Nazirlikdən medalını satışa çıxaran qazi ilə bağlı açıqlama - YENİLƏNİB


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən Müharibəsində göstərdiyi şücaətə görə ona verilən medalı satışa çıxaran qazi Səid İskəndərovla bağlı açıqlama verib.
Yeniavaz.com
-a verilən açıqlamada bildirilib ki, qazi ilə əlaqə saxlanılıb və problemlərinin həlli istiqamətinə artıq addımlar atılıb:
“O, 27.07.2021-ci il tarixdə Hərbi hospitalda müayinədən keçdiyini, müayinə sənədləri olduğunu, lakin əlilliyinin qiymətləndirilməsi üçün hərbi həkim komissiyası tərəfindən hələ şəhadətnamə təqdim olunmadığını və tibb müəssisəsi tərəfindən göndəriş (F-88) daxil edilmədiyini bildirib.
Məlumat üçün bildirək ki, hərbi həkim komissiyasının həmin şəhadətnaməsi şəxsin xəsarət və ya xəstəliklərinin hərbi səbəblə əlaqəsini təsdiq edir.
S. İskəndərov barəsində qeyd olunan şəhadətnamə təqdim olunduqda və e-sistemə göndəriş daxil edildikdə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə cəlb edilərək əlilliyi qiymətləndiriləcək.
Hazırda sağlamlıq durumunun fiziki baxımdan normal olduğunu bildirən S. İskəndərov yalnız psixoloji dəstəyə ehtiyacı olduğunu qeyd edib.
S.İskəndərov işsiz deyil, hazırda “Azərpoçt” MMC-də əməliyyatçı (aylıq əməkhaqqı 320 manat) işləyir. Ona Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) tərəfindən sığorta ödənişi (550 manat) və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib.
S. İskəndərovun istəyi daha yüksək əməkhaqqı olan işdə çalışmaq və ya özünüməşğulluq proqramına cəlb edilməkdir.
İşsiz olmadığı üçün həmin proqrama cəlb edilməsi mümkün olmasa da, S. İskəndərov gün ərzində ərazi məşğulluq mərkəzinə müraciət edəcək və yüksək əməkhaqqı olan vakansiyalarla tanış olacaq. İstəyinə və əmək bacarıqlarına uyğun olduğu halda yüksək əməkhaqqı olan işlə təmin olunacaq.
S.İskəndərov ona ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcəsi təyin edildiyi halda dövlət tərəfindən mənzillə təmin edilmək üçün qeydiyyata alına bilər.
O, həssas qrupların ərzaq dəstəyi ilə təminatı proqramı ilə əhatə olunmaq üçün qeydiyyata alınıb”.

***15:31

YAŞAT Fondu Vətən Müharibəsində göstərdiyi şücaətə görə ona verilən medalı satışa çıxaran qazi Səid İskəndərovun iddialarına münasibət bildirib.
Fonddan Yeniavaz.com-a verilən açıqlamada qeyd olunub ki, qazi S. İskəndərova məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciəti əsasında 11.02.2021-ci il tarixində 2 500 AZN ödənilib:
“O,  2021-ci ilin iyun ayında Fondun Çağrı Mərkəzinə (8110) yenidən müraciət edib və müalicə psixoloji dəstək xərclərinin ödənilməsi ilə bağlı yox, növbəti dəfə məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə dəstək göstərilməsini istəyib. Müvafiq müraciətin qeydə alınması üçün ondan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin olunmasına dair çıxarış istənilib, lakin o müvafiq sənədi təqdim etməyib.
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti istisna olmaqla (tibb üzrə müraciətlər epikriz əsasında da qəbul edilir) yaralıların digər istiqamətlər üzrə müraciətləri zamanı əlilliyin təyin olunmasına dair çıxarış təqdim edilməlidir”.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən qazinin iddialarının araşdırıldığı və bu barədə ictimaiyyətə məlumat veriləcəyi qeyd olundu.

***10:55

Azərbaycanda Vətən Müharibəsi qazisi "Xocavəndin azad olunmasına görə" aldığı medalı satır.
Yeniavaz.com
xəbər verir ki, qazi İskəndərov Səid İman oğlu bu barədə satış elanı verib.
“Bu medalları müharibədə canımı ortaya qoyub qazanmışam. İndi yardım olunmadığı üçün satıram. Kim istəsə alsın. Vətən Müharibəsi medalıdır”, - qazi qeyd edib.
Yeniavaz.com-a açıqlama verən qazi Səid İskəndərov bildirdi ki, diqqətdən kənarda qaldığı üçün belə bir addım atıb: “Allah razı olsun, biganə qalmadığınıza görə. Mənim mənəvi dəstəyə ehtiyacım var. Elə bil ki, bir atanın üç övladı var, övladlardan ikisi evə qayıdır, biri qayıtmır. Qayıtmayan üçüncü övladı ata axtarar da, düzdür? Bizim də ehtiyacımız var axtarılmağa”.
YAŞAT Fonduna müraciət etdiyini deyən qazi S.İskəndərov qeyd etdi ki, fonddan ona əlilliyin təsdiq olunmasının lazım olduğunu bildiriblər: “Əlilliyin təsdiq olunması üçün də, çox prosedur var. İnsanları get gələ salırlar. Bizə göndəriş verirlər, amma vaxt baxımından çatdırmırıq. Saat 17:00-da qapını bağlayırlar ki, iş vaxtı bitti. Sonra da yenə eyni şey. Hazırda istədiyim müalicə dəstəyidir. Psixoloq müalicəsi istəyirəm. Başqa heç nə”.

DİGƏR XƏBƏRLƏR

Top