Bir gündür itkin düşən ictimai fəalı “Bandotdel” saxlayıb?


Ötən gün ictimai fəal, “meclis.info” layihəsinin təsisçisi İmran Əliyevdən xəbər alınmaması barədə məlumatlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.
Məsələ ilə bağlı Vəkil Elçin Sadıqov bildirib ki, ötən gün günorta saatlarından İmran Əliyevdən xəbər yoxdur:
“102 xidmətinə, Ombudsman Aparatına zənglərimiz nəticəsiz qalıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparılması barədə əsaslı şübhələrimiz olsa da, həmin idarə İmranın orada olmasını ümumiyyətlə inkar etdi. Axtarışlarımız davam edir”.
Daha sonra vəkil İ. Əliyevin atası ilə əlaqə saxladığını yazıb:
“Bir neçə saat əvvəl axtardığımız adam “vahimə yuvası”ndan həmin yerin işçilərinin telefonu ilə atasına zəng edib. Lənkəranda olduğunu deyib. Məlum olub ki, həmin yerdə ancaq “vahimə yuvası”nın işçilərinin telefonu tuturmuş. Öz telefonu tutmurmuş. Onun hazırda “vahimə yuvası”nda Lənkəranlı rəisin otağında olduğunu düşünürəm”.
Daxili İşlər Nazirliyinin mətbuata açıqlamasında bildirilib ki, İmran Əliyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılması haqda məlumat yoxdur.
Bir neçə dəqiqə öncə jurnalist Ülvi Həsənli isə onun sərbəst buraxıldığı haqda məlumat yayıb:
“İmran sərbəst buraxıldı. “Bandotdel”də saxlanılırmış. İndi danışdım, yorğun idi, ətraflı danışmadıq. Ailəsi narahat olduğuna görə evə gedir. İmranla ətraflı danışandan sonra motivin nə olduğunu biləcəyik. Məsələni diqqətdə saxlayan dostlara təşəkkür edirik”.

DİGƏR XƏBƏRLƏR

Top