
Bundan əvvəlki "Həccin qapısı miqat və mahiyyəti" başlıqlı yazıda miqat yerlərindən və bunun həcc ibadəti üçün əhəmiyyətindən bəhs etmişdik. Əslində miqat və ehram demək olar ki, bir-birini tamamlayan və iç-içə mövzulardır. Ötən yazıda həccin qapısı mahiyyəti daşıyan miqatdan, miqat yerlərindən bəhs etdiyimiz kimi bu yazıda da həcc və ümrənin libası olan ehramdan, ehram qaydalarından bəhs etməyə çalışacağıq.
Ehram kəlməsi lüğətdə “haram etmək, özünü məhrum buraxmaq”, həmçinin “hörmət edilməsi lazım olan zaman və ya məkana daxil olmaq və bunlara hörmət etmək” mənalarına gəlir. Ehram sözü fiqh elmində, digər bir ifadə ilə elmihal dilində isə həcc və ya ümrə etmək niyyətində olan bir şəxsin başqa vaxtlarda caiz olan bəzi hərəkət və davranışları müəyyən bir müddət ərzində, yəni həcc və ya ümrə ibadətini tamamlayana qədər özünə haram etməsi deməkdir. Ehramın mənası, həccə niyyət edən bir şəxsin normal həyatda halal olan bəzi feil, davranış və əməlləri özünə qadağan etməsidir.
Namaza başlayarkən gətirilən ilk təkbirə “iftitah təkbiri”, yəni açılış və ya başlama təkbiri deyildiyi kimi, “təhrimə təkbiri” də (yəni namaz əsnasında digər dünyəvi işləri özünə haram qılma) deyilir. Ehram sözü ilə təhrimə sözü eyniköklü sözlərdir. Bu minvalla “təhrimə” sözünün namaza, “ehram” sözünün də həcc ibadətinə qazandırdıqları mənalar bir-birinə çox yaxındır. Hətta ehram üçün “həcc ibadətinin başlama təkbiri” də deyilmişdir.
İhrama girmək; “həcc və ümrə ibadətini yerinə yetirərkən geyinmək üçün hazırlanmış ağ rəngli hər hansı tikişi olmayan bir parçaya bürünmək və ya örtünmək deməkdir. Kişilərin geyindiyi ehram paltarı iki hissədən ibarətdir. Birincisi “izar” adlanır. İzar belə sarılır və bədənin aşağı hissəsini əhatə edir. Ehramın ikinci parçasına da “rida” deyilir. Rida ilə bədənin beldən yuxarı hissəsi örtülür. Qadınlar isə ehram olaraq üz istisna olmaqla, bütün bədəni əhatə edən normal bir paltar geyinirlər. Bu zaman ayaqqabı deyil, ayaqdan tez çıxmayacaq bir formada olan yüngül ləpikdən istifadə edilir.
Ehram həcc və ümrə ibadətinin bir parçasıdır. Dəstəmaz almadan namazın digər rüknlərini yerinə yetirmək doğru olmadığı kimi, həccin digər şərtlərini yerinə yetirmək üçün də ehramlı olmaq lazımdır.
Niyyət edib ehrama girdikdən sonra edilməsi gərəkən ən birinci dini əməl “təlbiyə” gətirməkdir. Təlbiyə: “Ləbbeyk Allahummə ləbbeyk. Ləbbeyk lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə vən nimətə ləkə vəl mulk. Lə şərikə lək” deməkdir. Mənası belədir: “Ey Allahım! Əmrinə və dəvətinə tabe olaraq gəldim. Sənin heç bir şərikin və ortağın yoxdur. Həmd sənin, bütün nemətlər sənin, mülk də sənindir. Sənin şərikin yoxdur”. Təlbiyəni ehrama girərkən bir dəfə demək fərz, həcc və ümrə ziyarəti boyunca yüksək səslə təkrarlamaq isə sünnədir. Qadınlar təlbiyə gətirməyi və dua etməyi səslərini çox qaldırmadan edirlər.
Həcc ibadəti üçün dünyanın müxtəlif ölkələrindən, uzaq diyarlardan gələn zəvvarlar miqat məhəllini ehrama girmədən keçərlərsə, cəza olaraq qoyun və ya keçi cinsindən bir heyvan qurban kəsməsi lazımdır. Ancaq ehrama girmədən miqat məhəllini keçən şəxs, olduğu yerə ən yaxın miqat məhəllinə qayıdaraq orada ehrama girərsə, bu zaman cəza olaraq bir qurban kəsməsinə ehtiyac qalmır. Miqat məhəllini ehramsız keçən şəxs həcc və ya ümrə ibadətinin feil və əməllərini (həcc ibadətinin feil və əməllərinə “mənasik” deyilir) icra etməyə başlamışsa, artıq miqat məhəllinə qayıtsa belə hasil olan cəzanı yerinə yetirməsi lazımdır. İslam alimlərinə görə, zəvvarın sözügedən cəzanı ödəmək üçün maddi imkanı yoxdursa, bir qurban kəsmək əvəzinə həmin şəxsin oruc tutması və ya yoxsullara müəyyən miqdarda sədəqə verməsi də mümkündür.
Ehram mahiyyətcə maddiyyatdan uzaq, tamamilə ülvi və mənəvi bir aləmə qədəm basmağın hazırlığı və simvoludur. Oruc tutarkən əl və dillə insanlara əziyyət verməkdən, könül qırmaqdan, orucun ülviliyinə xələl gətirəcək əməllərdən uzaq durmaq lazım olduğu kimi, ehramda olan şəxs də keçici həzz və zövqlərdən, bunları xatırladıcı söz və davranışlardan uzaq durmalıdır.
Ehramda ikən saç və saqqalı qırxmaq, bığları kəsmək, ədəb yerləri və ya qoltuqaltılarının tüklərini təmizləmək, dırnaqları kəsmək, bədənin hər hansı bir yerindən tük qoparmaq qadağandır. Bəzənmək, ya da gözəl görünmək məqsədilə saç, saqqal və ya bığları boyamaq, yağ sürmək, ya da xına çəkmək, makiyaj və ətirdən istifadə etmək doğru deyil. Ehramda ikən kişilər tikişli paltar və əlcək geyinməz və başını örtməzlər. Ehramlı bir şəxsin cinsi əlaqədə olması, ya da buna səbəb olacaq feil və hərəkət etməsi qadağandır. Ehramlının silah daşıması, ov ovlaması, ya da ovçuya kömək etməsi caiz deyil. Ehramda ikən ağac və bitkiləri qoparmaqdan, onlara zərər verməkdən, insanlarla mübahisə etməkdən, pis söz və davranışdan uzaq durmaq lazımdır. Əlbəttə, sadalanan bütün bu qadağalar həyatın təbii axışının qarşısını almır. Yuyunmaq, sabundan istifadə etmək, gül qoxlamaq, zəruri hallarda milçək, çibin, ağcaqanad kimi zərərli həşəratları öldürmək kimi hallar, həmçinin bədəndə hər hansı bir yeri qaşıyarkən öz-özünə qopan tüklər sadalanan qadağaların xaricindədir.
Ehram paltarına bürünən bir şəxs göstəriş və təkəbbürdən uzaqlaşır, zinət əşyaları və sərvəti ilə öyünmür. Yaşadığı təcrübə ilə bütün insanların bərabər olduğunu öyrənir. Ölümü və ölümdən sonrakı həyatı yaxından hiss edir. Həcc ibadəti dövründə iki parçadan ibarət ağ ehram paltarını geyinən yüzminlərlə müsəlmanın mənzərəsi qiyamət günündəki məhşər meydanına bənzədilir. Çılpaq ayaqla və başı açıq halda Kəbədə Cənab Allahın (c.c) hüzuruna gəlmək axirətdə məhşər meydanının kiçik modelini ağıla gətirir. Hamı eyni geyimdədir. Burada zənginlə kasıb, güclü ilə zəif, işçi ilə məmur arasında heç bir fərq yoxdur. Hər bir müsəlman Cənab Allahın (c.c) hüzurunda zahirən eyni mövqedə və eyni səviyyədədir.
Ehram kimi sadə bir paltarla yaddaşlara, insanın ruhuna həkk olunan Cənab Allahın (c.c) hüzurundakı bu acizlik hissi və duyğusu bir insanın qazanmış olduğu ən böyük dəyərdir. İnsanın mənəvi kamilliyini itirməsinə səbəb olan ən pis vərdiş isə təkəbbür, qürur və özünü bəyənmə duyğusudur. Bu minvalla ehram libası ilə yerinə yetirilən həcc ibadəti insanın Cənab Allah (c.c) qatındakı zəifliyini, güclüzlüyünü, eyni zamanda da Cənab Allahın (c.c) əzəmət və ucalığını açıq bir şəkildə bizə göstərir.
Qeyd: Hazının hazırlanmasında “Diyanet Vakfı İlmihali” əsərindən və “Diyanet İslam Ansiklopedisi” (DİA) əsərindəki “İhram”, “Miqat” və digər əlaqəli maddələrindən istifadə edilmişdir.
Nazim Mustafayev