Vəkil: Ata da aliment tələb edə bilər


Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir.


Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ancaq bu heç də hər zaman mümkün olmur. Belə ki, evli tərəflər arasında uyğunsuzluq bir müddətdən sonra boşanmalara səbəb olur. Lakin bu hal hər iki tərəfi valideynlik məsuliyyətindən azad etmir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, ləyaqətinə hörmət olunması hüququna malikdir. 

Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bəs uşaqların bu hüquqları necə tənzimlənir?

Yeniavaz.com-un suallarını Gəncə şəhər 1 saylı vəkil bürosunun müdiri, vəkil Camal Əliyev cavablandırdı:

- Əvvəllər ailə münasibətlərini tənzimləyən məsələlərlə bağlı tərəflər vəkilə, məhkəməyə müraciət edirdilərsə, hazırda 01.07.2021-ci il tarixdə qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərə ilk olaraq mediatora (mediator-peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxs) müraciət etmələri təklif olunur. Mediator tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediator mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə gətirməyəcəyi qənaətinə gələrsə, mediasiyanı aparmaqdan imtina edə və ya tərəflərin yazılı razılığı ilə mediasiya prosesinə xitam verə bilər. Mediasiya prosesində iştirak edən, lakin müsbət nəticə əldə etməyən tərəflər və ya onlardan biri mediasiya prosesinin nəticələri barədə protokolu təqdim etməklə məhkəməyə müraciət edir və işə məhkəmə tərəfindən baxılır.

- Camal müəllim, alimentin miqdarı necə müəyyən olunur?
- İlk öncə onu qeyd etmək lazımdır ki, aliment iddiaçının tələbi əsasında ya cavabdehin əmək haqqının və (və ya) başqa gəlirlərinin uşaqların sayına görə müəyyən olunmuş hissəsinə uyğun olaraq, ya da sabit pul məbləği ilə tutula bilər. Tələb cavabdehin əmək haqqının və (və ya) başqa gəlirlərinə yönəldikdə 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı məbləğində müəyyən olunur. Sabit pul məbləği ilə istənildiyində isə hər iki tərəfin mənafeyi nəzərə alınmaqla müəyyən edilir. Adətən bu məbləğ hər il üçün yaşayış minimumuna uyğun müəyyən olunur. 2021-ci ildə uşaq üçün yaşayış minimumu 175 manat müəyyən olunub. Ancaq bu demək deyil ki, hər aliment 175 manat məbləğində təyin olunur. Bakıda hər bir uşaq üçün 175 manat aliment tutulsa da məhkəmə qaydasında bəzi səbəblər də nəzərə alınaraq bölgələrdə bir uşaq üçün aliment 140-150 manat civarında müəyyən olunur. Aliment yalnız nikah pozulduqdan sonra tutulmur, nikah pozulmasa belə uşağın maddi tələblərini qarşılamaq üçün məhkəmə qaydasında uşağın yanında qalan valideynin tələbi ilə digər valideyndən aliment tutulur. 

- Bizim qanunvericilikdə uşaq atanın himayəsində qalarsa, atanın aliment tələb etmə hüququ varmı? 
- Bəli, aliment uşağın saxlanılması üçün tutulur, bizim olduqca humanist qanunlarımız var, ana necə aliment tələb edə bilirsə ata da uşaq onun himayəsində qalarsa, o cür aliment tələb edə bilər. Ancaq bizim cəmiyyətimizdə bu cür tələb ilə nadir hallarda rastlaşırıq.

- Nikahın pozulması zamanı uşağın hansı valideynin himayəsində saxlanılması necə müəyyən olunur?
- Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

Cəmilə Kərim

DİGƏR XƏBƏRLƏR

Top