Uşaq evində yaşayanları orta məktəbi bitirənə qədər saxlayırlar, sonra isə onların evləri küçələr olur.
Yeniavaz.com xəbər verir ki, bunu məşhur aparıcı, əməkdar artist Nailə İslamzadə sosial şəbəkə hesabında yazıb.
Əməkdar artist küçədə qarşılaşdığı həmin gənclərdn biri olan dialoqunu sosial şəbəkə hesabında paylaşıb və aşağıdakıları qeyd edib:
“Küçədə gedərkən bir səs eşitdim, “kömək edin”. Bir gənc yalvaran gözləri ilə üzümə baxırdı. “Acam”, dedi. Adətən çantamda yolda yardım istəyənlər üçün manatlıqlar saxlayıram, verdim. O küçəni keçdi, dönər satana nə isə dedi və yenə boynu bükük yolda dayandı. Geri qayıtdım: “nə oldu?”, soruşdum. “Pulum çatmadı”, dedi. 16-17 yaşında uşaq evindən çıxıb (çıxarılıb oxu) atılmışlardandı. Küçədə və icazə versələr bloklarda yatır. 20 il əvvəl “Ailələr, talelər” verilişini hazırlayarkən belə uşaqları xahiş minnətlə yataqxanalara yerləşdirirdik. Uşaq evində onları orta məktəbi bitirənə qədər saxlayırlar, sonra isə evləri küçələr olur. Burada qanunlarda boşluq var. 16-17 yaşında kimsəsiz bir qız və oğlan özü üçün düzən qura bilərmi? Heydər Əliyev Fondu onlar üçün Masazırda evlər tikib və tikməkdə davam edir, təqdirəlayiqdir, əksəriyyəti ev-eşik sahibi olub. Amma görünən odur ki, hamı bundan yararlana bilmir. Bu cavan üçün qəlbim sızıldadı. Kim ona elə bir iş tapa bilər ki, gecə də qalmağa yeri olsun”.