“Ölkənin hakimiyyət dairələrinə yaxın mediası yenidən Rusiya ilə mehribançılığa başlayıb. Bir qədər əvvəl də yazdığım kimi yeni trendə start həmən Aşqabad Sammitinin ardınca verilib. Azərbaycan-Türkiyə sərhəddinin bağlanması də həmin vaxta təsadüf edir. Ümumiyyətlə Türkiyə-Azərbaycan-Rusiya üçbucağında baş verənlər ciddi müzakirə mövzusudur”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Özü də təkcə bugünkü hadisələr rakursundan deyil, həm də münasibətlərə uzun vadəli (və ya dinamikada) baxdıqda. Əsas diqqətçəkən məqamlardan biri budur ki, uzun illərdir bölgəyə təsir uğrunda gedən mübarizədə hələlik hər dəfə önə çıxan Rusiya olur. Özü də bu, rəsmi Bakının birbaşa köməyilə əldə olunur. Bir növ Türkiyə ilə Rusiya arasında gedən davamlı rəqabətin bütün mərhələlərində həlledici anda Azərbaycan hakimiyyəti Rusiyanın xeyrinə qərar verir. Rəsmi Bakının bunu məqsədli yoxsa başqa çıxış yolu olmamasından etməsi tam aydın olmadığı qədər də əhəmiyyətsizdir. Əsas faktlardır, faktlar isə deyir ki, Bakı hər dəfə seçimində son anda Moskvaya üstünlük verir.
2004-05 illərdə Azərbaycan Ordusundakı Türkiyə hərbi müşavirlərilə bağlı məsələnin həllində də, 44 günlük münaribənin sonunda da, Xəzər dənizi uğrunda gedən “savaşda” da belə olmuşdu. Xatırladım ki, Xəzər hövzəsinə təsir uğrunda bu gün durmadan aktuallaşmaqda olan mübarizə xeyli əvvəl başlamış və Rusiyanın üstünlüyü ilə başa çatmışdı. Təbii ki, yenə də rəsmi Bakının “xeyir-duası” ilə.
Xəzərin statusunun müəyyən olunmasında Rusiyaya ciddi güzəştlərə gedən Azərbaycanda bu mövzu son günlərədək, demək olar ki, tabu idi. Halbuki ölkənin Xəzərin statusu ilə bağlı güzəştlərdən itkiləri həm strateji, həm iqtisadi, həm də təklükəsizlik dərəcəsinə görə hətta Qarabağın 30 il davam edən işğalı ilə də heç bir halda müqayisə oluna bilməz.
Xəzəryanı dövlətlərin Aşqabad sammitinin pərdəarxası da göstərir ki, proses eyni istiqamətdə davam etməkdədir. Azərbaycan-Türkiyə sərhəddinin bağlanması bunun hələlik ilk görünən əlamətlərindəndir. Sammitin başqa bir nəticəsi isə Özbəkistanda baş verənlərdir. Bu haqda ayrıca danışmağa ehtiyac var.
Hələlik isə Rusiyanın istər Cənubi Qafqazda, istərsə də Mərkəzi Asiyada Türkiyənin mövqelərini hədəfə almasını qeyd etmək yerinə düşərdi. Geosiyasi mübarizənin hazırkı mərhələsində Qərb istiqamətində ciddi uğurlar əldə edə bilməyən Rusiya Cənub istiqamətində fəallaşmaqda və səfərbər olunmaqdadır.
Vaxtilə Qazaxıstanın ardınca Özbəkistanın hədəfdə olması haqda xəbərdarlıqlar Azərbaycandakı Rusiya agentura şəbəkəsinin aqressiv hücumuna tuş gəlirdi. Ümid etmək olar ki, bu gün həmin 5-ci kolonun “arqumentləri” hamı olmasa da, əksəriyyət tərəfindən anlaşılan tərzdə qəbul oluna bilər. Amma bu, onların geri çəkiləcəyini demək anlamına gəlməməlidir.
5-ci kolonun fəaliyyəti hibrid müharibənin aktiv fazasının mühüm elementlərindəndir və o, getdikcə daha da genişlənəcək. Hal-hazırda Azərbaycanda ictimai rəyin yanlış istiqamətə yönəldilməsi uğrunda aparılan aktiv iş bunun yalnız bir və görünən parçasıdır. 5-ci kolunun fəaliyyət dairəsi isə bundan dəfələrlə əhatəli və dərindir.
Görünür, elə bu səbəbdən də Türkiyənin Azərbaycanla strateji tərəfdaşlığı hələlik gözlənilən və istənilən nəticəni vermir. Amma təəccüblü görünən Moskvanın rəsmi Bakı qarşısında sərt tələblər qoyaraq onların ani icrasına nail olması fonunda Ankaranın bütün bunlara hələ də yumşaq münasibət sərgiləməsi və müxtəlif bəyanatlarla kifayətlənməsidir.
Məsələn, Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun dünənki açıqlamasında deyildiyi kimi. Xatırladım ki, Türkiyənin bütün addımlarını Azərbaycanla məsləhətləşdiyini vurğulayan nazir Zəngəzur dəhlizinin açılmasının və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyindən danışıb.
Rəsmi Bakı isə Moskva ilə Azərbaycan maraqlarına zidd olan anlaşmalara “imza atmaqda” və eyni məqsədlərə xidmət edən addımlarına davam etməkdədir. Bunun haraya qədər davam edəcəyini söyləmək isə çətindir. Görünür, geosiyasi mübarizənin əks tərəfindən Əliyev hakimiyyətinə qarşı sərt addımlar atılanadək.
Bu addımların haradan - Ankaradan, Londondan yoxsa Vaşinqtondan və hansı şəkildə gələcəyi isə hələlik tam aydın deyil. Amma bir şey artıq aydındır ki, davam edən Moskva-Bakı oyunları onları mütləq gətirəcək”, - deyə Ə. Oruclu bildirib.