Son 9 ayda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 4296 nəfər tutulub


“Cari il ərzində 2 ton 789 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb”.

Yeniavaz.com xəbər verir ki, bu barədə mediaya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, bunun içərisində heroin 1 ton 315 kiloqram təşkil edib:

“Tiryək 169 kiloqram, həşiş 7 kiloqram və digər narkotik tərkibli maddələr olub. Eləcə də 231 kiloqram psixotrop tərkibli metamfetamin (patı) aşkarlanıb. Bunların hər biri ilə bağlı ciddi iş aparılıb. Xüsusən, bir başqa rəqəm deyim ki, 52 ton 245 kiloqram xüsusi kultivasiya yolu ilə əkilən çətənə kolu aşkar olunaraq məhv edilib və qanunsuz dövriyyədən çıxarılıb. Bu işlər daxili işlər orqanları tərəfindən effektiv formada icra olunur. Daxili İşlər Nazirliyinin ixtisaslaşmış Narkotiklə Baş Mübarizə İdarəsi tərəfindən isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli həyata keçirilən tədbirlər çərçivəsində 1 ton 312 kiloqram narkotik vasitə, bunun 834 kiloqramı heroin, tiryək 131 kiloqram, həşiş 3.5 kiloqram, eləcə də 140 kiloqramdan çox psixotrop maddə, 30 tondan çox isə çətənə kolu aşkar olunaraq dövriyyədən çıxarılıb”.

O bildirib ki, bu ilin 9 ayında 4 296 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şəxs tutularaq istintaqa cəlb olunub:

“Onların hər biri barəsində Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilib. Həbs, ev dustaqlığı, başqa yerə getməmə haqqında iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib. Bunu təhlil etsək, aydın olur ki, narkotik vasitələrlə əlaqəli olan heç kəs cinayət məsuliyyətindən kənarda qalmır. Bu rəqəmin böyük olması diqqət çəkə bilər. Burada vətəndaşlar tərəfindən müəyyən suallar ünvanlanır ki, bu rəqəmlərin içərisindəkilər istifadəçidirmi. Xeyr, istifadəçi deyil, istifadəçilərlə bağlı cinayət qanunvericiliyində ayrı norma var. Onların məcburi müayinəyə göndərilməsi, reabilitasiyası işi də davam edir.

Bunların böyük əksəriyyəti, 3 000 nəfərdən çoxu yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olan şəxslərdir. Narkotik vasitələrlə bağlı onu istifadə edən, qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər bilsinlər ki, polis tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə proseslər davam etdirilir. Hər bir şəxs bilsin ki, narkotik vasitə ilə əlaqəli cinayət əməlinə yol verən şəxslər tutularaq istintaqa cəlb olunacaqlar. Sadəcə geci-tezi var. Onlar heç bir halda cinayət məsuliyyətindən kənarda qalmayacaqlar”.

DİGƏR XƏBƏRLƏR

Top