“Pulun hamısı yüzlük olsun, nömrələməyin...” - Dayısı oğlunu qaçıranın məhkəməsi

Rusiyada gül biznesi ilə məşğul olan iş adamı Mirəkbər Seyidovun Bakıda yaşayan oğlunu qaçıran şəxslərin əməllərinin təfərrüatı məlum olub.

Yeniavaz.com musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə araşdırması zamanı həbs edilən şəxslərin oğurluq planını necə qurması, cinayətin üstünün necə açılması məlum olub.

Qeyd edək ki, Mirəkbər Seyidovun oğlunu qaçırmaq barədə planın təşkilatçısı Rafiq Hüseynov onun öz bacısı oğlu olub. R.Hüseynov dayısının biznesmen olduğunu nəzərə alaraq oğlunu qaçırıb, ondan külli miqdarda pul tələb etmək qərarına gəlib.

Bu il iyunun 8-də o, dayısı oğlu Mirhəsən Seyidovu Ramana qəsəbəsində kirayə tutduğu evə dəvət edib. Birlikdə yeyib-içdikdən sonra tanışı Anar Mehdiyevlə birlikdə M.Seyidovun əl-ayağını bağlayıb. Daha sonra şəklini çəkərək dayısına göndərib və oğlunun azad edilməsi müqabilində 500 min dollar tələb edib. Daha sonra onun əl və ayaqlarını açıblar. Evin qapısını bağlayaraq Mirhəsəni orada saxlayıblar.

Rafiq Hüseynov evdən çıxdıqdan sonra kafelərdən birinə gedərək Mirhəsənin şəklini atasına göndərib və ona mesaj yazıb.

“Oğlunuz əlimizdədir. Sizinlə şəxsi qərəzimiz yoxdur, şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağ-salamat evinizə çatacaq. Şərtlərimiz sizin üçün böyük olmayan 500 min dolları verməyinizdir. Pul yüz dollarlıq əskinazlarla olmalıdır. Polisə və digər orqanlara xəbər versəniz, pul nömrələnsə, pul torbasına çip yerləşdirilsə, izləmə olsa, Rusiyada və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız”, - deyə dayısına mesaj yazan Rafiq əlavə edib ki, pullar hazır olanda hara gətirəcəkləri barədə onlara məlumat veriləcək.

Rafiq məhkəmədə ifadə verən zaman deyib ki, “Sədərək” ticarət mərkəzində xalça satışı ilə məşğul olub. Pandemiya ilə əlaqədar işləri yaxşı olmadığına görə borcları yaranıb. O, dayısının Rusiyada gül satışı ilə məşğul olduğunu, maddi imkanın yaxşı olduğunu deyib.

Bildirib ki, dayısından bir neçə dəfə borc istəsə də müxtəlif bəhanələrlə onu yola verib.

Dayısı oğlu Mirhəsəni bir neçə dəfə qadınlar da olan içki məclislərinə apardığını deyən Rafiq söyləyib ki, bu, dayısının da xahişi olub. Sonra isə Mirhəsən də ondan tez-tez belə xahişlər edirmiş. O, dayısı oğlunun bir az da əqli problemlərinin olduğunu söyləyib.

Rafiq dostu ilə belə bir plan qurmasını izah edərkən deyib ki, dayısının Rusiyadakı mağazasından bir neçə dəfə oğurluq olsa da polisə şikayət etməyib. Rafiq düşünüb ki, bu dəfə də dayısı ondan şikayətçi olmayacaq.

Hadisə qohumlar arasında yayılandan sonra Rafiqə də zəng edərək Mirhəsənin yerini soruşublar. Mirhəsənin harada olduğunu bilmədiyini deyən Rafiq ondan şübhələnməsinlər deyə qohumlarının evinə də gedib. Orada bilib ki, artıq hər kəs Mirhəsənin əlləri və ayaqları bağlı fotosunu görüb.

Rafiq proseslərin düşündüyü kimi getmədiyini görüb və qorxub. Mirhəsəni azad edərək evə gətirib və düşünüb ki, əqli problemi olduğu üçün kiminlə olduğunu xatırlaya bilməyəcək. Mirhəsən evə gəldikdən sonra polislər hadisə yerinə gəlib onunla söhbət ediblər. Bir gün sonra Rafiq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırılıb və saxlanılıb.

Mirhəsənin anasının ifadəsindən məlum olub ki, əqli problemi olan oğlu evə gələn zaman Rafiqi görəndə “məni niyə orada qoydun?” sualını verib. Bu zaman Rafiqdən şübhələniblər. Mirhəsən daha sonra olanları ailəsinə danışa bilib.

Məhkəmədə o da məlum olub ki, Rafiq dayısına mesaj yazdığı telefonu iz itirmək üçün sındıraraq zibil qutusuna atıb.

Zərərçəkmiş tərəf Rafiqi və onun dostunu bağışladıqlarını deyiblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 145.2.4-cü (Qanunsuz azadlıqdan məhrum etmə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 182.4-cü (hədə-qorxu ilə tələb etmə; xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top