ABŞ və Türkiyə F-35 anlaşmazlığını müzakirə edib


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin nümayəndə heyətinin Türkiyənin F-35 proqramından çıxarılması ilə bağlı yaranan fikir ayrılıqlarını müzakirə etmək üçün Ankarada danışıqlar apardığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqon sözçüsü polkovnik-leytenant Anton Semelrot yazılı açıqlama yayıb.
O, açıqlamasında bildirib ki, oktyabrın 27-də Ankarada Müdafiə Nazirliyinin Avropa və NATO Siyasəti üzrə Baş direktoru Endryu Vinternitz və Müdafiə Nazirliyinin Təchizat və Təchizatdan məsul Müşavirliyin Planlama, Proqramlar və Təhlil müdiri Melissa Benkertin rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar aparıb.
Semelrot nümayəndə heyətinin Türkiyənin F-35 proqramından çıxarılması prosesini sentyabrın 23-də yekunlaşdırmaq mövzusunda fikir ayrılıqlarını həll etmək üçün danışıqlar aparıldığını deyib:
“Görüş ABŞ hökumətinin Türkiyənin F-35 proqramında iştirakını hörmətlə yekunlaşdırmaq öhdəliyini nümayiş etdirir. Müzakirələr səmərəli olub və nümayəndə heyətləri növbəti aylarda Vaşinqtonda yenidən görüşməyi planlaşdırır”.
Qeyd edək ki, Afrika turu öncəsi çıxış edən prezident Ərdoğan, Türkiyənin F-35-lər üçün ödədiyi vəsaitin qaytarılması məsələsi ilə bağlı ABŞ-dan yeni təklif gəldiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top