb.
Videoblogerin həmin çıxışını şəkillərlə birgə təqdim edirik:
“Bu yaxınlarda təqdimat hazırlayırdım və mənə xüsusi bir şəkil lazım oldu. Astronavt kostyumunda Saturn planetinin yaxınlığında delfin şəkli tapmalı idim. Təbii ki, axtarış sisteminə “Saturnda astronavt kostyumunda delfin” yazıb axtaranda heç nə tapa bilmirsən. İngilis dilində axtarsanız belə, çox şey çıxmır. O zaman biz nə edə bilərik? Kompüterdən bizim üçün belə bir şəkil çəkməyi xahiş edə bilərik.
Keçən il video təqdimatların birində “dediyiniz hər şeyi çəkən süni intellekt” barədə danışmışdım. Həmin süni intellekt ən absurd istəkləri, misal üçün “ilbiz hamburger” çəkmək istəyinizi belə məharətlə yerinə yetirə bilir.
Keçən həftə bəhs etdiyim süni intellektin yeni versiyası “DALL-E 2”-in tanıtıldı. Bu dəfə o, daha qısa müddətdə daha yüksək və daha keyfiyyətli nəticələr əldə edə bilir. “Saturnda astronavt paltarında delfin” dediyiniz zaman sizə belə bir görüntü təqdim edir.

Süni intellektə: “Üzünün yarısı robot, digər yarısı isə Salvador Dalinin portreti olan rəsm çəkə bilərsənmi?” deyə soruşsan, çox qısa müddətdə bir deyil, onlarla müxtəlif versiyalar hazırlayır.

“DALL·E 2” süni intellektinin məharəti, edə bildikləri təkcə rəsm kimi illüstrasiyalar çəkməkdən ibarət deyil. O, həm də son dərəcə real fotoşəkillər çəkə, istehsal edə bilir. "Tayms meydanında skeytbord sürən oyuncaq ayı" şəkillərinə diqqətlə baxaq. Bu şəkillər sizi aldatmasın. Bunların heç biri bir fotoqraf tərəfindən çəkilməyib. Bu şəkillərin hamısı kompüter alqoritmi tərəfindən “xəyal” və “təsəvvür” edilib.

Oyuncaq ayı nümunəmizlə davam edək. Gəlin “DALL·E 2” süni intellektindən çox çılğın bir şey çəkməsini xahiş edək. Qoy bizə oyuncaq ayıları "alimlər kimi köpüklü kimyəvi maddələri qarışdıran", lakin "1990-cı illərin şənbə səhəri cizgi filmləri"nə bənzər tərzdə göstərsin. Dediyim kimi, bir yox, onlarla alternativ nəticə verir.

Məni ən çox həyəcanlandıran hissə “DALL-E 2” süni intellektinin şəkilləri redaktə etməsi oldu. O, kölgələri, günəş şüalarını, məkandakı əşyaları nəzərə alaraq istənilən təsvirə istədiyiniz hər şeyi əlavə edə bilir. Tutaq ki, siz dizaynersiz və hazırladığınız təsvirə yeni obyekt əlavə etmək istəyirsiniz. Bunun üçün siz ümumiyyətlə klassik dizayn iş prosesində olduğu kimi hər şeyi, hər detalı mexaniki üsulla Photoshop-da daxil etməlisiniz. Misal üçün sizin interyer dizaynınızda bir hovuz var və siz oraya bir flaminqo aksessuarı əlavə etmək istəyirsiz. “DALL-E 2” süni intellektində bunun üçün flaminqo rəsmini sadəcə olaraq hovuz üzərinə qoymaq kifayət edəcək. Bu zaman o, daxili məkandakı hovuzu nəzərə alararaq canlı flaminqo deyil, içinə hava doldurulmuş oyuncaq flaminqonu tərcih edəcək.  Həmçinin digər bütün detalları, kölgələri, rəngləri, işıq şüalarını və.s təfərrüatları “DALL-E 2” süni intellekti özü həll edəcək.

Əgər flaminqo rəsmini daxili interyerdə deyil, pəncərənin çölünə qoyulmasını “DALL-E 2” süni intellektindən istəsək, bu zaman aksesuar yada oyuncaq yerinə əsl flaminqo qoymağı tərcih edəcək. Başqa sözlə, o, məkan və obyektlər arasındakı əlaqəni anlayır və məkana uyğun olaraq müxtəlif seçimlər edir”.

Qeyd edək ki, ictimaiyyətin tam istifadəsinə hələ açıq olmayan bu süni intellektdə real insan görüntülərinin istifadəsinə, o cümlədən cinayətkarlıq və.s kimi zərərli məqsədlərlə istifadəsinə məhdudiyyətlər gətirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top