Bakıda 1,3 milyon manata gəmi satılır - Fotolar


Azərbaycanda 1 milyon 300 min manata gəmi satılır.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumat elan saytlarından birində yerləşdirilib.
Məlumatda bildirilir ki, 1963-cü ildə Bolqarıstanda inşa olunan gəminin adı “Vətən”dir. Uzunluğu 63,8 metr, eni 9,32 metr olan gəminin tam yüklü su basımı 820 tona bərabərdir. Satışa çıxarılan “Vətən” gəmisi gəzinti yaxtası kimi fəaliyyət göstərir.
Gəminin hansı quruma, ya da şəxsə aid oluğu açıqlanmayıb. Gəminin satışı ilə bağlı məlumatı elan saytına Tuqay Rəhimli adlı şəxs yerləşdirib.
Məlumat üçün bildirək ki, Tuqay Rəhimli nizamnamə kapitalı 40 min manat olan “Capitals Auction” MMC adlı şirkətin qanuni təmsilçisidir. Bu şirkət hərracların keçirilməsilə məşğul olur.


Onu da bildirək ki, Azərbaycanda daha əvvəl də gəmilər satışa çıxarılıb, lakin özlərinə alıcı tapa bilməyiblər. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə məxsus olan "Nauçnıy” gəmisi son bir ildə dəfələrlə hərrac vasitəsilə satışa çıxarılıb. "Nauçnıy” gəmisi ötən ilin əvvəllərində 40 000 manatdan satışa çıxarılıb. Lakin satın alan olmadığı üçün qiymət avqust ayında 36 000, sentyabr ayında isə 30 000 manata düşürülüb. Ötən ilin oktyabr və bu ilin yanvar aylarında baş tutan hərracda isə 20 000 nanata təklif olunub.

DİGƏR XƏBƏRLƏR

Top