BDU-nun professoru vəfat edib


Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Mineralogiya və geokimya kafedrasının müdiri, əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor Məmməd Çıraqov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.
Qeyd olunub ki, o, 21 iyun 1938-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirəndən sonra AMEA-nın Kimya İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1966-1969-cı illərdə SSRİ EA Sibir şöbəsində Qeyri-Üzvü Kimya İnstitutunda aspirant, 1971-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasında baş müəllim, 1973-ci ildən dosent, 1990-cı ildən BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasında professor vəzifələrində çalışıb.
M. Çıraqov 220-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifidir. O, pedaqoji-akademik fəaliyyəti dövründə 7 elmlər namizədi yetişdirib. Yeni quruluşların açılması, müqayisəli kristallokimya üsulunun yaranması və onun əsasında mineralların və qeyri-üzvi birləşmələrin modelləşdirilməsi, kalsium silikatlarında polisomatizm hadisəsi, mineralların çevrilməsinin istiqamətliliyi istiqamətində tədqiqat aparıb.
M. Çıraqov 1990-cı ildə Xudu Məmmədov adına mükafatla, 2008-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2009-cu ildə ”İlin müəllimi” fəxri adına, 2015-ci ildə isə AMEA-nın akad. M. V. Əliyev adına mükafatına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top