Tanınmış müəllim nazirliyə müraciət etdi: "Əlavə dərs saatı verin, durumum qənaətbəxş deyil"


Azərbaycanda fəaliyyət göstərdiyi orta məktəbdə həyata keçirdiyi maraqlı layihələr və şagirdləri ilə birgə çəkdiyi çarxlar ilə tanınan tarix müəllimi Həbib Əlizadə Təhsil Nazirliyinə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi əldə etdiyi nailiyyətlərə və nazirliyin təşkilatçılığı ilə təşkil olunmuş müsabiqələrdə qazandığı uğurlara baxmayaraq həftəlik dərs yükünün cəmi 13 saat olduğunu, bunun isə normal təminatını qarşılamadığını bildirib:
“Artıq 7-ci ildir ki, tarix müəllimi işləyirəm. DQ imtahanında ümumi balım 53, ixtisas isə 36 baldır. Təhsil Nazirliyinin Qrant müsabiqələrində qalib olmuş “Müəllim liderliyi" və "Voltran robototexnika üzrə yay məktəbi" layihələrini uğurla icra etmişəm. Fəaliyyət və uğurlarıma görə Nazirlik tərəfindən dəfələrlə təltif olunmuşam. 2019-cu ildə Respublika Pedaqoji Mühazirələr müsabiqəsində I dərəcəli diplom qazanmışam. 2020-ci ildə Təhsil İnstitutunun “STEAM Azerbaijan” layihəsinin təlimlərində iştirak edib  “STEAM müəllimi” sertifikatı almışam. 2020-ci ildə Böyük Britaniyanın nüfuzlu Aberdin Universitetinin elmi jurnalında həmmüəllifi olduğum elmi məqaləm çap olunub.
Lakin çox təəssüf ki, hazırda işlədiyim məktəbdə siniflərin azlığı səbəbindən həftəlik dərs yüküm cəmi 13 saatdır!
Təkcə ixtisas balım həftəlik dərs yükümün 36 saatadək olmasına imkan versə də dərs yüküm 1 stavka belə deyil. İkinci məktəbdə işləməklə bağlı isə heç vaxt rəsmi müraciət etməmişəm.
Amma yaşayış xərclərimin, borclarımın artdığı, maddi durumumun qənaətbəxş olmadığı hazırkı məqamda subardinasiyaya əməl edərək digər bir məktəbdə minimum 5 saat əlavə dərs saatı üçün Təhsil Nazirliyinə müraciət göndərdim!
Ümid edirəm və inanıram ki, Təhsil Nazirliyi bilik, bacarıq, təcrübə və uğurlarımı nəzərə alaraq məni ikinci bir məktəbdə həftəlik cəmi 5 saat əlavə dərs saatı ilə təmin edəcək”.
Qeyd edək ki, bir müddət əvvəl Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu fərq yaradan, təşəbbüskar müəllimlər haqqında danışarkən H. Əlizadəni Azərbaycan təhsil sisteminin sərvəti adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top