"Azərbaycanla Türkiyə arasındakı tranzit yolun inşa edilməsini həsrətlə gözləyirik. Tranzit yolu açılarsa, Türkiyədən Qarabağa çoxsaylı səyahətlər olacaq. Qarabağda böyük layihələr həyata keçirilə bilər. Orada hər cür turistik fəaliyyət üçün çox yaxşı imkanlar var. Türk turistlər müxtəlif yerlər axtarırlar və Qarabağ bizə daha yaxındır. Gözəl təbiəti olan bu ərazilər səyahət etmək üçün çox yaxşı yerlərdir".
Yeniavaz.com xəbər verir ki, bu sözləri dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin yekunlarına dair mətbuat konfransında türk səyyah Uğur Demircan söyləyib.
“İşğaldan azad edilmiş ərazilərdə gördüklərimiz bizi dəhşətə gətirdi. Qarabağda ermənilərin törətdiyi vandalizmi dəhşətlə izlədim. Belə görüntülər insanları vahiməyə salır. Xüsusilə Ağdamda baş verənlər mənə çox pis təsir etdi. Yüz min əhalisi olan bir yerin bu hala gəlməsi çox dəhşətlidir. Mən hətta bu şəhərin dağıntılarla belə halda qalmasını təklif etdim ki, beynəlxalq ictimaiyyət buna şahid olsun.
Dünyaca məşhur səyyahların işğaldan azad olunmuş Qarabağa gəlməsi, erməni vandalizminə şahidlik etməsi təqdirəlayiq haldır”, - deyən Uğur Demircan uzun illər işğalda olan ərazilərin indi sürətlə abadlaşdırıldığını vurğulayıb.
Dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin yekunlarına dair mətbuat konfransında amerikalı səyyah, MTP qrupunun rəhbəri Çarlz Villi isə söyləyib:
“Biz Qarabağın demək olar hər yerini gəzdik. Hazırda yolların bərpa edilməsi əsas məsələdir. Qarabağda bir çox infrastruktur layihələri uğurla həyata keçirilir. Ancaq turistlərin asanlıqla gələ bilməsi, əlçatanlılıq üçün yolların tikintisi mütləqdir”.
“Biz bitərəfliliyimizi qorumalıyıq. Qarabağda gördüklərimizi öz ölkəmizin ictimaiyyətinə çatdıracağıq. Gələcəkdə də bu ərazilərə gəlmək istəyərik”, - deyə Çarlz Villi bildirib.
O, Qarabağda yenidənqurma işlərinin çox sürətlə davam etdiyini, ötən ilin sentyabrında Füzulidə beynəlxalq hava limanının inşa olunduğunu diqqətə çatdırıb. Çarlz Villi Laçında hava limanının inşa edilməsinin onu yaxşı mənada təəccübləndirdiyini vurğulayıb. O, həmçinin Zəngilandakı "ağıllı kənd" layihəsindən danışıb.
Digər səyyah Mete Mikkelsen isə Azərbaycanda qonaqpərvərliklə qarşılandıqlarını bildirib. O, bu torpaqlara yenidən səyahət edəcəyini, bundan sonra da oradakı inkişafı, sülh proseslərini izləyəcəyini vurğulayıb.