Saleh Rüstəmli Rusiyaya getməlidir - Səbəb


Xəbər verdiyimiz kimi, həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli ötən gün imzalanan sərəncamla əfv edilib.

Yeniavaz.com xəbər verir ki, S.Rüstəmlinin həkimi Adil Qeybulla bu gün səhər onu müalicə müəssisəsindən evinə aparıb.
Bu barədə A.Qeybulla məlumat yayıb.
Həkim qeyd edib ki, S. Rüstəmli Rusiya vətəndaşıdır və onun xarici pasportunun müddəti 2020-ci ilin iyulun 7-də bitib:
“Hazırda lazımı sənədləri hazırlamaq üçün bütün yardımlar olunur. Rusiya Federasiyasının Miqrasiya qanununun tələblərinə əsasən o, qısa müddətdə ölkəni tərk etməli və Rusiya Federasiyasının yeni pasportunu almalıdır. Bundan sonra, Azərbaycana yenidən qanuni viza ilə səfər edə bilər. Bu məqsədlə, Saleh bəylə indi görüşmək istəyənlər bu məqamı lütfən nəzərə alsınlar və bu görüşü növbəti dəfəyə saxlasınlar”.
Xatırladaq ki, uzun müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.
Ötən ilin sonlarında həbsinə etiraz olaraq 41 gün aclıq aksiyası keçirib. Daha sonra yaxınlarının təkidlərindən sonra qida qəbul etməyə başlayıb. Onun siyasi baxışlarına görə həbs olunduğu da iddia edilirdi.

DİGƏR XƏBƏRLƏR

Top