Rusiya ordusunun sayını 137 min nəfər artırmaq savaşda nəyi dəyişəcək?


"Putin Rusiya ordusunun sayını 137 min nəfər artırmaq barədə fərman imzalamaqla Ukrayna ilə savaşda ciddi itki verdiklərini, hərbi birliklərin xeylisinin döyüş qabiliyyətini itirdiyini etiraf etmiş oldu".
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Patiyasının (AXCP) sədri Əli Kərimli bildirib.
O bildirib ki, Rusiya rəhbərliyi bu yolla rəsmi ümumi səfərbərlik etmədən faktiki hərbi səfərbərlik etməyi planlayır:
“Ancaq bir çox hərbi ekspertlər Rusiyanın bu iddialı planını real hesab etmir. İlk növbədə demoqrafik səbəbdən. Rusiyanın heç bu gün rəsmi sənədlərdə 1 milyon nəfər kimi göstərilən ordusu belə tam komplektləşdirilməyib.
Nüfuzlu hərbi ekspertlər sənədlərdə 1 milyon nəfər kimi göstərilən Rusiya ordusunun faktiki sayının savaşın əvvəlində təqribən 750 min nəfər olduğunu deyirlər. Həmin ekspertlər savaşda ölən, ağır yaralanan  və orduda xidmətdən imtina edənləri çıxandan və orduya qoşulmuş muzdluları əlavə edəndən sonra hazırda Rusiya ordusunda qalanların sayının təxminən 700 min nəfər ətrafında olduğunu güman edirlər.
Rusiya əhalisi total təbliğatın və sərt repressiyanın təsiri altında özlərini Ukrayna ilə savaşı dəstəkləyən kimi göstərsə də, əslində Ukrayna ilə savaşda iştirak etmək istəmir. Çağırışçılar kütləvi şəkildə hərbi çağırışdan yayınır. Bu ilin yaz hərbi çağırış planı üçdə bir qədər kəsirlə yerinə yetirilib. Orduya nəzərdə tutulan 134 min əvəzinə yalnız 90 min nəfər (45 min az) çağırışçı toplamaq mümkün olub. Çağırış yaşına çatmış övladı olan 10 minlərlə ailə müvəqqəti olaraq MDB dövlətlərinə gediblər (viza tələb olunmadığı üçün) ki, övladlarını əsgər apara bilməsinlər. Orduda peşəkər (müqavilə ilə) xidmət edənlərə Rusiya standartlarına görə fantastik dərəcədə yüksək əmək haqqı (ayı 3 min dollardan artıq) təklif olunsa da, orduda xidmət üçün müqavilə imzalayan da çox deyil.
Beləliklə, Rusiya rəhbərliyi yüksək əmək haqqı və digər şirnikləndirici yollarla heç savaşda verdiyi itkilərin yerini doldura bilmir, nəinki ordunun sayını əlavə olaraq 137 min nəfər də artırsın”.
Ə. Kərimlinin sözlərinə görə, Rusiyanın ordusunu böyütmək planı iqtisadi baxımdan çox çətin, texniki baxımdan isə qeyri-mümkünə yaxındır:
“Sərt iqtisadi sanksiyalar şəraitində indiki ordunu və indiki dövlət xərclərini ödəmək belə Rusiya üçün aydan-aya çətinləşir. Üstəlik də ordunun sayını 137 min nəfər artırmağı Rusiya büdcəsi qaldıra bilməyəcək.
Rusiya ordusunu 14 faiz böyütmək texniki - silah, sursat təchizatı baxımdan da real deyil. Rusiya özünün müasir və ya modernləşdirdiyi silahlarının xeyli hissəsini Ukrayna ilə savaşda artıq itirib. Hazırda Rusiya məcbur olub döyüşən ordu üçün hərbi anbarlardan Sovetdən qalma, 1960-cı illərdə istehsal olunmuş, mənəvi və fiziki baxımdan köhnəlmiş və effektsiz silahları təmir edib, hərbi hissələrə göndərməli olursa, 137 minlik əlavə ordu üçün silah, sursat, rabitə vasitələrini haradan tapacaq?
Belə görünür ki, Rusiyanın ordunu böyütmək qərarı reallıqda həyata keçirilməyəcək. Əlbəttə, orduya 10 minlərlə yeni adamlar cəlb edəcəklər müqavilə ilə. Ancaq bu yeni cəlbetmələr heç ordunun məruz qaldığı itkilərin yerini doldurmayacaq, nəinki onun sayını 137 min nəfər artırmaq.
Məncə, Putinin ordunun sayını artırmaqla bağlı fərman imzalaması daha çox psixoloji savaş üçündür. Putin bu yolla ukraynalılara və beynəlxalq aləmə göstərmək istəyir ki, uzunmüddətli savaşa hazırdırlar, tükənməyiblər. Resursları hələ çoxdur.
Ancaq hazırda psixoloji savaşda Ukrayna çox öndədir. Ukrayna hərbçiləri Rusiyanın artıq bütün silahlarını öz üzərlərində yoxlayıblar və onların effektsiz olduğuna əmin olublar. Onlar hər gün gözləri ilə görürlər ki, Rusiya ordusu HİMARS və digər Qərb silahları qarşısında necə acizdir. Onlar artıq qələbələrinə, o cümlədən Krımı da azad edəcəklərinə əmindirlər. Vətən üçün vuruşan, üstəlik də bütün dünya tərəfindən dəstəklənən və gündən-günə daha müasir, dəqiq, düşmənə aman verməyən silahlarla silahlanan ordunu - Ukrayna ordusunu nə psixoloji baxımdan, nə də döyüş meydanında məğlub etmək artıq mümkün görünmür”.

DİGƏR XƏBƏRLƏR

Top