Bərdə Regional Mədəniyyət İdarəsi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirir.
Yeniavaz.com xəbər verir ki, bu istiqamətdə keçirilən növbəti tədbir Şəhid Xudayar Yusifzadənin evində olub. Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, şəhid anaları və şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin kollektivi iştirak edib. Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Tədbirdə çıxış edən şəhid anaları Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıblar. Tədbir Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin vətənpərvərlik ruhunda hazırladığı musiqili kompozisiya ilə davam edib.
Esmira Hidayətova, Bərdə