Paşinyan müdafiə nazirinin toyunda koronavirusa yoluxub – KİV


Baş nazir Nikol Paşinyan Ermənistan Ordusu Gününə həsr olunmuş tədbirdə iştirak etmək istəmədiyinə görə onun koronavirusa yoluxduğunu elan etmək qərara alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə iddiları “Hraparak” qəzeti yazıb.
Nəşrin yazdığına görə, Paşinyanın növbəti dəfə koronavirusa yoluxması faktı dünəndən siyasi dairələrdə fəal müzakirə olunur, çoxları buna şübhə ilə yanaşır:
“Xəstəliyin asemptomatik olduğu bildirilir. Əgər belədirsə, Paşinyanı testdən keçməyə nəyin məcbur etdiyi çoxlarını maraqlandırır. Deyirlər ki, baş nazir infeksiya əlaməti olmasa, həkimə gedərmi?”
Qəzet iddia edir ki, ən çox ehtimal olunan versiyalardan birinə görə, bütün bu “hekayə” 28 yanvara planlaşdırılan Ordu Günü ilə əlaqədar hadisələrlə bağlıdır.
Bu gün K. Dəmirçyan adına idman kompleksində 44 günlük müharibənin iştirakçılarının qatılacağı tədbir planlaşdırılır. İddialara görə, təşkilatçılar təsirli emosional tamaşa hazırlamaq istəyiblər, lakin müharibə iştirakçılarının özləri bunu istəməyiblər. Paşinyan da öz növbəsində adi tədbirə, “şou” olmadan iştirak etmək istəməyib.
Mətbuatda hökumət başçısının müdafiə naziri Suren Papikyanın yanvarın 22-də baş tutan toyunda virusa yoluxduğu barədə məlumatlar da yayılıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 30-cu ildönümü ilə  bağlı yanvarın 28-də keçiriləcək tədbir yüksək rütbəli məmurların koronavirusa yoluxması ilə əlaqədar təxirə salınıb. Bildirilir ki, Silahlı Qüvvələrin Baş Qərargahının (o cümlədən Baş Qərargah rəisinin özü) və ordunun rəhbərliyində də koronavirusa yoluxmuş şəxslər var. Həmçinin tədbirə dəvət olunan şəxslər arasında yoluxanların olduğu da bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top