Ailəsindən uzaqda tələbəlik həyatına başlayanların nəzərinə!


Neçə aylıq yorucu hazırlığın ardından minlərlə abituriyent ali məktəbə daxil oldu və tələbə adını qazandı. Bu da istər-istəməz onların həyat şərtlərində müxtəlif dəyişikliyə səbəb olacaq. Bəzi tələbələr yaşadığı şəhərdə ali məktəbə daxil olduğu halda, bəziləri yaşadığı şəhərdən uzaqda yerləşən universitetlərə daxil olub və fərqli mühitə düşüblər. Həm yaşadığı şəhəri dəyişmək, həm də illərlə tanıdığı dost-tanış çevrəsindən ayrılıb başqa yerlərə getmək tələbələr üçün müxtəlif çətinliklər yarada bilir.

İstər öz yaşadığı şəhərdə yerləşən universitetə daxil olan, istərsə də, fərqli şəhərdə və ya ölkədə yerləşən ali məktəbə daxil olan tələbələrə valideyn dəstəyinin olması çox müsbət nəticələr verir.

Ailəsindən kənarda tələbəliyi keçirəcək olanlar bir neçə problemi ardıcıllıqla diqqət edərək həll etməlidir:

a) Məkan
Adətən, tələbələr ya yataqxanalarda, ya da kirayə tutduqları evlərdə qalırlar. Bütün hallarda öncədən gəlib qalmaq istədiyiniz yerə baxmalı və anlaşmalısınız.
Əsasən, qalacağınız yerin oxuyacağınız universitetə hansı məsafədə yerləşdiyinə diqqət etməlisiniz. Universitetə gedərkən hansı marşrutlardan istifadə edəcəksiniz, onu müəyyənləşdirməlisiniz. Yaşayacağınız məkan oxuduğunuz ali məktəbə nə qədər yaxın olarsa, bu, sizə o qədər həm dərs oxumaq üçün əlavə zaman qazandırar, həm də sizi yol yorğunluğundan xilas edər.
Ev tutarkən və ya yataqxana seçərkən diqqətli olmaq, tələsmədən bir neçə varianta baxdıqdan sonra, içlərindən ən uyğun olanını məsləhətləşərək seçmək lazımdır. Yaşayacağınız yerin çevrəsini həm sosial mediadan, həm də tanıdığınız adamlardan soruşaraq öyrənməyə çalışmalısınız. Ola bilsin ki, qiymətlər ucuz təklif edilir, amma ətrafda pis vərdişləri olan adamlar yaşayır və s.
Bir çox tələbə qalacağı evlərdə öncədən tanıdığı dost və tanışları ilə qalır, bəziləri isə tanımadığı adamlarla anlaşaraq bir yerdə tələbəlik həyatına başlayır.
Birlikdə qalacağınız adamlar istər tanıdığınız dost-tanışınız olsun, istərsə də, tanımadığınız insanlar, fərqi yoxdur, bütün hallarda öncədən danışıb yaşayış şərtlərinizi aydınlaşdırmalı və razılaşdırmalısınız. Məsələn, evə bazarlığı necə edəcəyik, qaldığımız yerdə siqaret çəkiləcəkmi, ev təmizliyi və növbətçiliyi necə olacaq, bütün ev xərclərinin bərabər bölünməsi və s.
Əgər yataqxanada qalmağı planlayırsınızsa, oranın da yaşayış şərtlərinə öncədən baxmalı və götür-qoy etməlisiniz.

b) Universitet həyatı
Yaşayış yeri və ali məktəbə hansı marşrutlarla gedəcəyinizi dəqiqləşdirdikdən sonra universitetdəki dərslərinizi necə oxuyacağınızı və təqib edəcəyinizi müəyyənləşdirməlisiniz. Yenə də oxuyacağınız ali məktəb haqqında məlumatı sosial media qruplarından, orada təhsil alan və yaxud məzun olmuş adamlardan ətraflı öyrənə bilərsiniz.
İlk günlərdən dərs davamiyyətinə diqqət etmək və məktəbin sosial fəaliyyətlərində aktiv iştirak etmək məsləhətdir. Yaxınlıqda yerləşən kitabxanaların yerini və internetdən pdf kitabları endirməyin yollarını öyrənmək vacibdir. Əlavə olaraq, boş vaxtlarınızı dəyərləndirib ixtisasınızın nə olmasından asılı olmayaraq bir xarici dil öyrənməyiniz tövsiyə olunur.

c) Büdcə planlaması
Büdcə məsələsi də diqqət edilməsi gərəkən önəmli faktorlardan biridir. Bura daxildir: aylıq kirayə haqqı, ərzaq, marşrut, geyim, günlük cib xərcləri və s.
Qiyməti uyğun olan marketlərdən və yaxud satış məntəqələrindən alış-veriş etmək məsləhətdir.
Nəticə olaraq onu deyə bilərik ki, insan yaşayış yeri və şərtlərini dəyişdikdə narahatlıq yaşaması normaldır. Yaşanılan çətinliklərin və duyğuların keçici olduğunu düşünərək yolunuza davam edin, bir müddət sonra yeni mühitə alışacaqsınız.

Təhsil eksperti, BSU-nun doktorantı, Zəka Kurslarının direktoru Rafiq Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top