“Problemindən hökumətin dərhal xəbər tutmasını istəyənlər…” - İlham İsmayılov


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun  Ü.Hacıbəyov, M.Maqomayev  Rəsul Rza küçələrinin kəsişdiyi məhəllədə sakinlərlə növbəti görüşü keçirilib.
Yeniavaz.com
xəbər verir ki, görüşdə sakinlər narahatlıq doğuran bir sıra problemlərdən danışıblar. Onlardan biri kanalizasiya problemidir. Mövcud ərazidəki çoxmənzilli binalarda zirzəmilərin kanalizasiya suları ilə dolması baş verir, bu isə xəstəlik yayan həşaratların, xüsusən ağcaqanadların yayılmasına səbəb olur. Həmin ərazidə yaşayan digər sakinlər isə bildirdilər ki, bir müddətdir şəhərin suvarma xətti Heydər Əliyev prospekti və əsas küçələrə quraşdırılıb. Xəttin bütün məhəllələrə də çəkilməsi istənilir, çünki  həyətlərdəki ağacların sulanmasına ciddi ehtiyac duyulur.
Sakinlər həyətlərin normal işıqlandırılmadığını, təhlükəli ağacların kəsilməsi üçün müraciətlərə cavab verilmədiyini, şəhid adları verilən ərazilərlə bağlı əhalinin məlumatlandırılmadığını diqqətə çatdırıblar. O da vurğulanıb ki, bir neçə il əvvəl nümunəvi məhəllə kimi salınan stadionda hazırda müasir standartlara cavab verən avadanlıqların quraşdrılmasına ehtiyac duyulur.
İcra başçısı isə sualları cavablandırıb, müvafiq qurumların rəhbərlərindən məsələlərin həlli ilə bağlı yerində cavab istəyib. İ.İsmayılov bildirib ki, hər kəs onun problemindən hökumətin  dərhal xəbər tutmasını istəyirsə, Rəqəmsal İcra Hakimiyyəti səhifəsinə daxil olub, məlumatlarını göndərə bilər:
“Bu, bütün təklifləri nəzarətdə saxlamağa və yubanmadan həll etməyə imkan verən platformadır. Təklif edirəm ki, bütün vətəndaşlar fəallıq göstərib, bundan istifadə etsinlər”.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top