Şeytan daşlamanın simvolik mənası


Qurban bayramı günlərində Məkkə yaxınlığında həcc əməllərinin bəzilərinin icra edildiyi Minada kiçik cəmrə, orta cəmrə və aqəbə cəmrəsi adı verilən yerlərdə zəvvarların balaca daşlar atmasına şeytan daşlama (rəmyi-cimar) deyilir. Xalq arasındakı ifadə ilə balaca şeytan, orta şeytan və böyük şeytan deyilən bu məkanlara daşlar atmaq həcc ibadətinin əməlləri arasındadır.
Həzrət İbrahimin (ə.s) Cənab Allahın (c.c) əmrini yerinə yetirərkən ona mane olmaq istəyən şeytanı daşlaması şeytan daşlama hadisəsinin əsasını təşkil edir. Burada atılan daşlar sanki həmin hadisəni insanlara yenidən yaşadır, insanları həmişə günaha düşürmək üçün fürsət axtaran şeytana qarşı müxalifəti, ona müqavimət göstərməni təmsil edir.
Rəvayətə görə, Həzrət İbrahim (ə.s) Kəbəni tikib qurtarandan sonra Həzrət Cəbrayılın (ə.s) yol göstərməsi ilə ilk dəfə həcc ibadətini yerinə yetirmiş və Cənab Allahın (c.c) əmri və işarəsi ilə oğlu İsmayılı qurban etmək üçün niyyətlənmişdi. Şeytan Həzrət İbrahimin (ə.s) qəlbinə vəsvəsə salaraq yanıltmaq, yerinə yetirdiyi həcc ibadətində onu şübhəyə salmaq və Allahın (c.c) əmrindən yayındırmaq istəmişdi. Həzrət İbrahim (ə.s) də Minada üç ayrı yerdə onların önünü kəsməyə çalışan şeytanı bir peyğəmbər olaraq həm rəmzi, həm də həqiqi mənada daşlamışdır.
Həzrət Peyğəmbərimiz (s.ə.s) də həcc ibadətindəki bu simvolik məna daşıyan şeytan daşlama əməlini feilən icra etmiş (Tirmizi, Həcc, 54) və bu haqda belə buyurmuşdur: “Şeytan daşlamaq və Səfa ilə Mərvə arasında səy etmək (sürətli addımlarla gedib-gəlmək) yalnız Cənab Allahın (c.c) adını ucaltmaq məqsədilə əmr edilmişdir” (Tirmizi, Həcc, 64). Allah Rəsulunun (s.ə.s): “Həcc əməllərini məndən öyrənin” (Müslim, Həcc, 310) buyruğuna əsasən də şeytan daşlama həcc əməllərindən sayılmışdır.
Burada əsas hədəf atılan balaca daşlar ilə güclü Əbrəhə ordusunun planının boşa çıxdığı kimi şeytanın və tərəfdarlarının qurduğu hiylə və tələsinin boşa çıxarılmasıdır. Həcc ibadəti vaxtı, yəni Zilhiccə ayının 9-u və sonrakı günlərdə atılan daşlar şeytanın hər hiyləsinə qarşı atılacaq bir daşın olduğunu ifadə edir. Beləcə də Minada simvolik olaraq şeytana atılan daşlar bir ömür boyu davam edəcək olan şeytanla mübarizədə müsəlmanın əhdini yeniləməsi mənasını daşıyır. Bir müsəlman şeytan daşlama əməlini öz pis arzu və niyyətlərini daşladığını düşünərək icra etməlidir. 
Əgər insanlar şeytanın hər zaman yanlarında olduğu halda onun Minada olduğunu düşünərlərsə, yanılmış olar, səhvə yol verər və bir ömür boyu onu düşman olaraq açıq şəkildə görməkdən məhrum qalarlar. O, ruhumuza məkrli və xəfif bir üslubla vəsvəsə verəndə, biz onu yanımızda olanlarla qarışdırsaq, dediklərini dost olanlarların dedikləri ilə eyniləşdirsək, yanılmış olarıq. Bu mənada həcc mövsümündə simvolik də olsa şeytanın Minada hamımızın qarşısında dayanması xüsusi bir imtiyazdır. Bu zaman sanki müstəsna bir hadisə baş verir, insanların və şeytanın sıraları bir-birindən ayrılır. Şeytanın bəri tərəfdə dayananlardan sıyrılaraq qarşı tərəfdə dayanması bizdə izahıolunmaz bir oyanış meydana gətirir.
Şeytana atılan bu simvolik daşlarla mənfi hiss və duyğuların, pis niyyətlərin də bir daha geri dönməmək şərtiylə içimizdən qoparaq çıxması lazımdır. Bu mənada Minada şeytan daşlama əməli elə də asan iş deyil. Çünki şeytana atdığımız daşların ucu içimizdəki pis niyyət və əməllərə bağlanmış olmalıdır. Atılan hər bir daşla birlikdə içimizdə şeytanın vəsvəsələri ilə böyüyüb bəslənən mənfi hiss və duyğular da atılmalıdır. Bunun üçün zahiri və maddi daşları Müzdəlifə və ya Arafatdan toplasaq da daşların ucuna bağladıqlarımızı içimizdən toplamalıyıq. 
Həcc ayinlərinin, həcc əməllərinin bir çoxu əslində simvolik mənalar daşıyır. Bu minvalla şeytan daşlama əməli də daha çox daşıdığı simvolik mənası ilə önə çıxır. Əslində daşlayacağımız şeytan Minada kiçik, orta və aqəbə cəmrəsi adlanan divarlara bağlanmayıb. Kaş şeytan hər zaman Minada qalsa və hər həcc mövsümündə daşqalaq olunmasını sakitcə gözləsə... Ancaq bizim imtahanımız həcc ibadəti zamanı üç fərqli yerdə simvolik olaraq şeytan daşlamaqla qurtarmır. Ömrümüzün hər anında bizə vəsvəsə verən şeytanla mübarizə etmək son nəfəsə qədər davam edir. Həcdəki bu şeytan daşlama isə mahiyyətcə İslamda, Quran ayələrində, Allah Rəsulunun (s.ə.s) kəlamlarında var olan şeytanla, nəfslə mübarizənin təcəssüm etmiş halından ibarətdir. Əslində işimiz Minada şeytanı daşlamaqla bitmir, əsas işimiz daxilimizdə ağır daşlar kimi yığıb saxladığımız pis niyyət və düşüncələri oradan atmaqla başlayır.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top