““Tərtər işi” ilə bağlı münasibətimi bildirdiyim ilk günlərdə də demişəm ki, məsələ aydınlaşdırılmalıdır. Düşmənlə üz-üzə dayanan bir ordunun içində baş verənləri üzə çıxarmalı, bilməliyik. Hansı şəkildə olubsa, hamısı araşdırılmalıdır. Bunun arxasında kimlər dayanır? Hansı xəyanətkar qüvvələr? Əmrlər haradan gəlirmiş? Niyə görə Azərbaycan Ordusunda belə təxribat yaradılıb? Yaxşı ki, Prezident İlham Əliyev bu məsələlərin aydınlaşdırılması ilə bağlı tapşırıq verdi. Bu dəqiqə də “Tərtər işi” araşdırılır, amma, məncə, yubanır. Ona görə də camaat narazıdır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, “Tərtər işi”araşdırıldıqca yeni faktlar ortaya çıxır: “Bir halda ki, hadisə indiki hərbi prokurorun zamanında baş verib, yenidən bu işi ona tapşırmağın mənası yoxdur. Ona görə də, Baş Porkurorluq yüksək səviyyədə işin içində olmalı, ən qısa müddətdə aydınlaşdırmalıdır. Elə şeylər var ki, bəlkə dəqiqləşdiriləndə, deyilən kimi yox, başqa cür olacaq? Hər halda “Tərtər işi” millət üçün qaranlıq bir nöqtədir. Aydınlaşdırılması Ordumuza, hüquq sisteminə, ədalətə olan inamımızı geri qaytarar. Nə qədər ki, “Tərtər işi” tam aydınlaşdırılmayıb, bu narazılıqlar da olacaq. Bu işin içində əli varkən hələ də vəzifədə qalanların olub-olmamadığını deyə bilmərəm. Bunu demək çətindir. Mənə elə gəlir ki, həm Ordu sistemində, həm prokurorluq sistemində bu işin açılmasında maraqlı olmayan adamlar var”.