Əvvəl Azərbaycanda sonra Hindistanda oldu, Mi-17 qəzalarına səbəb nədir? - FAKTLAR + FOTOLAR


Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Azərbaycanda 14 hərbçinin şəhid olduğu helikopter qəzasının səbəbləri açıqlandı. Qəzanın baş vermə səbəbi küləyin düzgün hesablanmaması göstərildi. 
Yeniavaz.com
xəbər verir ki, açıqlanan rəsmi məlumatda pilotun uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə almadan eniş prosesinə başladığı göstərilir. Beləcə helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verdiyi və uçuş sürətinin 0 km/saat, radiohündürlüyün isə 89 metr qeydə alındığı bildirilib. “Sürətin azalması nəticəsində helikopterin quyruq hissəsi yerə dəyərək qırılmış daha sonra helikopterin sağ qanadında döyüş sursatının saxlanılması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınmış, bundan sonra sol tərəfi üstə yerə dəyərək sürüşmüş, hərəkətdə olan aparıcı pərin təsirindən helikopter yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəymiş və sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayış və yanğın baş vermişdir”- deyə məlumatda qeyd olunub. Qısaca desək, pilot helikopteri endirməyə çalışarkən küləyi hesablamayıb və nəticədə helikopterin idarəetməsi itib, sürət anidən sıfırlanıb, əvvəlcə quyruğu yerə dəyib, sonra bir tərəfi üstə sürünüb və partlayış baş verib. 
Əvvəlcə qeyd edək ki, belə bir hadisə çox nadir hallarda baş verir. Çünki, dünyada baş verən onlarla helikopter qəzalarının səbəbləri içərisində belə bir səbəblə az hallarda rastlaşa bilərsiniz. 

Dünya mətbuatında “helikopterə küləyin təsiri” adı altında bir çox məqalələr var. Dünyada çox sayda uçuşlar həyata keçirmiş pilotlardan alınmış açıqlamalar əsasında yazılan həmin yazılarda küləyin helikopter uçuşlarına ciddi təsir etdiyi qeyd olunub. Onlardan birində bildirilir ki, küləyin istiqaməti və sürəti helikopterin uçuşunda mühüm rol oynayır. Vertolyotun təqib etdiyi istiqamətdə əsən külək vertolyotun burnuna dəyərək yavaşlasa da, helikopterin quyruq hissəsi küləyi helikopteri getdiyi istiqamətə itələyir. Bu, pilotların helikopterə nəzarəti itirməsinə və qəzalara səbəb ola bilər. 30 noyabrda Azərbaycanda baş verən qəza da buna bənzər qəza olub. Yazı barədə araşdırma apararkən diqqətimi cəlb edən məsələlərdən biri də professional pilotların küləyin sürətini təyin etmək bacırığı və bu istiqamətdə gördüyü işlərdir. Məqalələrdən birində qeyd olunub ki, mühərriki sıradan çıxan helikopterləri ancaq, küləyin sürətini nəzərə ala bilən və helikopter-külək tarazlığını saxlaya bilən pilotlar sağ-salamat şəkildə endirə bilərlər. Qəzada şəhid olan Polkovnik Füzuli Cavadov da təcrübəli pilot olub. Onun haqqında yayılan məlumatlarda illər öncə helikopteri qəzadan necə xilas etdiyi ilə bağlı xəbərlər var. Belə ki, keçmiş müdafiə naziri Səfər Əbiyev onun idarə etdiyi helikopterdə olarkən təxminən 5 kilometr hündürlükdə motorlardan biri dayanıb. Hava boşluğuna düşüb. Bir motorla heç bir qəza törətmədən helikopteri və içərisindəki nazir və digər yüksək rütbəli zabitləri sağ-salamat aşağı endirə bilib. Bunu edə bilən pilotlar, küləyin istiqamətini və sair yaxşı bilən, ölçən və ona görə helikopteri idarə edən pilotlar olurlar. Buna helikopterlərlə bağlı xarici mediada yayımlanan məqalələrdə rast gələ bilərsiniz. 
Azərbaycanda baş verən qəzadan təxminən bir həftə sonra Hindistanda da Mi-17 qəzaya uğradı və 14 nəfər dünyasını dəyişdi. Həmin qəzada Hindistan ordusunun Baş qərargah rəisi Bipin Ravat və həyat yoldaşı da öldü. Həmin qəzanın səbəbləri hələ açıqlanmayıb ancaq, bir çox şübhəli məqamlar var. Araşdırmalara Rusiya da qoşulub. 
Bipin Ravat kimdir?

Bipin Ravatın Hindistanda olduqca nüfuzlu və ordunu istədiyi kimi idarə edə bilən komandanlardan biridir. 2 il qabaq, 31 dekabr, 2019-cu ildə Bipin Ravat orduda səlahiyyət müddətini başa vuraraq vəzifəsini başqasına təhvil verməli idi. Lakin bundan bir gün əvvəl general Bipin Ravatın təqaüdə çıxmayacağı, onun ölkənin ilk Müdafiə Qərargah rəisi təyin ediləcəyi açıqlandı. Bu postun qurulması ilə bağlı danışıqlar uzun müddət idi ki, Hindistanda davam edirdi. Ravat bu vəzifəyə təyinat almaq istəyənlər içərisində güclü namizəd idi. Çünki, onun uzun illər iş təcrübəsi olub. O, Hindistanın Pakistan və Çinlə sərhəd bölgələrində xidmət edib. O, xüsusilə Şimal-şərqdə və Cammu-Kəşmirdə çıxarılan üsyanlarla bağlı 10 il fasiləsiz fəaliyyət göstərib. Hökumətə yaxınlığı və bu barədə vaxtaşırı etdiyi çıxışlarla tanınırdı. General Ravat bu vəzifədə üç il qalacaqdı. 31 dekabr 2021-ci ildə o, iki ilini başa vurmaq üzrə idi. Ancaq bu baş vermədən öldü. Dekabrın 8-də general Ravat və həyat yoldaşı Madhulika Ravat da daxil olmaqla 14 nəfərin Hindistan Hərbi Hava Qüvvələrinin helikopteri ilə Vellinqtondakı Müdafiə Xidmətləri Qərargahı Kollecinə getdiyi vaxt bədbəxt hadisə baş verdi. 

Mi-17 helikopteri haqqında məlumat

Orduya bağlı texnika və əsgərlərin daşınması üçün istifadə olunur. Dünyanın ən müasir hərbi helikopterləri arasında sayılır. Maksimal yükgötürmə qabiliyyəti 4 tondur. 36 əsgər daşıya bilir. Bu helikopterin maksimal sürəti saatda 675 kilometrdir.  İki mühərriki var. Uçuş zamanı bir mühərrik tamamilə dayansa belə, ikinci mühərrikinin köməyi ilə bu helikopter təhlükəsiz uça və yerə enə bilir.
Baş verən digər Mi-17 qəzaları və onların səbəbləri

27 fevral 2019-cu il: Cammu və Kəşmirdə Budqam adlı yerdə Mi-17 V5 helikopteri paytaxt Şrinaqardan havaya qalxdı. Bir neçə dəqiqədən sonra bu helikopterin qəzaya uğraması xəbəri gəldi. İçəridə olan 6 nəfərin hamısı həlak oldu. Bununla yanaşı, qəza nəticəsində yerdə olan bir nəfər də həyatını itirdi. Qəza ilə bağlı ilkin şübhələr Pakistanla bağlı olub. Lakin sonradan məlum olub ki, onun qəzaya uğramasına səbəb Hindistanın özünün hava hücumundan müdafiə sistemidir. Pakistanla gərginliyin artdığı vaxtda Hindistan qüvvələrinin yüksək hazırlıq vəziyyətində olması belə bir səhvin baş verməsinə gətirib çıxarıb. 
6 oktyabr 2017-ci il: Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 V5 helikopteri Arunaçal-Pradeş ştatında Hind-Çin sərhədi yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı helikopterdə olan 7 nəfərin hamısı həlak olub. 

2010-cu ilin dekabr ayının əvvəlində daha bir Mi-17 V5 helikopteri Tavanq yaxınlığında qəzaya uğradı və nəticədə 12 Hindistan təhlükəsizlik qüvvəsi həlak oldu.
Qucarat qəzası: 30 avqust 2012-ci ildə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki Mi-17 V5 helikopteri Qucaratın Camnaqar şəhərində uçarkən havada toqquşdu. Hər iki helikopter təlim proqramında iştirak edirdi. Hadisə nəticəsində hər iki helikopterdə olan 9 Hərbi Hava Qüvvələrinin əməkdaşı həlak olub. Mütəxəssislər bu qəzalar haqqında bildirir ki, qəzaların ortaq nöqtəsi dağlıq ərazilərdə baş verməsidir. Yüksəkilkdə hava çox sürətlə dəyişir. Belə bir vəziyyətdə helikopteri idarə etmək pilotlar üçün olduqca çətinləşir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top