Hakim Elton Məmmədovla bağlı şikayət barəsində qərar verdi


Sabiq deputat Elton Məmmədovun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Elton Məmmədov çıxış edərək bildirib ki, barəsində verilmiş şikayət əsassızdır.
E. Məmmədov ifadəsində Kamal Əliyevə qarşı hər hansı bir təhqir hesab olunacaq söz demədiyini bildirib: “Mən demişəm ki, “Tərtər hadisələri”ndə sizin da adınız var. Bu söz təhqir hesab oluna bilməz. Kamal Əliyev xüsusi sifariş alıbsa o, başqa məsələ... Mən Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı məsələlərdə haqqın tərəfdarıyam. Hüquq pozuntularına qalsa, Kamal müəllimin rəhbərlik etdiyi şöbədə daha çox hüquq pozuntuları var. Deyir məni cinayətkar adlandırıb, onda elə kimə cinayətkar deyirlərsə, xüsusi ittiham qaydasında şikayət verilməlidir məhkəməyə?”
Məhkəmədə Kamal Əliyev də çıxış edib. O, Elton Məmmədovun ona şər və böhtan atdığı üçün şikayətinin məhkəmə baxışına verilməsini xahiş edib: “Elton Məmmədov məni cinayətkar adlandırıb, dələduz deyib. İnsan səhvini başa düşər, amma bu adam dayanmır. Məni “Tərtər hadisələri”ndə ittiham edir ki, mən o işlə bağlı hökm qəbul etmişəm. Xahiş edirəm şikayətim qeydə alınsın”.
Elton Məmmədovun vəkilləri müdafiə etdikləri şəxsin əməlində hər hansı cinayət əməli olmadığını deyərək şikayətin rədd edilməsini xahiş ediblər.
Məhkəmə qərar qəbul edib.
Qərara əsasən, Kamal Əliyev tərəfindən qaldırılmış xüsusi ittiham qaydasında şikayət rədd olunub.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinə müraciət edən şikayətçi Elton Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top