"Hökumət ölkəyə qayıdışı çətinləşdirir ki, həmin insanlar gəlib etirazlara qoşulmasınlar"


"Pandemiya təhlükəsi real olaraq bitib. İndi sərhədlərin açılmaması üçün onu bəhanə eləmək heç inandırıcı deyil. Bütün dünyada artıq turizm yenidən inkişaf edir, pandemiyadan əvvəlki mövqelərinə qayıdır və Azərbaycan hakimiyyətinin quru sərhədlərini açmaması qətiyyən pandemiya qayğıları ilə bağlı deyil".
Bu sözləri Azərbaycanda qonşu dövlətlərlə quru sərhədlərin açılmamasının mümkün səbəbləri barədə Yeniavaz.com-a danışan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.
O bildirib ki, quru sərhədlərinin açılmamasının bir neçə səbəbi var və onlardan biri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Azərbaycanda hava yolu ilə sərnişindaşımada baha qiymətlərlə monopolist siyasət yürütməsidir:
“Əvvəla, quru sərhədlərini açmayanda nə olur? Azərbaycana gəlməyə və Azərbaycandan getməyə məcbur olan insanlar məcbur olub aviasiya xidmətlərindən – AZAL-ın xidmətlərindən istifadə edirlər. AZAL bütün dünyada ən baha biletləri satması ilə məşhur olan monopolist bir şirkətdir. Həm də elə bir monopolist şirkətdir ki, onun bir qayda olaraq borclarını ilbəil dövlət silir. Təyyarələrini belə dövlət krediti ilə alıblar. Yəni xərcini dövlət çəkir. Amma qazancı haqqında sosial şəbəkələr ətraflı məlumatlarla doludur”.
Ə. Kərimli bildirib ki, digər səbəb vətəndaşların quru sərhədləri vasitəsilə xaricdən daha ucuz qiymətə əldə etdiyi ərzaq və digər məhsulların gətirilməsinə maneə yaradılmasıdır:
“İkinci maraq, quru sərhədləri açıq olanda ölkəmizin həm Gürcüstanla, həm Rusiya ilə, həm də İranla qonşuluğunda yaşayan bölgələrdə sərhəd ticarətindən istifadə olunur. Bu da imkan verir ki, yüzminlərlə, bəlkə də milyonlarla insan qonşu ölkələrə gedib-gəlir, xüsusilə Azərbaycanda baha olan ərzaqları və digər məhsulları özü ilə gətirib istehlak edir, istifadə edə bilir.
Amma sərhəd bağlı olanda insanlar məcburi şəkildə, yenə də həmin mal və məhsulları monopolist və bir çox ailə şirkətinə məxsus olan şirkətlərdən, topdansatış mərkəzlərindən baha qiymətə almağa məcbur olur”.
AXCP sədri əlavə edib ki, quru sərhədlərinin açılmamasının səbəblərindən biri də ölkə xaricində işsiz və çətin vəziyyətdə olan həmvətənlərimizin Azərbaycana qayıtmasının qarşısını almaqdır:
“Nəhayət, mənim fikrimcə üçüncü bir səbəb də var. Ölkəni milyonlarla insan tərk edib. Çoxu Rusiyada, Ukrayna, Qazaxıstan və digər ölkələrdə çörək dalınca getmiş azərbaycanlıların bir qismi həmin coğrafiyada da yaranmış problemlərə görə ölkəyə dönmək istəyir. Bir çoxu iş yerini itirib, müflisləşib. Rusiyada vəziyyət gərgindi, Ukraynada savaş var. Hökumət ölkəyə qayıdışı maksimum çətinləşdirir ki, həmin insanlar mümkün qədər az qayıtsınlar. Yəni ölkəyə qayıtmaq bahalı olsun, çətin olsun. Ona görə də həmin insanlar, o müflisləşmiş, işini itirmiş, müvəqqəti yaşadığı ölkələrdə perspektiv görməyən insanlar düşünməsinlər ki, asanlıqla vətənə qayıda bilərlər. Vətənə qayıtmağı maksimum çətinləşdirirlər ki, həmin insanlar gəlib Azərbaycanda işsizlər ordusunu böyütməsin. Azərbaycan hakimiyyəti bacarıqsız olduğuna görə, ölkədə yeni iş yerləri açmağa, real iqtisadiyyatı inkişaf etdirməyə meyilli olmadığına görə özünün əmək qabiliyyətli insanlarına əlavə dəyər yaradan resurs kimi baxmır, onlara yük kimi baxır. Ona görə də nə qədər çox sayda əmək qabiliyyətli azərbaycanlı ölkəni tərk edirsə, Azərbaycan hakimiyyəti bundan məmnun olur. Çünki həmin insanları özünə yük kimi təsəvvür edir və həm də həmin insanların Azərbaycandakı sosial gərginlik şəraitində hansısa etirazlara qoşula biləcəyindən ehtiyatlanır. Ona görə bu da bir səbəbdir ki, Azərbaycan hakimiyyəti siyasi mülahizələrlə maksimum uzun müddətə quru sərhədlərini bağlı saxlayır. Eləcə də pandemiya ilə əlaqədar olaraq karantin rejimini sentyabrın 1-nə qədər uzatmaq da heç bir pandemiya qayğısı ilə bağlı deyil. Artıq Azərbaycanda, həmçinin dünyada bu xəstəlik faktiki bitib, heç bir xüsusi təhlükəsi qalmayıb. Azərbaycan hakimiyyətini ümumiyyətlə vətəndaşların səhhəti maraqlandırsaydı, Azərbaycan səhiyyəsi bu günə düşməzdi. Ona görə də bütün qərarların arxasında şəxsi, ailə, korporativ maraqları görmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top