"Övladlarıma nə cavab deyəcəm deyib ağladım" – Şəhidin həyat yoldaşı


Bizlər əsarəti qəbul etməyən, vətənimizin bütövlüyü üçün mərdcəsinə şəhid olmağı üstün tutan bir millətik! O, millət ki, onun azadlıq uğrunda mübarizə əzmini heç nə ilə sındırmaq mümkün deyildir. Ötən il yaşadığımz 44 günlük müharibə bunu dünyaya bir daha sübut etdi. 3 mindən artıq igidimiz torpaqlarımızın azadlığı, illərdir ədalət gözləyən Xocalı üçün düşünmədən canından keçdi.
Şəhidlik uca məqamdır, o məqama yüksəlmək də hər kəsə nəsib olmur. Yalnız Yaradan tərəfindən seçilmiş şəxslər o ali mərtəbəyə yüksəlir. Haqqında danışacağımız igidimiz də canından keçərək şəhid olub, həmin ali mərtəbəyə yüksəlib. Şəhidimiz Abbasov Ceyhun Natiq oğlunun həyatı, döyüş yolu haqqında öyrənmək üçün onun həyat yoldaşı Leyli xanım ilə görüşdük.
Yeniavaz.com xəbər verir ki, Leyli xanım şəhid həyat yoldaşı barədə danışır: "Abbasov Ceyhun Natiq oğlu 8 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. İlk təhsilini 56 nörməli məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Salyanda hərbi xidmət göstərib. 2012-ci ildə Beyləqan rayonunda MAXE olaraq müddətdən artıq hərbi xidmətə başlayıb. Ceyhunla 2013-cü ildə fevralın 8-i onun doğum günü tanış olmuşuq. Ceyhunun atası atamla dost idi. Bir gün rayonlardan birinə səfər edərkən yol üstü bizə çay içməyə gəlmişdilər. Hələ o zaman məni görüb bəyənmişdi. Sonralar mənə ailə həyatı qurmağı təklif etsə də, mən hər dəfəsində ona acılı sözlər deyir, qəbul etmirdim. Amma sonralar xasiyyəti, mərdliyi ilə ürəyimi oğurlamağı bacarmışdı (gülümsəyir) və 2013-cü ildə biz ailə həyatı qurduq.
Ceyhun aprel döyüşlərində də iştirak etmişdi. Mən təzəlikcə bilmişəm ki, həmin vaxt Ceyhunun yanına, adını uutmuşam partlayıcı qurğu düşüb, Ceyhun onu zərərsizləşdirirmiş, gözündən qəlpə yarası almış, qəlpə gözünün altında almacıq sümüyündə qalmışdı, bir də qəlpələrdən biri dəbilqəsini əzib keçmişdi. Neçə dəfə qəlpələri çıxartdırmağı desəm də ona heç vaxt razılaşmırdı, deyirdi döyüşdən yadigardı mənə. Ceyhun elə qürur hissləri ilə evə dönmüşdü ki, içəri girəndə sevincək ilk sözü o oldu ki, “biz Lələtəpəni aldıq!” və ora ilk bayrağı sancanlardan biriyəm. Məndə çox qürur hissləri keçirdim (gözlərində işıq yanır sanki danışdıqca). Sonra Ceyhun Türkiyəyə snayper kursuna yollandı. Kəskin nişançı olaraq kurs keçdi, qayıtdı gəldi. Beyləqanda taborda snayperçi kimi işləməyə başladı. 50-dən artıq tək başına döyüş tapşırığı yerinə yetirdi. Daha sonra Bakıya gizir kursuna getdi. Gədəbəydə bir il gizir kimi işlədi. Sonra Seyfəlidə tabora snayper qrup komandiri gəldi və biz Gəncədə kirayədə yaşamağa başladıq. Bir gün Ceyhun evə əlavə geyim götürməyə gəldi, rəngi qaralmış, əhvalı da pozulmuşdu. Soruşanda ki nə olub? - dedi, ordunun vuran ürəyindən biri Polad Həşimov şəhid oldu! Çox pis olmuşdu onun vəziyyətini izah edə bilmirəm (kədərlənir). Ceyhun Tovuz döyüşlərində snayperçi kimi vuruşurdu. Həmin vaxt bir həftəyə 4 erməni əsgərini məhv etmişdi. Hətta bir gün evə gələndə dedi ki, mən, gizir Yaşar Babayevin intiqamını aldım. Soruşanda ki, necə? - dedi, Yaşar Babayevi vuran, ona dünyaya gələcək körpəsini görməyə imkan verməyən erməni Aşotu məhv etdim, həmçinin onun da övladı dünyaya gələcəkdi, indi, o da öz övladını görə bilməyəcək. O cümlə mənə elə təsir etmişdi ki izah edə bilmirəm! Tovuz döyüşlərində göstərdiyi şücayətə görə təltif olunmuş, mükafatlandırılmışdı.
Bir az ara sakitləşmiş Ceyhun geri dönmüşdü. Hər zaman uşaqlara deyirdi maşın alım sizi gəzdirəcəyəm. Elə də elədi, maşın aldı və avqust ayı idi başladı uşaqların arzuna uyğun hər gün onları bir yerə aparmağa, bölgələri gəzib əyləndirməyə. Sonuncu dəfə sentyabrın 21-də ailəlikcə gözəl bir gün keçirdik.
Müharibə başlamamışdan iki gün öncə sentyabrın 25-i evə gəldi. Gəldi bizlə, uşaqlarla görüşdü getdi. Dedim nə vaxt gələcən dedi bilmirəm. Dalınca xeyir dua etdim. Həmişə gedəndə xeir-dua edərdim amma düşünmədim bu dəfə gedişi fərqli gediş olacaq, inanmırdım çünkü müharibə olacağına. Yenə gedib-qayıdacağını düşünürdüm. Sentyabrın 27-i saat 07:30-da zəng gəldi. Ceyhun idi. Maşında yol gedirdi sanki. Dedi, uşaqlar necədi? Dedim, çox sağ ol, sən necəsən, hara gedirsiz? Cavab vermədi sualıma. Dedim, deyirlər müharibə başlayıb, düzdür? Dedi, sən işində ol heç nəyə görə də narahat olmayın. Dedi, maşını dostumgilə qoyacam bilin ki oradadı. Dedim bunu mənə niyə deyirsən, özün gələndə götürüb gələrsən. Dedi, deyirəm də, deyirəm ki, biləsiz. Sağollaşdı! Sonra nə qədər zəng etdimsə zəng çatmadı. Artıq neçə gün idi xəbər yox idi. Dostu zəng elədi, dedi, Leyli, Ceyhunla danışmısan, hardadı, onunla danışa bilmirəm. Dedim, mən də sonuncu dəfə ayın 25-i danışmışam, sonra zəng çatmadı telefonuna. Bir xəbər bilsən mənə də deyərsən. Dedi, qardaşımı da axtarırıq görək hardadılar ondan da xəbər yoxdu. Bir həftə keçdi xəbər olmadı. Sonra həmin dostuna zəng vurdum. Dostu dedi ki, Leyli, narahat olma, gördüm yaxşıdı narahat olma, sadəcə elə yerdədi ki, orda zəng çatmır. Orada bir postu alıblar orada gözləyirlər əlaqə yarada bilmirlər sadəcə. Az da olsa rahatlaşdım. Sonra günlər keçdi yenə xəbər olmadı. Atam, Ceyhunun əmisi, qohumlar, mən gedirdik Toğanaya bir xəbər öyrənərik deyə amma yenə də dəqiq heçnə öyrənə bilmirdik. Hər dəfə deyirdilər sağdı. Ceyhuna nəsə olmağına özüm də inanmırdım. Çünki o qədər hərbinin sirrini bilirdi, o qədər səriştəli idi ki düşünürdüm ki, nə olur olsun özünü qoruyacaq və sağ salamat gələcək. Müharibə bitdi... dedilər, gələcək. Noyabrın 17-i yenə getdik Toğanaya orada təsadüfən polkovnik Manafov (adını xatırlamıram) orada idi. Bizə dedilər ki nə sualınız varsa gedin ondan soruşun. Ona yaxınlaşdıq dedi gəlin içəri keçək, keçdik içəri ad soyad soruşdu kitabını açıb baxanda rəngi dəyişdi bir az duruxdu və dedi ki itkindir həmin şəxs. Anam dedi ki, bəs neçə vaxtdır deyirlər niyə tapılmır bəs? Anam dedi, hardadı deyin, şəhid olubsa şəhidimizi verin hardadı yerini deyin daha bilək. Üzünü anama tutub dedi ki, anam düzünü bilmək istəyirsənsə Ceyhun Abbasov şəhid olub. O sözü eşidəndə sanki dünya başıma uçdu, bircə o yadımdadır ki, əllərimi başıma vurub mən övladlarıma nə cavab deyəcəm deyib ağladım. 15 gün keçmişdi həmin polkovnik atama zəng vurdu dedi Gəncəyə hospitala yolladıq şəhidin cəsədini. Atam soruşdu ki, polkovnik, dəqiq özüdü ,o da təsdiq etdi ki özüdür.
Ceyhun hərbidə işlədiyi bir vaxtdan təltifləri, medalları olub. Hərbidə göstərdiyi xidmətlərə görə Milli Ordunun 95-illiyi münasibətilə 2013-cü ildə “Milli Ordunun 95-illiyi” medalı ilə, Aprel döyüşlərindən sonra Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə medalı” ilə təltif olunmuşdu. Tovuz döyüşlərində 4 erməni məhv etdiyi üçün Zakir Həsənov mükafat vermişdi. II Qarabağ Müharibəsindən sonra isə 3 medal - “Vətən Uğrunda”, “Cəsur Döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olundu.
Ceyhun həmişə vətəninə, türklüyə bağlı biri olub. Oğlumuzun adını da bu buna uyğun Ərtoğrul qoymuşdu. Oğlumun kiçik toyunu elə qeyd eləmişdik ki, hər şey vətənpərvərliyə uyğun hazırlanmışdı. Açılış himnimizlə oldu, saray bayraqlarla bəzəndi.
Həyatda birini itirərkən insan hansısa yaşanan hadisəyə görə sevinir, düşünür ki, nə yaxşı ki bunu o yaşadı, gördü. Mən də oğlunun ilk gözəl günün bu cür qeyd edə bildiyi üçün çox sevinirəm. Bir də hansısa sözünə görə insan bəzən peşmançılıq hissi keçirir. Ceyhun hər kəsə qarşı ürəyi açıq idi, mən də Ceyhuna əsəbləşir, onu evimiz olmadığına görə günahlandırırdım. Amma indi yadıma düşdükcə kədərlənirəm. Düşünürəm ki, evimiz də olacaq, hər şey düzələcək amma Ceyhun bir daha olmayacaq. Mən bu səbəbdən onun qəlbinə heç vaxt toxunmazdım gərək.
Ceyhun layiqli vətəndaş, sözün əsl mənasında yaxşı ailə başçısı və fədakar ata olub. Mən onunla qürur duyuram. Yaxşı ki mən şəhid Ceyhun Abbasovun yoldaşıyam. Bu gün iki şəhid övladı yetişdirirəm və hər zaman çalışıram ki, onlar atalarının şəhid adını hər zaman uca tutsunlar, vətənə, millətə xeyirli övlad olsunlar".

Cəmilə Kərim

DİGƏR XƏBƏRLƏR

Top