Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirildi


Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub. Bu münasibətlə Gəncədə ümumşəhər tədbiri keçirilib.
Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolos İaşvili, millət vəkilləri, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçiriblər. Sərgidə Gəncə Dövlət Kukla Teatrının, Gəncə şəhər Uşaq İncəsənət və Uşaq Rəssamlıq məktəblərinin, o cümlədən Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sənət əsərləri nümayiş etdirilib.
Rəsmi açılış hissəsində “Nizami ili“ çərçivəsində baş tutan tədbirin torpaqları işaldan azad olunmuş qalib ölkədə qeyd olunmasının ikiqat sevincə səbəb olduğu xüsusi vuruğulanıb. Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Nizami Gəncəvi yaradıcılığıa nəzərə salınıb. Bildirilib ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai, bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini məhz burada ərsəyə gətirmişdir. Dahi şairin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.
Rəsmi hissədən sonra Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirlib. Kompozisiyanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Əli Qasımov, reissoru Elşad Əhmədovdur. Nizami obrazını Xalq artisti Alim Məmmədov canlandırıb.
Gəncə Dölət Filarmoniyasının Xalq Çalğı Alətlərinin ifasında konset proqramı nümayiş olunub. Konsertdə Xalq artisti Sevinc İbrahimova , Əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev və digər ifaçıların çıxışları şəhər sakinlərinin zövqünə oxşayıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “nizamiganjavi.az” saytının yaxın günlərdə istifadəyə veriləcəyi müdəsi verilib. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar öz əksini tapacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top