
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovla bağlı danışıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “APA”ya müsahibəsində bildirib. E. Qasımzadə müsahibə zamanı Bakının baş memarı olarkən paytaxtın sabiq meri Hacıbala Abutalıbovla aralarındakı anlaşmazlıqlardan söz açıb.
“Deməli, mən 2001-ci ildə vəzifəmi tərk etdim. Daha doğrusu, o vaxt Bakı şəhərinin icra başçısı təyin olunmuş Hacıbala Abutalıbovla işləyə bilmədim. Ona dediklərimi başa düşmürdü. Əvəzində isə mən başa düşdüm ki, bərabər işləmək mümkün deyil və vəzifəmi tərk etdim. Vəzifədən gedəndən sonra da məni memarlıqla bağlı tədbirlərə dəvət edirdilər. Hətta bu tədbirlərə dəvət edəndə yoldaşım soruşurdu ki, sən axı, vəzifədə deyilsən, niyə dəvət edirlər?” – deyə E. Qasımzadə bildirib.
O həmçinin qeyd edib ki, H. Abutalıbov bir qədər qeyri-standart düşüncəli insan idi:
“Bir dəfə bir layihə ilə bağlı mübahisəmiz olmuşdu. Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm. Mən də ona dedim ki, siz çox böyük adamsınız. Bunu deyib döndüm, çıxıb getdim. Bizim necə ayrılmağımızı hamı bilir. Hətta bu hadisəni Heydər Əliyevə də məruzə etmişdilər. Bu hadisədən bir ay sonra mənə “Şöhrət” ordeni verildi”.