Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək külli miqdarda dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin dələduzluq etdiyi insanların sayı 200-dən artıqdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, zərərçəkənlərin bir qismi A.Babayevin imkansızlıqdan ona müraciət edən ailəli qadınlara qarşı əxlaqsız hərəkətlər etdiyini iddia edib:
“Həmin qadınlar bu barədə öz həyat yoldaşlarına və qohumlarına məlumat verəndən sonra onun hərəkətlərindən hiddətlənən təxminən 20 nəfər A.Babayevə zəng edib iddiaları aydınlaşdırmaq üçün görüşmək istədiklərini bildiriblər.
A.Babayev həmin şəxsləri Buzovna qəsəbəsində yerləşən dəbdəbəli bağ evinə dəvət edib. O, ifşa olunduğunu görüb onlardan üzrxahlıq edərək aldığı pulun bir qismini ödəməyə razı olduğunu deyib. Pulun Xətai rayonundakı 5 mərtəbəli villasında olduğunu deyib, həmin şəxsləri ora dəvət edib.
A.Babayev orada pulun 520 min 500 manatını qaytarıb, qalanı üçün isə möhlət istəyib. Onlar gedəndən sonra Aqil Babayev hüquq-mühafizə orqanlarına şikayət edib ki, bir neçə adam villasına basqın edərək onun 9 milyon manat pulunu aparıblar. Müraciət edənlər qeyd ediblər ki, Aqil Babayevin Xətai və Xəzər rayonlarında 2 milyon dəyərində bağ evi və villası var.
21 ildir bu formada dələduzluqla məşğul olduğu deyilən Aqil Babayevin heç bir yerdə işləmədiyi, heç bir biznesi olmadığı və hər hansı biznesdə ortaq olmadığı iddia olunur. Onun heç bir gəlir mənbəyi yoxdur. Sadəcə tanınmış adamlarla, biznesmenlərlə şəkil çəkdirib, sosial şəbəkə seqmentlərində paylaşımlar etməklə, özü haqqında təəsurat yaradıb.
Qadınları məcbur edirmiş ki, "İmam"a xoş getsin deyə, günahlarınızın yuyulması üçün bağ evimdə pulsuz işləməlisiniz. Həmin qadınlara ödəniş vermədən evində qul kimi işlədirmiş”.
Mayor Hacıyev bildirib ki, A.Babayevin Xətai rayonunda yerləşən 5 mərtəbəli villasının zirzəmisində və 5-ci mərtəbəsində xüsusi qəbul otağı yaratmaqla, qeyri-əxlaqi hərəkətlər törətdiyi iddia olunur: “50 nəfərə qədər zərərçəkənin bununla bağlı Prezident Administrasiyasına və hüquq-mühafizə orqanlarına ünvanladığı müraciət ərizələrdə vurğulanır ki, kefi istəyəndə ona inanan adamları yığıb deyirdi ki, mənə “vəhy” gəlib ki, bu gün naharı Dubayda etməliyəm. Həmin şəxslər bildirir ki, “biz də pul yığıb verirdik, o da gedib Dubayda nahar edib gəlirdi”.
Qeyd olunan hallar və Aqil Babayevin digər qanunsuz hərəkətləri ilə bağlı iddiaların təfərrüatları başlanan cinayət işi üzrə istintaqda araşdırılır.
E.Hacıyev əlavə edib ki, A.Babayevin “Şaurma N1”in şərikinin olması ilə bağlı dövriyyəyə buraxılan informasiya həqiqəti əks etdirmir.