"Elmin inkişafı üçün azadlıq və sərbəstlik olmalıdır" - Dəyişikliklər nə vəd edir?


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatlarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, ölkə başçısının imzaladığı daha bir fərmanla Azərbaycan Respublikası Təhsil Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.
Bu dəyişikliklərin sözügedən sahələrin gələcək inkişafında roluna nə dərəcədə təsir göstərəcəyi ilə bağlı təhsil sahəsində ixtisaslaşmış bəzi ekspertlərin fikirlərini öyrəndik.

Təhsil eksperti Pünhani Əsgərlinin fikrincə bu addım təhsilin və elmin transformasiyası ilə bağlıdır:
"Dünyada təhsil artıq dəyişilmə prossesindədir. Əslində təhsilin transformasiyası uzun müddətdir davam edir. Hətta bir çox ölkələrdə bu proses yekunlaşıb. Ancaq Azərbaycanda təhsilin bu cür reformasiyası demək olar ki, başlamamışdı. Biz hələ də Sovet təhsil modelinin üzərindəydik. Düzdür, univeritetlərdə boloniya təhsil sistemi tətbiq edilir, ancaq xüsusilə elm sahəsində bildiyiniz kimi, universitetlərin 2 funksiyası var: tədris və tədqiqat. Bizim universitetlər tədqiqat məsələlərində çox geridə idilər. Bizim universitetlərdə təhsil və tədris prossesi müasir dövrlə təəssüf ki, ayaqlaşmır. Ölkəmizdə bu prosedur sanki 19-cu əsrin metodları üzərində qurulub. Azərbaycanda tədqiqat prossesində əsas güc, əsas maliyyə mərkəzi AMEA-nın üzərində qurulub. AMEA isə bu sahələrdə artıq dünya ilə ayaqlaşa bilmirdi. Elmi fəaliyytlə, elmi tədqiqatla məşğul olan şəxslər mütləqdir ki, müstəqil olmalıdırlar. Bir mərkəzi quruma bağlı olma və bürokratikləşmə elmin və inkişafın qarşısını alan amillərdir. Mən düşünürəm ki, AMEA artıq uzun müddət idi ki, öz funksionallığını itirmişdi. Düzdür, orada çox yaxşı elmi işçilər və tətqiqatçılar var, ancaq bu börokratikləşmə və məmurlaşma ümumiyyətlə, elmin azad olmaması yolverilməzdir. Elmin inkişaf etməsi üçün azadlıq və sərbəstlik olmalıdır. Mən belə fikirləşirəm ki, AMEA-nın bir neçə qurumun arasında bölünməsi gələcək üçün müsbət addımdır. Ancaq hər şey nəzəriyyə üzərində baş tutmur. Əsas məsələ praktikada nəyin dəyişəcəyidir. Əvvəlki kimi elmi işçilərə, əməkdaşlara senzuralar, məhdudiyyətlər tətbiq olunarsa, xüsusilə, mailiyyə problemləri yaradılarsa, bu dəyişikliklərin heç bir müsbət tərəfi olmayacaq. Əksinə, bu sahədə müəyyən investisiyalar və maddi yatırımlar davamlı edilərsə müsbət yöndə nələrsə gözləmək olar. Əsasən tətqiqatlar üçün rahat şərait yaradılmalıdır, elmi konfranslar keçirilməlidir və gənc elmi işçilərin fəaliyyərtinə dəstək olunmalıdır. Görülən addımların mahiyyətini zaman göstərəcək".

Təhsil sahəsi ilə bağlı digər ekspert Qoşqar Məhərrəmov isə  bu addımı Azərbaycan təhsilində və elmində yeni reform kimi dəyərləndirib:
"Biz əvvəla bu dəyişikliklərin mahiyyətini başa düşməliyik. Sənəddə də qeyd edilib ki, əsas məqsəd təhsilin və elmin inkişafını təmin etmək, elm və təhsil arasında harmoniya yaratmaqdır. İşləri daha səmərəli hala gətirmək üçün reformlar mütləqdir. Edilən dəyişikliklərin əsas mahiyyəti ölkəmizdə elmin və təhsilin inkişafında yeni və müasir nəticələrin əldə olunması üçündür. Bunun üçün də yeni təhsil qaydaları və elm strukturları ilə ayaqlaşa bilməyən bəzi qurum və bölmələri reform etmək lazım gəlir. Sözügedən dəyişikliklər də bu reformun bir hissəsidir. AMEA çox bacarıqlı və perspektivi yüksək kadrlara sahib bir elm məbədidir. Lakin orada çalışan bəzi kadrlar zamanla öz funksionallığını itiriblər. Onlar elmin inkişafına töhfə verməməklə yanaşı, fəaliyyət ortaya qoya bilmirlər. Bəlkə də, orada olan bəzi şöbələr və bölmələr ixtisar ediləcək. Məsələn, AMEA-nın tərkibində olan muzeyləri Mədəniyyət Nazirliyinə verdilər. Bu olduqca məntiqli addım oldu. Bununla bərabər Təhsil Nazirliyinin idarəetmə sistemini daha da səmərəli və güclü hala gətirmək üçün 2 agentlik yaradıldı. Bunlar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir. AMEA da öz təşkilatları və şöbələri ilə birlikdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bağlandı. AMEA-nın bəzi bölmələrinin Təhsil Nazirliyinə bağlanmasında əsas gözlənti və mahiyyət elm ocağının fəaliyyətində daha çox nailiyyətlərə və müasir elmi nəticələrə nail olmaqdır. Ümid edək ki, AMEA bundan sonra öz elmi işlərini və fəaliyyətini daha müasir formada və yüksək səviyyədə həyata keçirəcək. Universitetlər və AMEA arasında yaranacaq daha yaxın əlaqələr gənc tələbələrin və elmi işçilərin AMEA-da daha aktiv fəaliyyət göstərməsini təmin edəcək. Mən bu dəyişiklikləri müsbət qarşılayıram".

Nazim Hacıyev

DİGƏR XƏBƏRLƏR

Top