Sumqayıt şəhidi Elçinin ailəsi iki dost şəhidin adını əbədiləşdirdi - FOTOLAR

 

Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin 9-cu sinfinə Vətən Müharibəsi şəhidi kəşfiyyatçı-snayper Elçin Zamin oğlu Hüseynovun adı verilib.
Yeniavaz.com
xəbər verir ki, şəhidin adına həmçinin Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində xatirə abidəsi də ucaldılıb. Şəhid Elçin Hüseynovun ailəsi qəsəbənin digər Vətən Müharibəsi şəhidi Elnur Allahverdizadənin də xatirəsini əbədiləşdirmək üçün onun adını və şəklini eyni xatirə abidəsinə həkk etdirib. Ailə onların dost olmasını əsas gətirərək belə bir addım atdıqlarını bildirib.
Qeyd edək ki, Elçin Hüseynov 6 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Elçin hələ kiçik yaşlarında ailəsi ilə birgə Bakıdan Sumqayıta köçüb. Elçin Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə 9 illik təhsil aldıqdan sonra təhsilini Sumqayıt Dövlət Texniki Kollecində davam etdirib. Kollecin Gömrük işi ixtisasını bitirərək, həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurandan sonra öz ixtisası üzrə deyil, məhz hərbçi kimi (MAXE) Bakı korpusunda xidmət etməyə başlayıb. 2016-cı ilin aprel döyüşləri zamanı könüllü olaraq Bakı korpusundan ön xətdə yerləşən N saylı hərbi hissəyə köçürülüb. Bundan sonra Elçin Hüseynov Ağdam, Ağdərə, Tərtər bölgələrində yerləşən N saylı hərbi hissələrdə xidmət edib. O, xidməti müddətində snayper-kəşfiyyatçı ixtisasına yiyələnib. Dəfələrlə təlimlərdə iştirak edərək, yüksək nəticələr əldə edib.
Vətən müharibəsinin ilk günündən snayper-kəşfiyyatçı kimi döyüşə qatılıb. Düşmənin 50-dən çox canlı qüvvəsini məhv edən Elçin Hüseynov Suqovuşan uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb. Belə ki, onlar "Mübariz" postundan növbəti posta adlayarkən güllə başının arxasından dəyib. Əvvəlcə şəhid olduğu zənn edilən Elçin ayağa qalxaraq bir daha irəliləyib və bir ermənini məhv edib. Düşmən tərəfindən atılan ikinci snayper gülləsi onu şəhadət məqamına yüksəldib.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən şəhadətindən sonra Elçin Hüseynov "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Digər Vətən müharibəsi şəhidi Elnur Allahverdizadə isə hərbi xidməti dövründə topçu olub. Səfərbərliklə müharibəyə çağırılıb. Elnur Əli oğlu Allahverdizadə 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib. Hərbi xidmətdən geri döndükdən sonra səs rejissoru kimi fəaliyyət göstərib. “Barama" və "Atılmışlar” serialları, bir çox reklam çarxlarının səs rejissoru olub. "Son iclas (film, 2018)"" bədii filminin bum operatoru, "Buğlama" komediya serialının səs operatoru olub. "PicMus Production”ın əməkdaşı olaraq çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən şəhadətindən sonra Elnur Allahverdizadə Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 
 

DİGƏR XƏBƏRLƏR

Top