Statusa görə Baş Prokurorluğun xəbərdarlığı: dövlət sirrinin pozulması, yoxsa ifadə azadlığına müdaxilə?


“Baş Prokurorluğun aralarında media nümayəndələri də olan bir neçə şəxsə sosial media hesablarında yazdıqları statusa görə xəbərdarlıq etməsi, bir nəfərin inzibati həbs cəzası alması bəzi media təmsilçiləri tərəfindən “senzura” kimi qarşılanıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BBC”nin Azərbaycan xidmətinin məsələ ilə bağlı dərc etdiyi məqalədə bildirilib.

“BBC Azərbaycanca” yazır:
““Senzorluq” iddiasını rədd edən Baş Prokurorluq bildirir ki, bəzi şəxslərin sosial mediada yazdıqları statuslar “dövlət mənafeyinə vurulan zərər” kimi qiymətləndirilib və buna müvafiq qanuni addımlar atılıb.
Mətbuat Şurasının bəzi üzvləri hesab edirlər ki, informasiyanın yayılmasında peşə etikası prinsipləri pozularsa, Mətbuat Şurası özü bu hallarla işləməlidir, nəinki həmin media təmsilçiləri Baş Prokurorluğa çağrılmalıdır.
Həftənin çərşənbə günü Baş Prokurorluq ikisi media nümayəndəsi olmaqla dörd sosial şəbəkə istifadəçisinə “Azərbaycan ordusunun işgüzar nüfuzuna xələl gətirməsi və həqiqətə uyğun olmayan” informasiyalar yaydıqları ilə bağlı xəbərdarlıq edib.
Bloqer Tofiq Şahmuradov isə sosial şəbəkədə “qanunla yayılması qadağan edilən” informasiya yerləşdirməkdə günahlandırılaraq barəsində 1 aylıq inzibati həbs cəzası seçilib.
Baş Prokurorluqdan xəbərdarlıq alan jurnalist Fikrət Fərəməzoğlu və Aqil Alışov BBC Azərbaycancaya bildiriblər onlar Kəlbəcərdə baş verən mina partlayışı ilə bağlı yazdıqları statuslara görə Baş Prokurorluğa çağrılıblar.

“Mənə dedilər ki, dövlət sirrini yayıbsan”
Jurnalist Fikrət Fərəməzoğlu BBC-yə bildirib ki, çərşənbə günü günorta saatlarında prokurorluqdan onun mobil telefonuna zəng gəlib və adı çəkilən qurumun Cinayət Tərkibi olmayan İşlər üzrə İdarəsinə çağrılıb, lakin telefonda bunun səbəbi açıqlanmayıb.
Jurnalistin sözlərinə görə, prokurorluqda ona mina partlayışı ilə bağlı “dövlət sirrini” yaydığı irad tutulub:
“Mən də dedim ki, mina partlayışının baş verməsi hadisədir, dövlət sirri deyil”.
Media təmsilçisinin fikrincə, mina partlayışı ilə bağlı statusda bir generalın da adının çəkilməsi Baş Prokurorluqda “narahat yaradıb”.
“Onlar dedilər ki, həmin general orda olmayıb. Bunu əsas gətirib bildirdilər ki, doğru olmayan məlumat yayıbsınız, cəmiyyəti çaşdırmağa və ictimaiyyəti aldatmağa çalışıbsınız”, - Fikrət Fərəməzoğlu əlavə edib.
O, irad tutulan statusun silinməsinin ondan tələb olunmadığını deyib: “Sadəcə, bildirdilər ki, bir daha təsdiqlənməmiş məlumat paylaşmayaq, əks təqdirdə məsuliyyət daşıyacağıq”.
Prokurorluğa çağrılan digər jurnalist Aqil Alışov da eyni motivlə prokurorluğa dəvət olunduğunu deyib və əlavə edib ki, ondan “dövlətçiliyə xələl gətirə bilən” statusları yazmamağı və paylaşmamağı xahiş ediblər.
Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov BBC-yə açıqlmasında bəzi sosial media istifadəçilərinin quruma çağrılmasının “hər hansı general və ya digər şəxslə əlaqələndirilməsinin doğru olmadığını” vurğulayıb.
O, prokurorluğa çağrılan şəxslərin Facebook statuslarında “dövlət mənafeyinə zərər vurduqları”nı bildirdikləri üçün xəbərdarlıq aldıqlarını, Tofiq Şahmuradovun isə “əməlinin miqyasının daha böyük olduğu” üçün həbs edildiyini deyir. Amma Kənan Zeynalov sosial mediada yayılan hansı məzmunlu statusun “dövlət mənafeyinə zərər vurduğunu” açıqlamayıb.

Bloqer Tofiq Şahmuradov nə yazıb?
Baş Prokurorluğun məlumatında bildirilir ki, Tofiq Şahmuradov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham olunub.
Amma Baş Prokurorluq BBC-yə Tofiq Şahmuradovun hansı qadağan edilmiş informasiyanı yaydığını, onun məzmununu açıqlamayıb.
Tofiq Şahmuradov barəsində Nizami rayon Məhkəməsində 1 ay müddətinə inzibati həbs tənbehi hökmünü vermiş hakim Rauf Əhmədovun köməkçisi də onun hansı faktlar əsasında həbs edilməsi ilə bağlı BBC-nin suallarını cavablandırmayıb.
İnzibati həbs tənbehi alan Tofiq Şahmuradovun tanışları və jurnalist həmkarları sosial mediada iddia ediblər ki, Tofiq Şahmuradov əslində son vaxtlar ordunun bəzi “yüksək rütbəli zabitlərinin ferma biznesi haqqında silsilə statuslar” yazdığı üçün “sifarişlə” həbs edilib.
BBC News Azərbaycanca xidməti Tofiq Şahmuradovun yazdığı, hamıya açıq postları analiz edərkən bloqerin yalnız Müdafiə Nazirliyinin yaydığı məlumatları paylaşdığını müşahidə edib. Onun paylaşımları arasında adını çəkmədiyi hansısa “generalların qanunsuz ferma biznesindən” bəhs edən statuslar da olub.
Baş Prokurorluq BBC-yə bloqerin “ferma biznesi” statusuna görə həbs edilməsi iddialarını “əsassız” adlandırıb.

“Mən də cavab ala bilmədim”
“Mən özüm də Baş Prokurorluqdan quruma çağrılan şəxslərin hansı dövlət sirrini pozması ilə bağlı mövqe ala bilmədim”, - Mətbuat Şurasının üzvü Rəşad Məcid BBC-yə deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurumun hüquq mühafizə orqanları, o cümlədən Baş Prokurorluqla birgə komissiyaları var, amma onlara həmin bloqer və jurnalistlərin konkret hansı dövlət sirrini pozmasına dair məlumat verilməyib.
“Prokurorluğa dəvət olunanlar konkret hansı əməllər törədiblər, mənə elə gəlir, Baş Prokurorluq bunu izah eləməli idi. Ona görə də bu sual cəmiyyətdə açıq qalıb”, - Rəşad Məcid deyib.
O hesab edir ki, Mətbuat Şurasının toplantısı olmadan və ya Şuraya müraciət edilmədən prokurorluğun məsələyə birbaşa müdaxilə etməsi kobud hərəkətdir və ölkənin demokratik prinsiplərinə ziddir”.

Dövlət sirri nədir və onu kim qorumalıdır?
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyir ki, əgər jurnalistin və ya adi vətəndaşın hər hansı sirri yaydığı deyilirsə, ilk növbədə yayılan məlumatın sirr olduğu sübut edilməlidir.
Onun sözlərinə görə, yayılan məlumatın dövlət sirri adlandırılması üçün həmin informasiyanın üzərində xüsusi əhəmiyyətli, məxfi və ya tam məxfi yazılmış qriflər olmalıdır.
“Dövlət sirri haqqında qanunun 5-ci maddəsinə görə, informasiya yalnız məxfiləşdirildiyi halda dövlət sirri sayılır. Məxfi informasiyalarla işləmə qaydası istisna olmaqla, jurnalistin məxfi informasiyaya çıxışı olmur və əgər onun əlinə dövlət sirri düşübsə, bu, artıq yayılmış informasiyadır”, - Ələsgər Məmmədli bildirib.
O əlavə edib ki, dövlət orqanları tərəfindən qorunmalı olan dövlət sirrinin təkrar yayılmasına görə, məlumatı yayan birinci şəxsi [dövlət orqanlarını] deyil, ikinci şəxsi, yəni jurnalisti cəzalandırmaq doğru deyil.
“Bu o deməkdir ki, dövlət sirrini qorumalı olan rəsmi orqan bunu etməyib və bu medianın əlinə keçib”, - hüquqşünas deyib.
Onun fikrincə, həbs edilməmişdən qabaq sübut edilməlidir ki, Tofiq Şahmuradov həqiqətən də qadağan edilmiş informasiya yayıb və bununla da dövlətin və ya hər hansı şəxsin mənafeyinə zərər verib:
“Prokurorluğun məlumatında bunlar əks edilmədən, mülahizə xarakterli “qanunla qadağan edilmiş” ifadəsindən istifadə olunaraq şəxsin azadlıqdan məhrum edilməsi, Konstitusiyada göstərilən ifadə və məlumat azadlığı hüququna balanssız müdaxilə və Avropa İnsan Haqları konvensiyasının 10-cu maddəsinin ciddi şəkildə pozulmasıdır”.

“Prokurorun və məhkəmənin qərarı qanunaziddir”
Ələsgər Məmmədli deyir ki, dövlətin mənafeyi “dövlət sirri haqqında qanun” əsasında qorunur.
Onun sözlərinə görə, əgər Baş Prokurorluğun da iddia etdiyi kimi həqiqətən Tofiq Şahmuradovun statuslarında dövlətin mənafeyinə zərər vurulubsa, o zaman bu, dövlət sirri haqqında qanun çərçivəsində olmalı idi ki, bu da cinayət əməli sayılır, inzibati əməl sayıla bilməz.
Bundan əlavə, o, prokurorluğun Tofiq Şahmuradovla bağlı qərarını “diskriminativ” adlandırıb.
“Eyni əmələ görə birinə xəbərdarlıq edilib, digərinin həbs edilməsi Konstitusiya ilə təsbit olunan bərabərlik hüququnun pozulmasıdır”, - media hüququ üzrə ekspert qeyd edib.
Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov da quruma dəvət edilənlərin hamısının “eyni məsələyə görə” çağırıldığını təsdiqləyib. Bununla belə o, Tofiq Şahmuradovla bağlı verilən qərarın fərqli olmasını “onun [Tofiq Şahmuradovun] törətdiyi əməlin miqyasının böyük olması” ilə əlaqələndirib.

Mediaya “daha çox nəzarət?”
Jurnalist Aqil Alışov Baş Prokurorluğun bu addımını hökumətin Azərbaycan jurnalistikasına qarşı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə zidd sayır.
Digər media təmsilçisi Fikrət Fərəməzoğlu hesab edir ki, hökumət “medianı bacardığı qədər daha çox nəzarət altına almağa” çalışır.
“Təəssüflə deməliyəm ki, Baş Prokurorluq son zamanlar senzor rolunu oynayır. Ümumiyyətlə, mediaya hər hansı dövlət qurumunun, xüsusilə də hüquq mühafizə orqanlarının nəzarət eləməsi məntiqsiz, əsassız və qanunsuzdur”, - o əlavə edib.
Mətbuat Şurasının üzvü  Rəşad Məcid media təmsilçilərinin Baş Prokurorluğa çağrılmasının  bir tedensiyaya çevrilə biləcəyindən narahatdır və hesab edir ki, əgər dəqiqləşdirilməmiş və yoxlanılmamış məlumatlar yayılırsa, bu, peşə etikası prinsiplərinin pozulmasıdır və bununla Mətbuta Şurası məşğul olmalıdır.
Rəşad Məcidin fikrincə, Baş Prokurorluğun müşahidə etdiyi pozuntuları özünün birbaşa müdaxiləsi olmadan, birinci növbədə Mətbuat Şurasına göndərməlidir: “Əgər prokurorluğun bu cür narahatlıqları varsa, birinci növbədə bunu Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə müzakirə edib, ortaq rəyə gəlinməlidir”.
Media hüququ eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, ümumiyyətlə prokurorluq senzor rolunu oynamamalıdır.
“Rusiya istisna olmaqla, Avropa Konvensiyasını qəbul etmiş 46 ölkədən 45-də prokurorluğun hansısa vətəndaşı çağırması və ona xəbərdarlıq edilməsi təcrübəsi olmayıb. Baş Prokurorluq bu vərdişindən əl çəkməlidir”, - ekspert əlavə edib.
Baş Prokurorluq isə atılan addımların senzura xarakteri daşımadığını bildirib və əlavə edib ki, media subyektləri və sosial şəbəkə istifadəçilərinin dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yayması “yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.
Baş Prokurorluq bildirib ki, "neqativ hallara yol vermiş şəxslər" barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.

DİGƏR XƏBƏRLƏR

Top