Vergi Xidməti “Real TV”nin sahibini yenidən məhkəməyə verdi


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti  Lokal Gəlirlər Baş İdarəsi “Şahinlər” MMC (VÖEN- 2000697101) barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatına verilib.  
Onu da bildirək ki, Dövlət Vergi Xidməti ötən il də “Şahinlər” MMC barəsində məhkəmə iddiası qaldırmışdı. Ötən il dövlət büdcəsinə böyük həcmdə – 2,7 milyon manat vergi borcu olan MMC-nin hazırda 372 min 37 manat 35 qəpik vergi borcu qalıb.
Məlumat üçün bildirək ki, “Şahinlər” MMC 27.06.1994-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nizami rayonu, Bəhruz Nuriyev, ev 22-də yerləşən MMC-nin nizamnamə kapitalı 30 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Bayramov Elməddin Nəbi oğludur.
“Şahinlər” MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
“Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə Azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.
İman Quliyevin Azərbaycanda çoxsaylı biznesə sahib olduğu barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yer alıb. “Nyu Sfera Şirkətlər Qrupu”nun Azərbaycanın biznes sahəsində 1992-ci ildən fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, şirkət təmir-tikinti, xidmət, turizm, nəqliyyat və digər sahələrdə müvəffəqiyyət əldə edib. Şirkətlər qrupuna “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, “Nyu Sfera Ticarət” MMC, “Nyu Sfera Ltd” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı – “Romance Palace-1”, “Romance Palace-2″, “Şərq Saray” və “Yay” restoranı var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur. “Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində “Yeni Zığ Yaşayış Kompleksi” inşa edir.
İman Quliyevin rəhbərlik etdiyi “Politon” MMC isə Azərbaycanın ən böyük metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin 50%-nə nəzarət edir.
Onu da bildirək ki, İman Quliyevin sahibi olduğu şirkətlərdən biri də “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-dir. Bu şirkət isə Real TV-nin təsisçisidir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top