Deputat İrəvandakı iclasda erməniləri təhqirlərdən çəkinməyə çağırıb


"Azərbaycan multikultural, çoxkonfessiyalı bir ölkədir".

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxış edən Azərbaycan parlamentinin deputatı Soltan Məmmədov deyib.
O bildirib ki, Azərbaycanın malik olduğu multikultural dəyərlər ermənilərin reinteqrasiyası üçün ən yaxşı zəmanətdir: “Azərbaycanın bu fəxr olunası tarixi erməni etnik azlığının Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi reinteqrasiyası üçün ən yaxşı zəmanəti təqdim edir. Azərbaycan Ermənistanla bütün əlaqələrin bərpasının tərəfdarıdır. Bu bizim regionumuza sülh və təhlükəsizlik, eyni zamanda, iqtisadi faydalar gətirəcək. Regionu Şimal və Cənub, Şərq və Qərb arasında körpüyə çevirəcək”.

Deputat qeyd edib ki, 21-ci əsr bütün xalqlar və dövlətləri yeni çağırışlar qarşısında qoyub və indi hamının qarşılıqlı hörmət əsasında əməkdaşlığa ehtiyacı var: “Bizim hamımızın qarşılıqlı hörmətə, ölkələr və xalqlar arasında əməkdaşlığa ehtiyacımız var. Biz hamımız Cənubi Qafqazı güclü region kimi, dostluq və inkişaf nümunəsi kimi görmək istəyirik. Bu gün bizim dünyaya təklif etdiyimiz regional layihələr təhlükəsizliyə və regionun inkişafına xidmət edir. Biz hamımız iqtisadi faydaları və mədəni dəyəri olan layihələrin lehinəyik. Münaqişə başa çatdıqdan sonra Azərbaycan Ermənistanla sərhədlərinin delimitasiya və demarkasiyasına hazır olduğunu elan etdi. Mən ermənistanlı həmkarlarımızın Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı diplomatik müzakirələrə hazır olduğunu demələri kimi pozitiv mesajlar eşitdiyimə görə şadam”.

Soltan Məmmədov ATƏT-in Minsk Qrupunun gündəliyini dəyişərək regiona sülh gətirmək, xalqları bir araya gətirmək və iki ölkə arasında sülh razılaşması ilə bağlı danışmağa başlamalı olduğunun vacibliyini vurğulayıb: “Amma mən bir daha qeyd etmək istəyirəm ki, biz münaqişənin başa çatmasından məmnunuq. Məmnunuq ki, ölkələr arasında regiona sülh və firavanlıq gətirəcək kommunikasiyaların bərpası ilə bağlı müzakirələr davam edir”.

O, Ermənistan nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdəki mədəni irs abidələri ilə bağlı ittihamlara cavabında qeyd edib ki, Azərbaycan bu sahədə beynəlxalq ictimaiyyətə 30 il çağırış edib: “Biz beynəlxalq ictimaiyyəti monitorinqə və dəyərləndirmə aparmağa çağırdıq. Azərbaycan istənilən mədəni və dini abidənin mənsubiyyətindən asılı olmayaraq bərpasına, qorunmasına və istifadə edilməsinə sadiqdir. Azərbaycan etibarlı ölkə, etibarlı tərəfdaş kimi bütün beynəlxalq ictimaiyyətə multikulturalizmə, sülhə hörmət etdiyini sübut edib”.

O, bu gün Azərbaycanda ermənilər də daxil olmaqla 52 etnik qrupun yaşadığını, amma Ermənistanda bir dənə də olsun azərbaycanlının qalmadığını vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan öz multikultural dəyərlərinə sadiqdir və beynəlxalq təşkilatların işğaldan azad edilmiş ərazilərə gələrək müstəqil dəyərləndirmə aparmasını gözləyir: “Azərbaycanın multikultural ölkə statusu beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Azərbaycanda təxminən 52 etnik azlıq yaşayır – ruslar, yəhudilər və digərləri. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda 30 mindən çox erməni yaşayır. Amma Ermənistanda yaşayan bir azərbaycanlı belə yoxdur. Bu faktdır. Mədəni irs barəsində söz düşmüşkən, Qarabağda 67 məsciddən 64-ü sadəcə dağıdılmayıb, yer üzündən silinib. Bu faktdır. Biz multikultural irslə bağlı hər hansı bir dəyişiklik etməyəcəyik. Biz 30 ildən çoxdur ki, UNESCO-nu bu ərazilərə gəlib dəyərləndirmə və monitorinq aparmağa, Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirməyə çağırırdıq. Biz indi beynəlxalq ictimaiyyətin müstəqil dəyərləndirmə aparmasını, reallığı beynəlxalq ictimaiyyətə çatdırmasını gözləyirik. Biz müharibə istəmirik və heç vaxt da istəməmişik. Ona görə də 30 il idi ki, bu problemin sülh yolu ilə həllini gözləyirdik. Biz hər zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləyən BMT-nin qətnamələrinə əsaslanmışıq. İndi biz sülhə, firavanlığa, dostluğa çağırış edirik”.

Deputat Ermənistan tərəfini Azərbaycanla bağlı düzgün ifadələr seçməyə və təhqiredici ifadələrdən çəkinməyə çağırıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, region ölkələri ortaq maraqlarını müəyyənləşdirməlidir: “Biz istəyirik ki, evimizdə sülh olsun. Cənubi Qafqazda inkişaf olsun. Biz region ölkələri olaraq ortaq maraqlarımızı müəyyənləşdirməliyik. Bunun üçün də biz ilk öncə Qafqaz ölkələri olaraq öz aramızda təhlükəsizliyə nail olmalıyıq. Bu gün Azərbaycan buna hazırdır, ölkənin gündəliyində olan sülhdür, inkişafdır”.

Tahir Mirkişili Azərbaycanın Avropa İttifaqı ilə çox yaxşı münasibətlərinin olduğunu da diqqətə çatdırıb: “Şərq Tərəfdaşlığı ölkələri arasında yalnız Azərbaycanın enerji resursları var və biz bunu öz qonşularımızla paylaşmağa, onların da bu imkanlardan istifadə etməsinə icazə verməyə hazırıq”.

DİGƏR XƏBƏRLƏR

Top